Prezident İlham Əliyev heyvandarlığın inkişafı, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsilə əlaqədar imzaladığı sərəncamlarla 18,4 milyon manat vəsait ayırıb
Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dəstək məqsədilə iki mühüm sənəd imzalayıb. Birinci sənəd heyvandarlığın inkişafı ilə bağlı imzalanmış Sərəncamdır. Belə ki, ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biri və bu sahədə yeni yaradılan, müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaq. Məhz Prezident İlham Əliyev mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayırıb.
Eyni zamanda, Prezident İlham Əliyev ikinci Sərəncamla əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsilə əlaqədar olub.
Sirr deyil ki, son illərdə Azərbaycanda əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılıb, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılıb. Prezident İlham Əliyev bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayırıb.
Göründüyü kimi, Azərbaycanda aqrar sektorun intensiv inkişafı üçün lazımi şəraiti qurmaqdadır. Əlbəttə ki, son illər ərzində dünya miqyasında böhranın baş verməsi, ərzaq təhlükəsizliyi məsələsinin aktuallaşması kənd təsərrüfatının daha sürətli və yeni texnologiyalar əsasında inkişafını zəruri edir. Bu mənada aqrar sektorda əsaslı dəyişikliklər baş verir, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşır, normativ-hüquqi baza təkmilləşdirilir.
Azərbaycan hökuməti 2020-ci ilə kimi ümumi daxili məhsulunun həcmini 2 dəfə artırmağı və iqtisadi artımın böyük hissəsinin qeyri-neft sektoru hesabına təmin olunmasını hədəf seçib. Qeyri-neft sektorunun strukturunda isə ən perspektivli sahələrdən biri isə kənd təsərrüfatı hesab olunur. Qarşıdakı illərdə aqrar sahədə istehsalı ən azı iki dəfə artırmağı planlaşdıran hökumət həm əkinə yararlı torpaqların həcmini çoxaltmağı, həm yeni fermer-aqrar təsərrüfatların yaradılmasını həyata keçirmək niyyətindədir.
Bütün həyata keçirilən tədbirlər bir daha əminlik yaradır ki, Azərbaycan yaxın gələcəkdə özünü bütün əsas ərzaq məhsulları ilə təmin edəcək və qarşıya qoyulmuş məqsədlərə çatacaq.