"Türkiyə bütün ölkələrlə münasibətlərinin normal inkişaf etməsinə çalışır"
"Türkiyə ilə Rusiya siyasi və iqtisadi cəhətdən bir-birinə çox inteqrasiya olunmuş ölkələrdir. Bu ölkələr arasındakı siyasi münasibətlər son vaxtlar heç özlərinin də istəyi olmadan Su-24 təyyarəsi ilə bağlı baş vermiş hadisə nəticəsində gərginləşib. Siyasi münasibətlərin pozulması və uzun çəkməsi hər iki ölkənin iqtisadiyyatında çox böyük mənfi təsirlərlə özünü göstərməkdə davam edir. Həm də qloballaşan dünyada tək yaşamaq qeyri mümkündür". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.O qeyd edib ki, Türkiyə bütün ölkələrlə münasibətlərinin normal inkişaf etməsinə çalışır: "Bu, son günlər İsrail-Türkiyə münasibətlərində olan istiləşmədə də özünü göstərir. İndi isə Rusiya ilə münasibətlərin bərpa edilməsi istiqamətində müəyyən addımlar atılır.Türkiyənin Rusiyaya üzürxahlıq addımını da çox müsbət dəyərləndirirəm. Rusiya Türkiyənin bu addımını gözləyirdi və düşünürəm ki, burada maddi zərərlərin ödənilməsi böyük rol oynamır. Əsas məsələ siyasi jestlərin olunmasıdır. Fikrimcə, bundan sonra iki ölkə arasındakı münasibətlər istiləşməyə, inkişafa doğru irəliləyəcək. Türkiyə - Rusiya münasibətlərinin bərpası bütövlükdə regiona öz müsbət təsirini göstərəcək".Millət vəkili bildirib ki, hər iki ölkə böyük iqtisadi və hərbi potensiala malikdir. Onun sözlərinə görə, Türkiyə- Rusiya münasibətlərinin bərpası regionda siyasi sabitliyin təmin olunmasında və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində öz müsbət təsirini göstərə bilər.
sia.az