I Beynəlxalq Dəyirmi Masanın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar
Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində təşkil olunan "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda Birinci Beynəlxalq Dəyirmi Masanın iştirakçıları və xarici qonaqlar Solmaz Rüstəmova-Tohidinin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Dəyirmi masanın xarici məruzəçiləri - ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest (İv Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev erməni terrorçuları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Maykl Günter Qubadakı, ümumiyyətlə Azərbaycandakı multikultural mühiti təqdir etdiyini, multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyini qeyd edib.
İv Benard bildirib ki, Quba Soyqırımı Memorial Kompleksində gördüyü mənzərə qarşısında dəhşət hissi keçirib: "Mən burada erməni terrorçuları tərəfindən törədilən dəhşətlərin şahidi oldum. Fransaya qayıtdıqdan sonra, erməni terrorçularının Azərbaycanda, Türkiyədə və dünyanın bir sıra ölkələrində törətdikləri terror aktları haqqında sənədlərlə tanış olaraq faktları toplayacağam, erməni terroru ilə bağlı 3-cü kitabımı yazıb nəşr etdirəcəyəm".
Qonaqlara müxtəlif illərdə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında yazılmış nəşrlər hədiyyə edilib.
ZÜMRÜD