Bu mövzuda Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilib
"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhər icra hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Təbiət Dostları" Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə konfrans təşkil olunub. Konfransda çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın Gəncədə keçirilməsinin müsbət tərəflərindən danışıb və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "Yaşıl iqtisadiyyat"ın dayanıqlı inkişafa söykənməli olduğunu bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında vurğulayıb ki, bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb və "Yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar. Nazir müavini əlavə edib ki, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanların köməyi də lazımdır. "Təbiət Dostları" Gənclər Təşkilatının sədri Elşən Nur diqqətə çatdırıb ki, "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə, davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır.
Konfransda 4 fərqli bölmələrə görə elmi-praktik işlərin təqdimatları və müzakirələri aparılıb.
Rövşən