"Bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən hadisələrdən ötən müddət ərzində Azərbaycan ordusunun gücü, qüdrəti və ölkəmizin siyasi iradəsi bir daha həm Ermənistan ictimaiyyəti tərəfindən, həm də Ermənistan siyasiləri tərəfindən yenidən dərk edildi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşü barədə fikirlərini bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, istər Ermənistan diplomatiyası, istərsə də Ernənistanda mövcud olan siyasilər dərk etdilər ki, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəklər: "Ona görə də rəsmi İrəvan hər nə qədər danışıqlardan imtina etməyə, status-kvonu saxlamağa cəhd göstərsə də dərk edir ki, qısa müddətdə Dağlıq Qarabağ məsələsi həll olunmasa Ermənistan bir dövlət kimi yer üzündən silinə bilər. Çünki bu proses əgər bu səviyyədə davam edərsə Azərbaycanın iqtisadi blokadası, Azərbaycanın siyasi nüfuzu, hərbi psixoloji gücü Ermənistan əhalisində ciddi hərbi psixoloji panika yaradacaq və əhali dağılacaq".H.Babaoğlu əlavə edib ki, onsuz da Ermənistan keçmiş post-sovet ölkələri içərisində ən çox miqrant verən ölkədir: "Təbii ki, belə olacaqsa ümumiyyətlə, Ermənistanda əhali qalmayacaq. Ona görə də düşünürəm ki, Ermənistanın hərbi xuntası bunu dərk etməlidir və Sankt-Peterburq görüşündə nə qədər ki, gec deyil Azərbaycanın işğal edilmiş torpaqlarından geri çəkilməklə bağlı qərar qəbul etməlidir. Hər keçən gün bizi Qarabağa bir qədər də yaxınlaşdırır və ölkəmizin qüdrəti daha da artır. Azərbaycanın xarici siyasətində əsas tezis ondan ibarətdir ki, bundan sonrakı mərhələdə biz yalnız nəticə verən danışıqlarda iştirak edə bilərik".
sia.az