18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir
Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təminatı sahəsində beynəlxalq müqavilələrə qoşularaq, bu sahədə mövcud beynəlxalq standartlara uyğun dövlətdaxili qanunvericiliyini yaradıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyulub, normativ-hüquqi sənədlər qəbul edilib. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissəsinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın adı Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşüb. Məlumdur ki, 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi. Azərbaycan BMT-nin İnsan Hüquqlarının Qorunmasına dair Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.
Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verməsini 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən konstitusiya da təsdiq edir. Konstitusiya ilə Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirdi. Təqdirəlayiq haldır ki, demokratik dəyərə və prinsiplərə uyğun hazırlanmış konstitusiyanın müddəalarının üçdə biri məhz insan hüquq və azadlıqlarına həsr edilib.
Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü Dahi Öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu Fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu təsis edildi. Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub.
Ulu Öndər tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbul olunduğu gün iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Fərmanı ilə hər il İnsan Hüquqları Günü kimi qeyd edilir.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən insan hüquqları istiqamətində ciddi işlər görülür. Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Belə ki, Azərbaycan insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki, BƏT-in 70-ə yaxın Konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm partnyorlarından hesab edilir. Azərbaycana insan hüquqlarının təminatında çox mühüm addım atıb.
Bu gün də müxtəlif istiqamətlərdə insan hüquqlarının real təminatı sahəsində Azərbaycan yeni-yeni beynəlxalq sazişlərə qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul edilir və ya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaqdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu proqram ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir və bir daha göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir.
Hazırda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı 3 minə qədər qeyri-hökumət təşkilatı mövcuddur. Ölkəmizdə müasir dövrümüzdə 55 siyasi partiya, 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları və s. vətəndaş cəmiyyəti təsisatları sərbəst fəaliyyət göstərir.
Bütün dünyaya, bir çox sahələrdə olduğu kimi, insan hüquq və təminatında da örnək olan Azərbaycan humanist addımları ilə nümunədir. Qısa zaman kəsiyində 61 əfv fərmanının imzalanması fikirlərimizi təsdiqləyir. 11 Amnistiya Aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son Amnistiya Aktının 10 min insana şamil olunması ölkəmizdə insan amilinə ayrılan diqqətin daha bir göstəricisidir.
Həqiqətən də, müasir dövrdə Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Prezident İlham Əliyevin bir əsas fikri bizim üçün çox önəmlidir ki, fəaliyyətimizin əsasında insan amili durur və bütün fəaliyyətimizin məqsədi də Azərbaycan vətəndaşı üçün, onun bu gerçəklikdə rahat və əmin-aman yaşaması üçündür.
Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər bir şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan isə Azərbaycan dövlətidir.
NƏZAKƏT