PDF Oxu

Siyasət

  • 16

Samuxlular 26 İyun Silahlı Qüvvələr Gününü qeyd ediblər

Samuxlular 26 İyun Silahlı Qüvvələr Gününü qeyd ediblər

Samux rayon Heydər Əliyev Mərkəzi Samux rayon icra hakimiyyətinin, Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunub. Azərbaycan torpaqlarının azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizə aparmış şəhid və qazilərimizə ehtiram əlaməti olaraq "Qəhrəmanlıq Səlnaməsi" adlı "Azərbaycan Bayrağı" ordenli, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovla görüş keçirilib. İlk öncə qonaqlar və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirilib. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, İbad Hüseynov hər bir azərbaycanlının milli qəhrəman kimi qəbul etdiyi qəhrəmandır: "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş və Qarabağda soydaşlarımıza dəhşətli işgəncələr vermiş, türklərin düşməni olmuş "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanı məhv etmiş qəhrəmanımız İbad Hüseynovla "qəhrəmanlıq və vətənpərvərlik simvolu" keyfiyyətində görüşümüzdür. 26 iyun Milli Ordunun yaranması günü ərəfəsində görüşümüzün keçirilməsinin də rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırımına məruz qalmalarına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq. Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş Mübariz, Fərid kimi qəhrəmanları var və Vətən müdafiə olunur və biz daim mübarizəyə aparmağa, torpaqlarımızı azad etməyə hazırıq".

Sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə əfsanəvi kəşfiyyatçı, Türk dünyasının qəhrəmanı, vətənpərvərlik örnəyi, dəyərli Azərbaycan övladı olan İbad Hüseynovun vətənpərvərliyinin təbliği və təşviqi yönümlü maarifləndirici əhəmiyyətli görüşü unudulmaz və yaddaqalan hadisə kimi dəyərləndirib. Tədbirdə "Atilla" jurnalının baş redaktoru, milli qəhrəmanın mətbuat katibi Gülşən Behbud, Gəncə Dövlət Universtetinin dosenti Ziyafət Bayramova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət komitəsinin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev, Gəncə Dövlət Universtetinin tələbəsi Aysel Cəfərova və başqaları Qarabağ yarasını ürəyində, qisasını gözlərində gəzdirən İbad Hüseynov haqqında çıxış ediblər.

Çıxışlardan sonra rayon icra hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Azərbaycan Bayrağı" ordenli qəhrəman İbad Hüseynova xatirə hədiyyəsi təqdim olundu.

Sonra İbad Hüseynov qəhrəmanlığını əks etdirən "Türk Dünyasının Qəhrəmanı" adlı kitabı rayon icra başçısına və mərkəzin direktoruna hədiyyə edib.

Tədbir uşaq və gənclərin vətənpərvərlik ruhunda hazırladığı mahnı və kompozisiyalarla davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər