Nəsimi rayon ictimaiyyəti Müdafiə Nazirliyinin Goranboy rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb. Qonaqlar əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olub, əsgərlərimizin xidməti, məişət şəraiti, əsgər kazarmaları və yeməkxana ilə də tanış olublar.
Təntənəli görüşdə çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov Silahlı Qüvvələr Günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. A.Əsgərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi islahatlar və iqtisadi inkişaf respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, ölkəmizin demokratik imici günbəgün möhkəmlənmiş və bu proses Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla davam etməkdədir. Rayon rəhbəri, onu da vurğulayıb ki, bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi: "Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir".
Qonaqlar Nəsimi RİH-in hədiyyələrini, rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib.
Sonra hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib və rayon icra hakimiyyəti rəhbərliyi ilə hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsindən danışıb.
Sonda xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon icra hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. Eyni zamanda, hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb, həmçinin hərbi hissə tərəfindən incəsənət xadimlərinə də Fəxri Fərmanlar təqdim olunub.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
Ü.ƏSGƏROV