PDF Oxu

Siyasət

  • 28

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

İlham Əliyev: "Bu gün ordumuz güclü ordular sırasındadır"

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.

Silahlı qüvvələrin yaradılmasının 98-ci ildönümü münasibətilə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşündə bu gün ordumuzun maddi-texniki təchizat baxımından güclü ordular sırasında olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində əldə etdiyimiz texnika və silah-sursat ən yüksək standartlara cavab verir.

Dövlət başçısı bu gün ordumuzun yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə etdiyini, yəni ordumuzun bütün ehtiyaclarının təmin edildiyini diqqətə çatdırıb. "Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilibdir və biz burada iki məqsədi güdürük - ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən, onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar".

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır: "Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub".

Azərbaycan Ordusu dünyanın güclü orduları reytinq siyahısına görə, 106 ölkə arasında 50-ci yeri tutub

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Ümumiyyətlə, ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir.Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tutulmuş hərbi xərclər Ermənistanın, ümumilikdə, dövlət büdcəsindən 2 dəfə çoxdur. Daha dəqiqi desək, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Məhz hərbi büdcəyə dövlətin diqqətinin nəticəsidir ki, Azərbaycan xaricdən güclü hərbi texnika almaqla yanaşı, eyni zamanda bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 700 adda hərbi məhsul istehsal edilir.

Ancaq Ermənistanın 2013-cu il dövlət büdcəsinin, bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.

Sadalanan faktları, Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Belə ki, bu dünya ölkələrinin ordularının reytinqi ilə bağlı "Global Firepower" təşkilatının açıqladığı siyahıda 106 ölkə arasında Azərbaycan 50-ci yer alıb.

İşğalçı Ermənistanın cəbhə bölgəsindəki təxribatlarında məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır

Xüsusilə, son vaxtlar işğalçı Ermənistanın cəbhə bölgəsindəki təxribatlarında məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır. Ancaq adət halı almış Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə, siyasi dairələrə etdiyi çağırışları, həmişə olduğu kimi, nəticəsiz qalmaqdadır. Daha dəqiq desək, bu nəticəsizlik Sarkisyan rejimini daha da azğınlaşdırır ki, belə azğınlıq ona baha başa gəlməkdədir.

Apreldə baş verən hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarətilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən silahlı qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək, daha bir sınaqdan üzüağ çıxdı.

Azərbaycan xalqı xoşbəxtdir ki, əlində silahı gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır. İşğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə, təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər