2 İyul - Azərbaycan Polisi günü ilə əlaqədar Səbail rayon polis idarəsində Səbail rayon icra hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyəti və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli toplantı keçirilib. Toplantıda çıxış edən Səbail rayon polis idarəsinin rəisi, polis polkovniki Əli İbrahimov Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli Sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində Müstəqil Azərbaycanın polis orqanlarının yaradıldığını bildirib.
Ə.İbrahimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin polis orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yerişdirilməsindən danışaraq bildirmişdir ki, məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur: "Ulu Öndərin siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri ilə polisin maddi texniki bazası daha da möhkəmləndirilmiş, ona olan diqqət daha da artmışdır".
Əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışıb.
Tədbirdə Səbail rayon polis idarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunubdur.
Ü.ƏSGƏROV