"Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yaxınlaşdıqca həm Rusiya, həm də Qərb mətbuatı müəyyən iddialarla çıxış edəcək və fikirlər irəli sürəcək. Təbii ki, buna normal yanaşmaq lazımdır". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Millət vəkilinin sözlərinə görə, sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi məsələsi Bişkek protokolu imzalanandan bu yana hər zaman danışıqlar proseslərində müzakirə predmetindən biri olub: "Ümumiyyətlə, Azərbaycan üçün ilkin dövrlərdə bu, xüsusi prinsipial məsələ olmayıb. Təbii ki, Azərbaycanın arzusu da ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə yalnız Azərbaycan ordusu bölgədə təhlükəsizliyi qorusun. Amma Rusiya tərəfi hər zaman xüsusi təkliflə olmasa belə, bu proseslərin fonunda həmişə bildirib ki, sülhməramlı qüvvələr hər iki tərəf üçün təhlükəsizlik baxımından yaxşı olar. Bütün bunlara baxmayaraq rəsmi Bakı üçün əsas prinsipial məsələ Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılmasıdır. Hesab edirəm ki, sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi faciəyə səbəb ola bilməz".E.Musayev əlavə edib ki, bu gün Rusiya tam olaraq Azərbaycan tərəfinə meyillənib: "Müxtəlif bəyanatlarda, müzakirələrdə, hətta danışıqlarda da Ermənistanın eyforiyaya düşməsinin əsas səbəblərindən biri məhz budur. Əsas odur ki, torpaqlarımız geri qayıtsın".
sia.az