Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 5 iyul 2002-ci il tarixli Fərmanından 14 il ötür
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. O zaman yenicə müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək kimi məqsədləri reallaqdırmaq üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda Ulu Öndər Heydər Əliyev qurultayın məqsədinə, qarşıya qoyulan məsələlərə aydınlıq gətirərək, bildirmişdi ki, hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da, məhz bu məqsədi daşıyır".
Bir il sonra 5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Artıq imzalanan bu rəsmi sənəddən bu gün 14 il keçir. Tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə artmışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.
AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI HƏM KƏMİYYƏT, HƏM KEYFİYYƏT BAXIMINDAN GÜCLƏNMİŞDİ
Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Azərbaycan diasporu təşkilatlanaraq, ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diaspor siyasəti uğurlarla nəticələnir. Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərin sayına görə Azərbaycan Avropa ölkələrinin önündədir. Avropa ölkələrində Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, ölkəmizin müasir inkişaf səviyyəsi və mövcud turizm potensialı, həmçinin əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilir.
"BU GÜN DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏ TƏDBİRLƏR KEÇİRİLİR, DÜNYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN REALLIQLARI İLƏ DAHA DA GENİŞ ŞƏKİLDƏ TANIŞ OLA BİLİRLƏR"
Bu ilin 3 iyun tarixində keçirilən Dünya Azərbaycanlıların IV Qurultayı da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələrdən biri kimi yazıldı. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana - doğma Vətənə gəlmişdilər. Bu birliyin, həmrəyliyin nümayişi idi. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq" - deyərək birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".
İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirakı bu birlik və həmrəyliyin nümunəsi idi. Qurultayda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparıldı. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycan həqiqətləri haqqında dünya ictimaiyyətinə geniş informasiya verilməsinin vacibliyini diqqətə çəkərək, hazırda bizim 92 diplomatik nümayəndəliyimizin, 60 səfirliyimizin olduğunu bildirib.
Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporunun uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya apardığını və bu kampaniyanın tərkib hissəsinin Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etmək məqsədi daşıdığını bildirib: "Azərbaycanda bu illər ərzində diaspor təşkilatları ilə qurulan iş yeni bir mərhələyə gəlib çatıb. Dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir, dünya ictimaiyyəti Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış ola bilirlər".
Bəli, inanırıq ki, beynəlxalq aləmdəki Azərbaycan diasporunun fəaliyyəti bu qurultaydan sonra daha sürətlə canlanacaq.
Bu gün ölkəmizdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Prezident Cənab İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI