Cəlal Əliyev 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinə ünvanladığı ərizəsində yazırdı: "62 illik ömrüm boyu xalqa və vətənə təmənnasız xidmət göstərib sağlamlığımı, firavanlığımı, ailəmin səadətini elmə fəda etmişəm."
Fədakarlıq Cəlal müəllimin akademik obrazıydı. O, əsl fədai idi.
Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. Alim kimi də, qardaş kimi də, ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq.
Cəlal müəllim mübarizələrlə zəngin, hamımıza örnək ola biləcək və fərqli bir ömür yaşadı...
O, alim kimi fərqli və çətin bir yol seçmişdi. Hər elm adamına nəsib olmayan uğurlara imza atdı. O, bitkilərin fotosintezi və fiziologiyası sahəsində nadir bir təmayülün banisi oldu. Azərbaycanda fiziki-kimyəvi biologiyanın, molekulyar biologiyanın əsasını qoydu, öz elmi məktəbini yaratdı. Hazırda onun yetirmələri müxtəlif nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışır. Bərk buğdanın 10 dan artıq yeni məhsuldar sortunu yetişdirdi. O, elmi fəaliyyətə laborant kimi başlayıb 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 ilə yaxın bir müddətdə Əkinçilik institutunda kiçik, baş elmi işçi, Bitkilərin Fiziologiyası Laboratoriyasının müdiri işləmişdi. Onu yaxından tanıyanlar bilir ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından, 40 yaşına kimi başqa-başqa evlərdə yaşamışdı. 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, bir il sonra Biologiya Elmləri Bölməsinin akademik katibi seçilmişdi.
Cəlal müəllim fərqli, güvənc yeri olan, fəxr edilməyi haqq edən qardaş idi...
1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından da yan keçmədi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin məqalələrdə kin-küdurət, fürsətkeşlik, intiqam hissi aşıb-daşırdı. "Pravda","Sovet kəndi" və başqa qəzetlərdə Heydər Əliyevə və Onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Məqalələrin birində yazılırdı: "Rəhbər vəzifələri tutmaq üstündə Heydər Əliyevin və Kamran Bağırovun qohumları arasında bəhsəbəs düşmüşdü".
(Heydər Əliyev bu barədə belə deyəcəkdi: "Məni ittiham etmək üçün göstərmək istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif vəzifələrə qoymuşam. Hansı vəzifələrə qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi, MK-da, Nazirlər Sovetində, Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydim, bu, başqa iş. Lakin mənim bütün qohumlarım elmi işçilərdir. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım? Qardaşım Həsən Əliyevin 83 yaşı var. O 1937-ci ildən Elmlər Akademiyasında işləyir. 1952-ci ildə onu akademik seçiblər .O zaman mənim 29 yaşım var idi. Mən ən sıravi işdə idim. 17 il keçəndən sonra Azərbaycan KP MK-nın katibi oldum. Yeri gəlmişkən, mən birinci katib olanda, o, elimi-tədqiqat Coğrafiya İnstitutunun direktoru idi və təqaüdə çıxana qədər həmin vəzifədə qaldı. Beş il bundan qabaq həyatdan köçən həyat yoldaşım 1947-ci ildə Tibb İnstitutunu bitirəndə, biz hələ ailə qurmamışdıq. Moskvada göz həkimi üzrə ixtisaslaşıb, sonra aspiranturanı bitirib, elmlər namizədi olub. Biz 1954-cü ildə evlənmişik. O, təbii ki, tədricən elmin yolu ilə gedib böyük mütəxəssis olub, əməliyyatlar aparıb, baş elmi əməkdaş, dosent, professor olub. 130 elmi əsərin müəllifidir. Bizim ailədə elə gətirib ki, həm həyat yoldaşım, həm də qohumlarım elmi işçilərdir. Təkcə mənim elmi dərəcəm yoxdur. Bu da mənim günahımdır.")
Çox keçmədi ki, mətbuatdakı hücumlar öz "bəhrəsini" verdi. Heydər Əliyevin ailəsi və yaxınları təqiblərə məruz qaldılar. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olan İlham Əliyevi işdən azad etdilər. O vaxt Beynəlxalq Münasibətlər İnstitutu SSRİ Xarici İşlər Nazirliyinə tabe idi. Heydər Əliyev SSRİ xarici işlər naziri Şevardnadzeyə zəng vurub oğluna toxunmamağı xahiş etmişdi. Ancaq bu zəngin heç bir faydası olmamışdı. Gənc alim, elmlər namizədi, dosent İlham Əliyev işsiz qaldı... Heydər Əliyevin qardaşı Aqil Əliyev Tibb İnstitutunda Siyasi İqtisad Kafedrasına rəhbərlik edirdi. İqtisad elmləri doktoru idi. Onu 1988-ci il dekabrın 10-da ad günündə institutdan çıxardılar. O, düz iki il özünə iş tapa bilmədi...
Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Vətən müharibəsinin iştirakçısı idi. Azərbaycan Kommunist Partiyası MK-nın kənd təsərrüfatı üzrə katibi olmuşdu. Həsən müəllimi ömrünün son illərində, ahıl çağlarında çox amansızcasına incitdilər, şərəfinə toxundular. Təhqir etdilər.Ağsaqqal alim 1993-cü ildə ümidsizlik və ağır iztirablar içində ömrünü başa vurdu...
Cəlal müəllim Heydər Əliyevin kiçik qardaşıydı. Kiçik qardaş Heydər Əliyevə, Onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açdı. Necə deyərlər, bu dəfə daş qayaya rast gəlmişdi...
"Pravda" qəzetinin 1990-cı il 4 fevral sayında dərc edilən "Əliyevçilik, yaxud xoş əyyamların xiffəti" məqaləsində "müəllif" lap ağ eləmişdi. Məqalə tibb elmləri doktoru V.Əfəndiyevin adından getmişdi. Yazıda Heydər Əliyevi nələrdə ittiham etmirdilər. Hər şeyi Onun ayağına yazmağa cəhd göstərilirdi: tayfabazliq, yerliçilik, şişirdilmiş rəqəmlər, qadağalar və s...
Məqalədə Cəlal müəllimi də yaddan çıxarmamışdılar. "Müəllif" iddia edirdi ki, Cəlal Əliyevi Bioloji Tədqiqatlar Elmi Mərkəzinin direktoru təyin etmək üçün mərkəzin əvvəlki rəhbərini əsassız yerə həbs etdiriblər. Məqalədə vurğulanırdı: ehtiyatlı olun, Heydər Əliyev yenə rəhbərliyə qayıtmaq istəyir. "Müəllif" yazını xəbərdarlıqedici tonla tamamlamışdı. "Qaytarın bizə Əliyevi! Özbaşınalığı, gözdən pərdəasmanı, məddahlığı, xalqın mənafeyinin unudulmasını, zahiri təmtərağı, təkəbbürü, qorxu və qanunsuzluq şəraitini qaytarmaqmı?! Qaytarın bizə Əliyevi! Bu qamçı həsrətidir, xoş əyyamlar həsrətidir. Əlamətdar haldır ki, təhrikçilər arasında Heydər Əliyevin qohumları var. Akademik Cəlal Əliyev respublika EA-da keçirilən partiya konfransında qardaşını tənqid edənlərin hamısını mafioz adlandırmışdı".
Cəlal müəllimin apardığı təhqiqat nəticəsində məlum olmuşdu ki, V.Əfəndiyevin respublikada səhiyyənin problemlərinə həsr edilmiş yazısına "Pravda"nın redaksiyasında "yaradıcı" yanaşıblar. V.Əfəndiyevlə razılaşmadan mətnə yeni abzaslar əlavə edib, məqalənin mahiyyətini dəyişiblər. Cəlal müəllimin israrlı müraciətləri nəticəsində "Pravda" qəzeti 13 aprel tarixli sayında Əfəndiyevin teleqramını və redaksiyanın üzrxahlıq qeydini verməyə məcbur oldu. Cəlal müəllim dayanmaq bilmirdi. Yalnız bir dəfə - 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək imkanı qazanmışdı. Moskvada nəşr edilən "Nezavisimaya qazeta" akademikin müsahibəsini vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və Onun yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş, Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi.
"Sovet kəndi" qəzeti "Təkcə durğunluqmu?" adlı məqaləsində Həsən Əliyevin, Aqil Əliyevin, Cəlal Əliyevin "xoşagəlməz hərəkətlərindən" bəhs edirdi. Məqalədə deyilirdi: "Cəlal Əliyev olduqca qısa müddət ərzində doktorluq dissertasiyası müdafiə etmiş, akademik seçilmiş, respublikada bir sıra vəzifələri ələ keçirmişdir."
Şübhəsiz ki, bütün bunlar uydurma ittihamlar idi. Cəlal müəllim 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Göründüyü kimi, arada 16 illik fasilə vardır. Heç bir "qısa müddət"dən söhbət belə gedə bilməzdi. Həmin dövrdə Cəlal müəllimin heç bir vəzifəsi yox idi. O ,"Sovet kəndi" qəzetinə təkzib göndərsə də, redaksiya onun məktubunu dərc etməmişdi.
Belə faktlar onlara, yüzlərlədir. Məsələn,1988-ci ildə "Kommunist" qəzetində "Qərəz çaşqınlığı" adlı böhtan dolu bir yazı çıxmışdı. Əlbəttə ki, bu yazı təsadüfi deyildi. Hadisələrin gedişini izləyəndə, məlum olur ki, bir neçə gün əvvəl akademiya partiya təşkilatının konfransında tribunaya qalxan Cəlal Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri "mafiya üzvləri" adlandırmışdı və elə buna görə də "Kommunist " qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.
Cəlal müəllim redaksiyalara - MK-ya göndərdiyi məktublarda çəkinmədən, birbaşa yazırdı ki, Heydər Əliyev haqqında mətbuatda gedən yazıların əsas səbəbkarı məhz Ə.Vəzirovdur. Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər Əliyev haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq-zad verməmişəm. Cəlal müəllimin dəyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı. Elmlər Akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal müəllimdən xahiş edirdi ki, o, Vəzirovu tənqid edən çıxışlarını dayandırsın.
Cəlal müəllim yorulmadan, usanmadan mərkəzi hakimiyyət orqanlarına, qəzetlərə, jurnallara etiraz məktubları göndərirdi. O vaxt Sov İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin, SSRİ Prokurorluğunun, DTK-nın qəbul otaqlarında onu yaxşı tanıyırdılar. O, cəsarətli çıxışlar edir, qardaşına onun ailəsinə yağdırılan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı müraciətlərinin və təkziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi. Onun belə fəallığı respublika rəhbərliyini əməlli-başlı narahat edirdi. Təsəvvür edin, 1989-cu ildə "Nedelya" qəzetində dərc olunan "Şah dərzini çağırır" adlı məqalə iki il sonra "Kommunist" qəzetində yenidən peyda olur. Nə üçün?.. Məqsəd aydın idi. Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq. Görülən tədbirlər Cəlal müəllimi yolundan çəkindirə bilmədiyindən, hakimiyyət sahibləri daha konkret üsullar seçməyə üstünlük verdilər: terror.
Vətənpərvər ziyalı
Cəlal müəllimin prinsipiallığını sübut edən bir faktın üzərində, xüsusilə dayanmaq istərdim. O, yeganə elm xadimidir ki, Sov İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir. O, 1991-ci ildə Elmlər Akademiyasının partiya komitəsinə ərizə yazdı və partiyadan çıxdı. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır.
Cəlal müəllim ərizədə yazırdı: "Bütün 62 illik ömrüm boyu xalqa , vətənə təmənnasız xidmət etmişəm. Sağlamlığımı, firəvanlığımı ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir."
Cəlal müəllim 1987-93-cü illərdə yeriyən, döyüşən, canlı Heydər Əliyev Mərkəzi idi. O, Ulu Öndərin müdafiəsi naminə cəmiyyətimizin təşkilatlanmasında müstəsna xidmətlər göstərdi. Cəlal müəllim qardaşlıq anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidədaşlıq, vətəndaşlıq məqamına yüksəltdi. O, Heydər Əliyevi təkcə bir doğması kimi müdafiə etmirdi. Onun mübarizəsi məişət-qohumluq müstəvisinə sığmırdı. Cəlal müəllim Heydər Əliyevin timsalında Azərbaycan xalqının qurtuluşu uğrunda savaşırdı. O, yeri gəldikcə, onu (eyni zamanda, bizim hamımızı) narahat edən -milli taleyimizlə bağlı bəzi problemlər haqqında çox sərt danışırdı. Təhsilimiz, mətbuatımız haqqında.
Və həmişə də haqlı idi...
Mən Cəlal müəllimi bir neçə səfərdə müşayiət etmişəm. Onun qaçqınlara necə nəvazişlə yanaşdığı, onların problemlərinə təmkinlə qulaq asması hafizəmdən silinmir. O, maraqlı yol yoldaşı, sərt olduğu qədər də mülayim, incə yumor hissinə malik həmsöhbət idi.
30 iyun Cəlal müəllimin doğum günüdür.
Bu gün Cəlal müəllim xalqımızın Fəxr ünvanı olan bir müqəddəs Xiyabanın əbədiyaşar sakininə çevrilib.
Doğum günün mübarək, Cəlal müəllim!
RİZVAN VAHABOV,
YAP Siyasi Şurasının üzvü