"Təkcə "Soros Fondu"nun rəhbərinin deyil, eyni zamanda fondun vaxtilə Azərbaycanda çalışmış nümayəndələrinin də Azərbaycana qarşı qərəzli davranışları var. Buna səbəb zamanında bu insanların Azərbaycanda olan bəzi qruplarının maaliyyələşdirilməsi və faktiki olaraq qrant korrupsiya siyasəti ilə məşğul olmalarının üzə çıxmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi-ekspert Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycanın prinsipal siyasəti nəticəsində fondun planları puça çıxıb: "Vaxtilə fond tərəfindən müəyyən qruplara ayrılan vəsaitlər qarşılıqlı olaraq mənimsənilirdi. Bu vəsait imkanları əldən çıxdığı üçün Fondun nümayəndələri Azərbaycan dövlətinə qarşı qərəzli fikirlər səsləndirirlər. O ki qaldı Corc Sorosun özünə, o adam beynəlxalq səviyyəli maliyyə fırıldaqçısıdır. Onun daxil olduğu maliyyə bazarları ciddi problemlərlə qarşılaşır. Son dövrlər Corc Sorosun verdiyi açıqlamaya diqqət yetirsəniz onun nə qədər aqressiv, dağıdıcı fırıldaqçı olduğunu açıq şəkildə görmək olar. Onun məqsədi bu və ya digər ölkələrinin maliyyə bazarlarına müdaxilə etmək, onları özündən asılı vəziyyətə salmaq və nəticədə hökumətlərə təzyiq etməkdən ibarətdir. Lakin Azərbaycanda belə bir şans tanımadıqları və imkan yaratmadıqları üçün onun ölkəmizə qarşı davranışlarında aqressiya nəzərə çarpmaqdadır".Siyasi-ekspert vurğulayıb ki, nə "Soros Fondu"nun nümayəndələrinin, nə də təsisçisinin Azərbaycan haqqında söylədikləri fikirlər ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirə bilməz: "Çünki fond nəinki Azərbaycanda, eyni zamanda Avropanın özündə də hörmətdən düşüb. Şüuru olan insanlar fondun birbaşa maliyyə fırıldağı ilə məşğul olduğunu, dünyanın ayrı-ayrı ölkələrində problemlərin məhz onun fəaliyyəti nəticəsində yaşandığını yaxşı bilirlər. Ola bilsin hansısa qruplar fondun Azərbaycana qarşı fikirlərindən öz maraqları çərçivəsindən istifadə etməyə çalışsın. Lakin dünyada baş verən son maliyyə böhranı Corc Sorosun kimliyini mahiyyət etibarı tamamilə ortaya çıxartdığından düşünmürəm ki, onun fikirləri beynəlxalq ictimai rəyə təsir etsin".
sia.az