Azərbaycan polisi asayişin təməli təminatçısıdır
18 ildir ki, şərəfli yol keçən Azərbaycan polisi iyulun 2-də peşə bayramlarını qeyd edir. 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldıqdan sonra, fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin bşçılığı ilə hökumət təşkil edilir və o, eyni zamanda, cümhuriyyətin ilk Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. 1918-ci il iyunun 24-də AXC milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan idi.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq-mühafizə strukturlarından da yan keçməmişdi. Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoydu. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olundu.
Azərbaycan polisinin fədakarlıq nümunəsi
Bu gün hüquqi-demokratik dövlət olan Azərbaycanda bütün məsələlər, məhz qanunlar əsasında tənzimlənir. Ölkə Prezidenti çıxışlarında Azərbaycan dövlətinin və xalqının keşiyində fədakarlıqla dayanan seçilmiş polis əməkdaşlarını daima müdafiə edəyəcəyini dəfələrlə vurğulamışdır: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edir. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm".
Məhz Azərbaycan polisi də ictimai sabitliyin təmin olunması naminə aparılan hər hansı əməliyyatlarda itki versə də, üzərinə düşən vəzifənin öhdəsindən qətiyyətlə gəlir. Elə ötən il Azərbaycan polisinin Bakının Nardaran qəsəbəsində ictimai-siyasi sabitliyin təminatı naminə nümayiş etdirdiyi fədakarlığı xüsusi xatırlatmaq yerinə düşər. Həmin vaxt Bakının Nardaran qəsəbəsində baş verənlər dini ekstremizmin nəinki vətəndaşların, ümumən dövlətin təhlükəsizliyinə ciddi təhdid olduğunu bir daha təsdiqlədi. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi çevik tədbirlər nəticəsində Azərbaycanın dövlətçiliyinə qarşı qəsd yolu tutan, onun konstitusion dövlət quruluşunu dəyişdirməyə can atan, bütöv bir qəsəbədə insanların iradəsinə zorla təsir göstərməyə çalışan təxribatçı qrup zərərsizləşdirildi, orada sağlam ab-hava yaradıldı və qanunların aliliyi təmin edildi.
Göründüyü kimi, bütün bunlar Azərbaycan polisinin vətəninə və dövlətinə sədaqətli xidmət amalının ən bariz göstəricisidir. Bu faktlar vətəndaşların polisə inam və etimadını daha da artırır, insanlar özlərini daha təhlükəsiz, daha güvənli bir cəmiyyətdə hiss edirlər. Polis ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu və hüquq qaydalarını təmin etmək kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlir.
Prezident İlham Əliyev daxili işlər orqanlarına daim böyük önəm verir
Prezident İlham Əliyev son 13 ildə daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşaraq, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları son dövrlərdə davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşmişdir.
Göründüyü kimi, bu gün hər bir vətəndaş əmindir ki, fəaliyyətinin 98-ci ildönümünü qeyd edən Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyində, dövlətin etibarlı mühafizəsindədir.
RƏFİQƏ HÜSEYNOVA