"Ermənistanın Peterburqdakı görüşlərdən sonra oradakı danışıqların məğzini dəyişməsi və razılaşdırılan məsələləri boynuna almaması gözlənilən idi. Çünki düşmən ölkə hər dəfə olduğu kimi bu dəfə də danışığa gedib, müəyyən məsələlərlə razılaşdıqdan sonra süni formada ictimai təpki yaratmağa çalışır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın görüşdə əldə edilən razılıqları təkzib etməsi, erməni xislətinin əsas göstəricisi idi: "Ermənistan rəsmiləri bununla göstərmək istəyir ki, guya onlar münaqişənin mərhələli şəkildə qaytarılmasına razıdılar, lakin ictimaiyyət bunu qəbul etmir. Sarkisyanın Peterburq görüşündən sonra Dağlıq Qarabağa səfəri də bu qəbildəndir. O bu addımı ilə guya vəziyyətlə tanış olmaq, özünü problemin həllində maraqlı tərəf kimi göstərməyə çalışır. Sarkisyan da Nalbadyan kimi danışıqlarda əldə edilən razılaşmaları təkzib edərək, Dağlıq Qarabağdakılara yalan vəd verməyə çalışır. Sarkisyan aprel döyüşlərindən sonra da artistlik edərək Dağlıq Qarabağa səfər edib, orada yaralanan əsgərlərə başqa formatda təbliğat aparmağa çalışırdı. Amma Ermənistanın bu döyüşlərdə ağır məğlubiyyətə uğraması fakt idi".E. Musayev qeyd edib ki, Azərbaycan Prezdentinin Dağlıq Qarabağ məsələsində torpaqlarımızın azad edilməsini israrla tələb etməsinin beynəlxalq aləmdə təklif formasında ortaya qoyulması Ermənistanı narahat etməyə bilməz: "Son dövrlər Azərbaycan hər vəchlə daha güclü və israrlı olduğunu sübut edir. Təbii ki bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin timsalında baş verir. Çoxları bu illərin itirilmiş olduğunu desə də aprel döyüşləri sübut etdi ki, biz zaman itirməmişik, əksinə ordumuzu gücləndirib, böyük uğurlara imza atmışıq. Bu gün haqq-ədalət, güc Azərbaycanın tərəfindədir. Ermənistan bu reallıqlardan heç yerə qaça bilməz. Azərbaycan torpaqları tezliklə geri qayıtmalıdır".
sia.az