Tərtər rayonunda 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə umumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Umummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib: "Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Dahi Öndər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə, təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. O dövrdə Ulu Öndər Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Azərbaycan Respublikası, faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə Sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi".
Tədbirdə rayon prokuroru Azər Hətəmov, YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri, №Gənclər və idman idarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış edərək, Ulu Öndərin tarixi xidmətlərindən danışıblar. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə vəsiqələr təqdim edilmişdir.
Samir