PDF Oxu

Siyasət

  • 16

YAP Səbail rayon təşkilatı idarə heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatı idarə heyətinin iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin geniş iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev tədbiri açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib, iclasda təşkilatın ilin birinci yarısındakı fəaliyyətinin yekunlarının müzakirə olunacağını bildirib.

Sonra YAP Səbail rayon təşkilatı tərəfindən 2016-cı ilin birinci yarısında görülən işlər, keçirilən tədbirlər barədə videotəqdimat olub.

Təqdimatdan sonra çıxış edən Ş.Hacıyev ilin birinci yarısında YAP Səbail rayon təşkilatının ərazi ilk təşkilatları ilə birgə səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Rayon təşkilatının sədri dünyada, o cümlədən Avropada və regionda yaşanan böhran, baş verən münaqişələr fonunda Azərbaycanın mətin addımlarla irəlilədiyini diqqətə çatdıraraq, onu da vurğulayıb ki, bu nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması durur.

Ş.Hacıyev ölkəmizdə mükəmməl hüquqi bazanın yaradıldığını, dinamik inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını və bunun sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların intensivləşdiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə güclü xalq-iqtidar həmrəyliyinin mövcud olmasını aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun uğurları və xalqımızın yüksək əhval-ruhiyyəsi bir daha nümayiş etdirdi.

İclasda YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, birinci yarımildə əldə olunan nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlərdən danışıb.

Sonda bir sıra ərazi ilk partiya təşkilatlarının hesabat məruzələri dinlənilib və təşkilati məsələlər müzakirə edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər