"Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Sank-Peterburq görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Sədrin sözlərinə görə, hətta Azərbaycan tərəfinə hansı güzəştlərin edildiyi barədə, Azərbaycan və Rusiyanın razılığa gəlməsi, Ermənistanın isə kənarda qalması ilə bağlı müxtəlif fikirlər söylənilir: "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da açıqlama verdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli planı razılaşdırılıb. Yəni əvvəlcə 5 sonra isə 2 rayon qaytarılacaq. Bu açıqlamadan sonra mən dərhal erməni mətbuatını izlədim. Ermənistan xarici işlər naziri Edvard Nalbadyan isə açıqlama verdi ki, bütün söylənilənlər yalandır və s. Amma ən azından prezidentlərin görüşündə Azərbaycan öz haqlı mövqeyini ortaya qoydu. Rəsmi Bakı Rusiya prezidentinin iştirakı ilə açıq şəkildə bildirdi ki, bizim şərtimiz odur ki, erməni hərbiçiləri Azərbaycan ərazilərindən çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin böyük hərbi təlimləri keçirildi. Oradakı görüntülər bir növ müharibəyə yaxın idi. İndi biz Rusiyanın Azərbaycanla hesablaşmasını gözləyirik".
sia.az