Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş "Səbailli gənclər nakomanlığa yox deyir!" mövzusunda tədbir keçirilib. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbiri Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev qeyd etmişdir ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Eldar Ağayev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışıb və bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Buna görə də, son vaxtlarda Səbail rayonunda narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Keçirilən tədbirlər epizodik deyil, konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov, İçəri şəhər "Həzrət Məhəmməd məscidi"nin axundu Hacı Sadiq Əsgərov, Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçuyeva, Bakı şəhər Narkoloji Dispanserin baş həkim müavini Bilal Əsədov, Səbail rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Bəhram Qasımzadə, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Respublika QİÇI Mərkəzinin əməkdaşı Cavid Cahangirli, ADPU-nun professoru Vəli Əliyev, XXI Əsrin Qadınları İB-in sədri Mahirə Əmirhüseynova və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, onların təklifləri dinlənilərək, sualları cavablandırıldı.
Ü.ƏSGƏROV