"Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Türkmənistan Elmlər Akademiyasında keçirilmiş "Elm Günü"ndə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli təmsil edib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycandan başqa dünyanın 14 ölkəsindən - Amerika, Rusiya, Yaponiya, İspaniya, Hindistan, Pakistan, İran, Çexiya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstandan gəlmiş akademik qurumları və universitetləri təmsil edən tanınmış elm adamları Türkmənistan Elmlər Akademiyasının Texnopark şəhərciyində yaradılmış elm-istehsalat birliklərinin işi və ölkə elminin ən son nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Sonra Akademiyanın Texnopark şəhərciyindəki akt zalında "Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Türkmənistan Elmlər Akademiyasının prezidenti və müxbir üzvü Meret Aşırbayevin sədrlik etdiyi plenar iclasda 8 ölkəni təmsil edən alimlərin və elm təşkilatçılarının elmi məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda "Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" mövzusunda elmi məruzə ilə çıxış edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin "Divan"ının Bakı nəşrinin ədəbi-tarixi əhəmiyyətindən danışaraq, bu müştərək nəşri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Türkmənistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb.
Konfransda çıxış edən Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru və müxbir üzv Annaqurban Aşırov, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Qızılgül Kiyasova və başqaları Məhdimqulu Fəraqinin nadir "Divan"ının Bakı nəşrinin əhəmiyyətindən bəhs edərək, qarşılıqlı əlaqələrin perspektivlərindən söz açıblar.
Sonda görkəmli türkmən Məhdimqulu Fəraqinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş nadir "Divan"ı Türkmənistan Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasına təqdim olunub.
R.HÜSEYNOVA