"İnsan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dəyərləndirilir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib. E. Süleymanova bildirib ki, Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub: "Biz penitensiar müəssisələrə də nəzarət həyata keçiririk. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Heç də bütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. Lakin Azərbaycanda hər bir kəs ombudsmana müraciət edə bilər".Ombudsmanın sözlərinə görə, ictimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir: "Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 11 min insana tətbiq olunacaq. Artıq ötən gün 350 insan azadlığa çıxıb".
sia.az