PDF Oxu

Siyasət

  • 23

Rüstəm İbrahimbəyov Əli Kərimlinin düşməni ilə niyə görüşdü?

Rüstəm İbrahimbəyov Əli Kərimlinin düşməni ilə niyə görüşdü?

Yaxud Sahib Kərimovun Moskva planları

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış funksionerlərindən olmuş Sahib Kərimov bu günlərdə Moskvaya səfər edib və "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovla görüş keçirib. Maraqlısı da odur ki, bu görüşü açıq-aşkar, heç bir gizlilik proseduru göstərmədən mətbuata sızdıran AXCP-nin rəyasət heyətinin üzvü S.Kərimov üzdə həmin görüşün AXCP və "Milli Şura" ilə bağlılığının olmaması ilə əlaqələndirsə də, deyib ki, adıçəkilən qurumun "fəxri sədri" ilə müzakirələr aparıb. Məhz belə olan halda, narazı cəbhəçinin həmin görüşün AXCP və onun sədri Ə.Kərimli ilə bağlı olmadığını bildirməsi heç də inandırıcı görünmür.

Sahib Kərimli AXCP-nin layiqli idarəçiyə layiq olduğu iddiasını dəyişməyib

Xatırlatmaq yerinə düşərdi ki, S.Kərimov AXCP-nin sonuncu qurultayında sədrliyə namizədliyini irəli sürsə də, sonradan namizədliyini geri götürüb. AXCP sədrinin qurultaydakı sədr seçkilərində onunla mübarizədən çəkindiyini iddia etmiş S.Kərimov hələ o vaxt bir çox ittihamlar səsləndirərək demişdi: "Ciddi basqılar və təhdidlər altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə, bu qədəri mümkün oldu. Ə.Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim."

S.Kərimov Ə.Kərimlinin antidemokratik və avtoritar üsullarla, daha dəqiq desək, saxtakarlıq yolu ilə yenidən sədr seçildiyini nəticə etibarilə belə ifadə etmişdi: "Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Ə.Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə, namizədliyimi geri götürdüm. Gizli səsvermə, ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa ( bu ortamda bu qədəri mümkün idi ) çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir."

İbrahimbəyov Rusiyadan Kərimliyə sərf etməyən bəyanatlar səsləndirməyə başladı ki, bununla onun AXCP sədri ilə münasibətləri birdəfəlik dalana dirəndi

Beləliklə, bütün bunlardan sonra Kərimovun özünə, yumşaq mənada desək, opponent (əslində, düşmən-R.N.) elan etdiyi Kərimliyə qarşı yeni hücum planı hazırlaması daha real görünməkdədir. Bunun üçün isə Moskvaya səfər edib R.İbrahimbəyovla görüşməsi bir sıra detalları üzə çıxarmış olur. Məsələn, bəllidir ki, Ə.Kərimli hələ "Milli Şura" təsis edildiyi vaxtlardan bu quruma sədr olmağa çalışıb. Hətta Müsavat partiyasının sabiq başqanı İ.Qəmbər də adıçəkilən qurumda təmsil olunarkən, onun da sədrliyə iddialı olmasını yaxşı bilən AXCP sədri ciddi-cəhdlə mübarizə aparırdı. Ancaq sonradan R.İbrahimbəyov, onun ardınca isə C.Həsənli amillərinin ortaya çıxması onun planlarını təxirə saldı. Sonradan R.İbrahimbəyov Rusiyadan Ə.Kərimliyə sərf etməyən açıqlamalar, bəyanatlar səsləndirməyə başladı ki, bununla, onun AXCP sədri ilə münasibətləri birdəfəlik dalana dirəndi.

Sahib Kərimova pul lazımdır, Rüstəm İbrahimbəyov isə bunun üçün əla mənbədir

Nəticədə, Ə.Kərimli koordinasiya şurasının toplantılarının birində "fəxri sədr" postunun "Milli Şura" üçün heç bir önəm kəsb etmədiyini də dedi. Bu, onunla İbrahimbəyov arasındakı münasibətlərinin sonunun aşkar göstəricisi idi.

Məhz belə bir məqamda Kərimlinin düşməni S.Kərimovun R.İbrahimbəyovla görüşüb müzakirə aparması deməyə kifayət qədər zəmin yaradır ki, necə deyərlər, bu aş o aşdan deyil…

Yəni yaxınlarda Ə.Kərimliyə qarşı çox kəskin hücumların baş verməsi gözlənilir. Bu hücumların əsas bayraqdarı isə, məhz S.Kərimov olacaq. Lakin ilk növbədə, AXCP sədrinə qarşı mübarizəni nəticəli etməkdən ötrü maddiyyata ehtiyacın duyulması şübhəsizdir. Ə.Kərimlinin patoloji nifrət etdiyi R.İbrahimbəyov isə bu məsələdə əla vasitədir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər