PDF Oxu

Siyasət

  • 20

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluqçularının peşə bayramına həsr olunan "Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. Rektor ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması ilə bağlı hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açıb. Dövlət qulluqçularının peşə bayramının Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edildiyini diqqətə çatdıran rektor respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini xatırladıb.Tədbirdə akademik U.Ələkbərov "Davamlı inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında" mövzusunda məruzə ilə çıxış edib. Rektor davamlı inkişafın idarə edilməsi sahəsində Azərbaycanın qazandığı nailiyyətlərin yüksək olduğunu və bu faktın bir çox beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və BMT-nin hesabatlarında öz əksini tapdığını qeyd edib. Bildirib ki, Dünya Bankının və BMT-nin rəsmi hesabatlarında Azərbaycanın yüksək nəticələr əldə etdiyi vurğulanır və respublikamız bu göstəricilərə görə bir sıra inkişaf etmiş ölkələri, o cümlədən "Böyük yeddilik" (G7) və "Böyük iyirmilik" (G20) qrupuna daxil olan bəzi inkişaf etmiş dövlətləri qabaqlayıb. Bütün bunlar dövlət idarəetməsinin uğurlarıdır.

Prezident Administrasiyasının kadr məsələləri şöbəsinin müdir müavini Rəhim Məmmədov Azərbaycanda dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması, dövlət qulluğunun təkmilləşdirilməsi, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb. O, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığının artırılması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində böyük rol oynayır.Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlərin qəbul edildiyini və geniş hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb. Nazir müavini qeyd edib ki, müasir zamanın tələblərinə uyğun olaraq hər bir dövlət qulluqçusu innovasiya biliklərinə yiyələnməli, texnologiyalardan istifadə etmək üçün kompyuter biliklərini artırmalıdır.Sonra Akademiyanın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru professor Gülnarə Qurbanova "Davamlı inkişafın təmin olunmasında dövlət qulluqçularının yenidən hazırlanması", DİA-nın elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli "Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi" mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə dövlət qulluğu sahəsində aparılan islahatların uğurlu nəticələrindən, "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əhəmiyyətindən danışılıb. Həyata keçirilən tədbirlərin dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilib. Müasir şəraitdə sosial-iqtisadi, mədəni, siyasi sahələrdə mürəkkəb məsələləri həll etməyə qadir olan yeni gənc nəsil dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsinin uğurla həyata keçirildiyi bildirilib.Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyası Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasının "Elektron idarəetmə", "Regional idarəetmə" və "Dövlət qulluğunun təşkili və idarə edilməsi" ixtisaslaşmalarından məzun olanlara magistr dərəcəli diplomlar təqdim edilib.

AZƏRTAC

Digər xəbərlər