Milli-mənəvi dəyərlər və azərbaycançılıq - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Dövlət müstəqilliyini bərpa edərək, xalqımız keçmişin bütün buxovlarından azad olduqdan sonra, əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ilk gündən inkişafa mane olan ideoloji-siyasi baryerlərə sinə gərərək, Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub- saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bununla bağlı tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Heç də təsadüfi deyil ki, 2016-cı il, məhz Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdur. Multikulturalizm ölkəmizdə artıq həyat tərzinə çevrilib və bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub-saxlanılmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır.
Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. "...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan, hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Ulu Öndər Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların "Manas" eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.
Ümummilli Lider Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda, cəmiyyətin dinə bağlı durumu belə mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən, tənzim edə bilərdi. İlk növbədə, din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin antidin, ateist siyasəti yeritməməsinə insanları inandırmalı, dinin həqiqətən də, milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu, asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi. Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə "Dini etiqad azadığı haqqında" Azərbaycan Respubikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv edildi, bəzilərinə isə əlavələr edildi.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti, məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Bu gün Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Cənab İlham Əliyevlə birgə Onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik və hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək, sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı, məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Etiraf edilməlidir ki, bu gün Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir. Çünki burada bir tərəfdən milli substansiyanın özünüdərk təcrübəsi, digər tərəfdən isə bu substansiyanın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur. Əsrlər boyu Azərbaycan ərazisində müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələri yaşamalı olublar. Onlar illərlə Azərbaycanda əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar və ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq, qardaşlıq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub-saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. İndi də Azərbaycanda müxtəlif dini və etnik qruplar sülh şəraitində birgə yaşayırlar və tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub- saxlamasına əlverişli mühit yaradıb.
Bu gün ölkəmizdə multikulturalizim həm də dövlət siyasəti kimi həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Qeyd edək ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bildiyimiz kimi, möhtərəm Prezidentimiz İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan edib və Prezidentin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Yürüdülən siyasətin nəticələrindən biri olaraq, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir.
Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə, dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bu sahədə geniş təcrübə toplayıb. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur.
Azərbaycan Respublikasının ali qanunverici aktı olan konstitusiyaya əsasən, ölkəmiz demokratik-hüquqi və dünyəvi dövlətdir. Azərbaycan bütün dini etiqadlara qarşı pozitiv sekulyarizm modelini tətbiq edir. Belə ki, dövlət dinə qayğı və dəstək göstərərək, tolerantlığı din siyasətinin əsası və tərkib hissəsi kimi həyata keçirilir. Konstitusiyada tolderantlığın qorunması üçün xüsusi maddə də əks olunub. Belə ki, qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, "bütün dini etiqadlar qanun qarşısında bərabərdir." 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.
Konstitusiya ilə qorunan bu hüquqlardan yararlanaraq, Azərbaycanın hər bir vətəndaşı öz dini inancını, sosial fəaliyyətini rahat şəkildə yerinə yetirə bilir. Çünki əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün mənəvi məsələdir. Bu gün ölkədə hökm sürən ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Əgər Azərbaycanın tarixinə nəzər salsaq, görərik ki, burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və ya qarşıdurma baş verməyib, bunun tam əksi, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub və olmaqda davam edir. Müstəqilliyinin ilk dövrlərində dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı olan Azərbaycan bu gün, demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.
Bunun məntiqi nəticəsidir ki, tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyələndirən gözəl bir ənənəyə çevrilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında birgə yaşama ideyası dayanır. Bu zaman mədəni, dini, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail olmağın vasitələri tolerantlıq, qanunlara və bir-birinin azadlığına hörmət təşkil edir.
Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayyəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılmışdır. Azərbaycanın müstəqilliyi bərpa olunduğundan sonra ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb və bu siyasət ildən-ilə daha da güclənir. Azərbaycan multikulturalizm cəhətdən dünyaya nümunə olan bir ölkəyə çevrilmişdir. Azərbaycanda multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı bir dövlət kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün Azərbaycanda mədəni-etnik müxtəlifliyin qorunmasına yönələn və uğurla həyata keçrilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənələri qoruyub-saxlamağa və daha da inkişaf etdirməyə yönəlmişdir.
Beynəlxalq konfranslarda alimlər, siyasətçilər, beyin mərkəzlərinin ekspertləri tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük və tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması dünya mətbuatında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyətlərarası və dinlərarası tolerantlıq nümunəsi kimi təqdim olunur. Azərbaycanın müsbət tolerantlıq təcrübəsindən çıxış edərək, bu gün paytaxt Bakı son illər dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edərək, mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib.
Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək kifayətdir.
Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycan təkcə neft ixrac edən ölkə deyil, həmçinin Qərbin özünə multikulturalizim ənənələri ixrac edəcək bir ölkədir. Əbəs yerə deyil ki, ölkəmizə təşrif buyuran Qərb siyasətçilərinin ən çox sadaladıqları məsələlər sırasında Azərbaycanın Qərb və dünya üçün multikulturalizim nümunəsi olması vurğulanır.
Nizami Xudiyev,
YAP İdarə Heyətinin üzvü