"Sankt-Peterburqda keçirilən üçtərəfli görüş aprel döyüşlərindən sonra yeni reallıqda keçirilən görüş oldu". Bunu SİA-ya açıqlamasında politoloq, Millət vəkili Elman Nəsirli deyib.
Görüşdə müzakirə edilən məsələlərin məxfi olduğunu deyən millət vəkili söyləyib ki, görüşə qiymət vermək yeganə sənəd Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin qəbul etdiyi bəyanatdır: "Təbii ki, həmin bəyanatın təhlili bir sıra nəticələrə gəlməyə əsas verir. Əvvəla həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan prezidentləri bəyan etdilər ki, bundan sonra görüşlər mütəmadi olaraq keçiriləcək. Bəyanatda həmçinin bildirilir ki, üçtərəfli görüş formatı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tamamlamaq, ona dəstək vermək mənasını kəsb edir. Biz formaca əvvəllər də olmuş, lakin yeni məzmunlu üçtərəfli görüş formatını gördük. Bundan sonra biz həm ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşləri, həm də Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün şahidi olacağıq. Rusiyanın danışıqlarda iştirakı onun münaqişənin həllində həll edici tərəf olduğunu göstərir".E. Nəsirli qeyd edib ki, prezidentlərin birgə bəyanatında diqqəti çəkən digər məqam orada bəzi məsələlərin həll edilməsinin qeyd edilməsidir: "Bəzi məsələlərin nə olduğunu dəqiq bilmək mümkün deyil. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı "münaqişənin həlli ilə bağlı bütün komponentlər hazırdır" fikrini yada salsaq ağıla gələn variant ilkin olaraq 5 rayonun geri qaytarılması ilə bağlı məsələdir. Amma hər halda bununla bağlı heç bir məlumat açıqlanmır. Düşünürəm ki, məxfiliklər açılsa Ermənistanda vəziyyət qarışa bilər. İstənilən halda Sankt-Peterburq görüşü müsbət görüşdür və bundan sonrakı görüşlərin intensiv keçirilməsi üçün münbit baza təşkil edir. Hesab edirəm ki, yaxın zamanda münaqişənin həlli ilə bağlı yeni şəraitin şahidi olacağıq. Çünki, aprel döyüşləri göstərdi ki, münaqişə heç bir halda dondurulmuş deyil, status-kvo saxlanıla bilməz və istənilən halda o dəyişməlidir. Eyni zamanda aprel döyüşləri göstərdi ki, köhnə yanaşmalarla regiona çoxsaylı səfərlər edib bəyanatlar verməklə münaqişənin həll etmək mümkünsüzdür və konkret əməli addımlara keçməyin vaxtı gəlib çatıb. Əks təqdirdə region növbəti və ya iri miqyaslı döyüşlərdən sığortalanmayıb".
sia.az