"ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın məlum mandatı var. Bu ölkələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün həmin mandata uyğun olaraq hamının bildiyi addımları atmalıdırlar". Bunu SİA-ya açıqlamasında professor, millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, yeni müstəqil dövlətlərin ərazisində ABŞ və Rusiya arasında rəqabət olsa da, Rusiyanın iddiaları və imkanları üstündür: "1991-ci ildən sonrakı hadisə və proseslərin təhlili də göstərir ki, hələlik ABŞ bu ərazidə çoxlu səbəblərə görə Rusiya ilə rəqabətdə geri qalır, ona tab gətirə bilmir, ya da bu rəqabəti kəskinləşdirmək istəmir. Bu hal da artıq özünü təsdiq edib ki, Rusiya təşəbbüsü ələ almağa çalışan kimi, digərləri onu pozmağa və ya təsirini azaltmağa çalışırlar. Fikrimcə, bu dövlətlər rəqabət deyil, əməkdaşlıq yolu ilə münaqişəni həll etməyə, yəni işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan tamamilə, qeyd-şərtsiz çıxarılmasına, məcburi köçkünlərin evlərinə dönmələrinə, kommunikasiyaların açılmasına, etimad mühitinin yaradılmasına, daha sonra Dağlıq Qarabağ regionunun statusu məsələsinin müzakirəsinə başlamalıdırlar. Bu ölkələr mahiyyətdən - işğala son qoymaq üçün çalışmaqdan uzaq dayanıb, texniki məsələlərlə məşğul olmamalıdır".
sia.az