PDF Oxu

Siyasət

  • 20

Azərbaycan Ordusu hər an torpaqları işğaldan azad etməyə hazırdır

Azərbaycan Ordusu hər an torpaqları işğaldan azad etməyə hazırdır

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi"

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımların atılması, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olub. Ümummilli Liderimizin həyata keçirdiyi islahatlar nəticəsində qısa müddət ərzində ordumuz cəbhədə də uğurlara imza atıb. Atəskəsin təmin edilməsindən sonra isə ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsinə çevrilib.

Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradıb. Təsadüfi də deyildir ki, Azərbaycan Ordusunun qüdrətini cari il aprelin əvvəllərində işğalçı Ermənistan, eləcə də dünya ictimaiyyəti bir daha görüb.

Sirr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.

Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Məsələn, ABŞ-ın "U.S. News and World Report" nəşri Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına aid edib. 60 ölkəni əhatə edən və ABŞ, Rusiya, Çin Silahlı Qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan Ordusu 38-ci yerdə qərarlaşıb.

Qeyd olunur ki, ABŞ-ın hərbi xərcləri ümumi daxili məhsulun 3,5 faizini təşkil edir. Rusiyanın xərcləri 4,5 faiz, Çinin ki, isə 2,1 faizdir. Nəşrin sorğusuna əsasən, Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri nüfuzlu "Qlobal Firepower" portalının reytinqinə əsasən, Cənubi Qafqazın ən güclü ordusu olub. Hərbi büdcəsi 3 milyardı aşan Azərbaycan Ordusu müasir maddi-texniki təchizatla təmin olunub, NATO standartlarına uyğun təlimlər keçirilir və hərbi gücə görə regionun lideridir.

Azərbaycanın gəlirlərinin artması ilə paralel silahlı qüvvələrin modernləşdirilməsi, ordunun müasir texnika və silahlara təchizi işi aparılır. Bu fakt hərbiləşmə siyasəti ilə əlaqəli deyil, Azərbaycanın milli təhlükəsizliyi, regional riskləri, və ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsinin tənzimlənməməsi ilə əlaqədar olaraq atılan məcburi addımdır.

Bu mənada, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır: "Əlbəttə ki, bu prosesdə maddi-texniki təchizat mühüm yer tutur. Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da, həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir".

Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. İyunun 25-də hərbçilərlə görüşündə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu baxımdan, Azərbaycan Ordusu güclü ordular sırasındadır: "Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.

Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir".

Bir sözlə, Azərbaycan dövləti ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcək, ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər