15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində təntənəli tədbirlər keçirilib, şəxsi heyətə Ulu Öndər Heydər Əliyevin xalqımızı vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, Azərbaycan dövlətinin yaranmasında, müstəqilliyimizin qorunub- saxlanılmasındakı müstəsna xidmətləri barədə ətraflı məlumatlar verilib.
Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil edilərək, məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlandığı qeyd edilib. 23 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi ilə qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsi, xüsusilə vurğulanıb.
Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişikliklərinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, Onun diqqət və qayğısı nəticəsində mümkün olması qeyd edilib. Əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi-siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsi, beynəlxalq aləmdə yüksək nüfuz qazanması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
NƏZAKƏT