SİYASİ RAKURS
Bu dəfə futboldan yazacam. Yox, Avropa çempionatında qardaş və qonşu Türkiyənin uğursuz çıxışından və zəif oyunu, idman talesizliyindən deyil, futbolda olan azarkeş münasibətlərindən yazacam. Bəli, top yumrudur və onun yumru olması bəzi məsələlərdə siyasətin də yumrulaşmasına gətirib çıxarır. Halbuki siyasət dördbucaqdır və müəyyən çərçivəyə malikdir. Dördbucaq isə, yumrulaşanda yaxşı nəticə vermir, hadisələr çərçivədən çıxmağa başlayır. Siyasət hər halda idamana da bulaşıb təəssüf ki...
Nə deyirik, qoy oyunçu aparsın!
Nə isə, sözüm Avropa çempionatından olmasa da, yenə də Avropa miqyasında keçirilən digər turnirdən - Avropa Liqasındandır. Artıq neçənci dəfədir ki, püşkatmalarda Azərbaycan və qonşu Gürcüstan komandaları eyni qruplara düşür. Avropa Liqasının növbəti püşkatmasına görə, klasifikasiyalaşmış raundda "Qəbələ" və "Samtredia" klubları qarşılaşacaq. Oyunların vaxtı isə iyunun 30-na və iyulun 7-nə təyin edilib. Nə deyirik, lap yaxşı, qoy oyunçu aparsın! Amma burada bəzi şübhələr yaranmağa başlayır ki, ötən Avropa Liqası oyunlarında qonşu gürcülər bizim komandalarla görüşlərində, sözün əsl mənasında, separatçı şüarlar səsləndirib, plankartlar qaldırmışdılar. Bu, azmış kimi, dövlət bayrağımızı ayaqları altına alıb, "fəxrlə" şəkil də çəkdirmişdilər. Şübhələr də ona görə yaranır ki, axı bu kvadrat çərçivədənçıxmalar nəticəsində yumrulaşan, yaxud da qəsdən yumrulaşdırılan gürcü qonşularımızın filan yerlərinə fitil qoyanlar kimlərdir? Bəlkə burada erməni əli var? Ola bilər, əslində...
Separatçı plankartlar və "Unutmadıq. Zaqatala, Qax. 1921"...
Hər şey 2014-cü ildə başlayıb. Onda "Neftçi" komandası gürcülərin "Çixuru" komandası ilə eyni qrupa düşmüşdü. Bakıda keçirilən ilk oyunda gürcülər Azərbaycan ərazilərini Gürcüstan ərazilərinə daxil edən plankart qaldırmışdılar. Stadionun mühafizəsi və polis dəstələrimiz həmin rüsvayçı plankartı yığışdırsalar da, artıq gürcülər etdiklərini etmişdilər!
Tbilisidə baş tutan cavab qarşılaşmasında isə eyni plankart həm gürcü, həm də erməni (!) dilində açıldı. Demək, burada ermənilərin əlinin olması 100%-dir! Bxmayaraq ki, gürcülər (hamısı deyil-R.N.) uzun illərdir ki, Azərbaycanın çörəyini yeyirlər, bunun əvəzində isə belə bir vicdansızlığa əl atırlar. Fakt budur ki, olan yenə də oldu. Amma onu da deyək ki, "Neftçi" Gürcüstanın komandasına iki oyunun nəticələrinə görə qalib gəldi!
Ancaq bu da son deyil. Yəni məsələ yalnız erməniərdə deyilmiş...
Hadisənin üzərindən bir il keçdi və Avropa Liqasında daha bir Azərbaycan və Gürcüstan komandası püşkatma nəticəsində üz-üzə gəldilər - "Dinamo" Tbilisi və "Qəbələ".
İlk oyun Tbilisidə Boris Payçadzenin adını daşıyan stadionda keçirildi. Oyun zamanı gürcü azarkeşlər növbəti dəfə separatçılığı əks etdirən plankartlar açdılar - "Unutmadıq. Zaqatala, Qax. 1921". Nəticədə, "Qəbələ" komandasının müdaxiləsindən sonra həmin plankart yığşdırıldı. Daha xoşagəlməz hadisələr isə stadiondan kənarda baş verdi. Azərbaycanlı azarkeşləri "Ultras" deyilən radikal gürcü azarkeşləri mühasirəyə alaraq, onların əllərindən "Qəbələ" klubunun atributlarını, eləcə də Azərbaycanın dövlət bayrağını alıb, ayaqları altına atdılar!
Hadisəyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də münasibət bildirmişdi, amma nəticəsiz qaldı
Düzdür, Tbilisi "Dinamo"su azarkeşlərinin belə bir rüsvayçı hərəkətlərə yol verdiklərini qınadılar, ancaq maraqlısı odur ki, həyasızcasına iddia etdilər ki, həmin hadisələr stadiondan kənarda (!) baş verdiyinə görə, baş verənlərdə məsuliyyət daşımırlar. Gülünc bəyanatdır, deyilmi? Necə ola bilər ki, sənin oyununda və sənin meydanında sənin azarkeşlərin qonaq komandanın azarkeşlərini təhqir edir, siyasi-separatçı şüarlar səsləndirir, sonra da deyir ki, bunun mənə səxli yoxdur?!
Baxmayaraq ki, bu hadisəyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də münasibət bildirmişdi. O demişdi ki, Gürcüstan hökumətinin rəhbəri kimi qətiyyətlə bəyan edir ki, dövlət bənzər təxribatları törətməyə və strateji əməkdaş, dost Azərbaycanla münasibətləri pozmağa yönəlmiş addımların atılmasına imkan verməyəcək. Qaribaşvili onu da bildirmişdi ki, ölkəsinin daxili işlər nazirliyinə bu təxribatları törədənlərin axtarılaraq tapılmalarına, qanun qarşısına çıxarılmalarına tapşırıq verib. Fəqət, bu sözlər nəticəsiz qaldı və kimsə cəzalandırılmadı...
Borçalı, Sarvan, Bostandərə..!
Əlbəttə, gürcü azarkeşlərinin məlum təxribatları cavabsız qala bilməzdi. Tbilisi "Dinamo"su ilə cavab oyununda - Qəbələdə azərbaycanlı azarkeşlər tarixi həqiqətləri əks etdirən şüarlar qaldırdılar. Borçalı (Aşağı Kartli), Sarvan (Marneuli), Bostandərə (Rustavi) haqqında xatırlatmalar edilən şüarlar qaldırıldı...
Təbii ki, əgər gürcü "azarkeşlər" ilk olaraq bənzər addımlar atmasaydılar, insanları təxribata çəkməsəydilər, bu da baş verməzdi. Çünki Azırbaycan xalqı bütün mənalarda dözümlülük nümayiş etdirməyi bacarır. Ancaq səbr kasasının dolduğu həddə qədər!
Beləliklə, maraqlıdır, bu dəfə necə olacaq? Gürcü furbol azarkeşləri bu dəfə də təxribatlara uyub, Azərbaycana qarşı mənfur əməllərini törədəcəklərmi? Əgər hadisələr yenidən təkrarlanarsa, bu, ilk növbədə bizi özünə dost, strateji tərəfdaş adlandıran Gürcüstana ciddi zərbə və problem olacaq.
Yeri gəlmişkən, Gürcüstan artıq uzun illərdir ki, Azərbaycanın çörəyini yeyir. Çünki Azərbaycan dostunu heç vaxt darda qoyan dövlət deyil. Eləcə də Azərbaycan çörəyi minnətlə, sünnətlə verən ölkə deyil! Təəssüf ki, bəzi gürcülər bunu qanmır, qandırmır, yaxud da özlərini qanmazlığa vuraraq, yuxarıda deyildiyi kimi, çərçivəli siyasətin çərçivədən çıxmasına rəvac verirlər, onu yumrulaşdırırlar. İnanmaq istərdik ki, bu dəfə o dəfəki kimi olmayacaq...
Rövşən NURƏDDİNOĞLU
P.S. Gürcüstan gürcü dilində Sakvartelo adlandırılır. Ancaq yazızarafat, yarıgerçək bəzi gürcülər ölkələrinə SOCARtvelo da deyirlər. Yəni orada fəaliyyət göstərən milli şirkətimiz SOCAR-a görə. Bu şirkət Gürcüstanın, demək olar ki, bütün sahələrində qonşu respublikaya yardımlar edir, ölkənin ayaqda qalması üçün dost əlini uzatmağı əsirgəmir. Amma onların bəziləri buna necə cavab verir, bax, bu, anlaşılmazdır...