Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi şəhərdə azərbaycanlıların təhsil aldığı 30 saylı internat məktəbini himayəyə götürmüşdür. Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata görə, Daşkənddəki 30 saylı internat məktəbinin şagirdləri üçün Özbəkistanın Çervak gölünün ətrafında təşkil edilmiş yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Azərbaycanı tanıyaq" adlı tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmiz, Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri, gələcək Özbəkistan-Azərbaycan münasibətlərində bugünki nəslin rolundan danışıb.
Tədbirdə Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında ətraflı məlumat verib.
Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmiş, 30 saylı internat məktəbinin şagirdləri musiqilər ifa edərək, öz istedadlarını nümayiş etdiriblər.
Uşaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sovqatları, kiçik bayraqlar və ölkəmizin mədəniyyətinə dair kiçik suvenirlər hədiyyə edilib.
ZÜMRÜD