PDF Oxu

Siyasət

  • 28

Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə və hörmətə layiqdir

Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə və hörmətə layiqdir

Prezident İlham Əliyev: "Biz istəyirik ki, islam aləmində birlik olsun, bütün dünyada anlaşma və qarşılıqlı hörmət daha da artsın"

Bu gün islam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Qərbdə isə islamofobiya meyilləri baş alıb gedir. Bu mənada, islam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həlli, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı müsəlman aləmində birlik və həmrəyliyə dərin və ciddi ehtiyac duyulur. Məhz Azərbaycan dövləti hər zaman islam dünyasında birliyin və sülhün olması üçün lazımi addımları atmış, hətta yüksək kürsülərdən çağırışlar edib.

Aydındır ki, Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir, çox böyük nüfuza və hörmətə malikdir. Elə bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün yekunları da bunu bir daha təsdiqləyir. Zirvə görüşündə Azərbaycana çox böyük dəstək verildi. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel hadisələri ilə bağlı Ermənistanın işğalçı və təcavüzkar siyasəti bütün dünya müsəlmanları tərəfindən bir daha pislənildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı və bütün müsəlman dünyası öz liderlərinin iştirakı, onların səsi ilə Azərbaycanı bir daha dəstəklədi. Bu, onu göstərir ki, cəmi 25 il ərzində müstəqil dövlət, o vaxta qədər onilliklər ərzində ateist dövlətdə yaşayan bir xalq - Azərbaycan xalqı bütün müsəlman aləmində çox böyük rəğbətə, hörmətə layiqdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı müsəlman ölkələrilə Azərbaycanın əməkdaşlığına toxunaraq deyib ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük işlər görür və bu işləri ardıcıl şəkildə aparır: "Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə çoxsaylı yüksək səviyyəli tədbirlər keçirilmişdir. Bakı şəhəri bir neçə il bundan əvvəl İslam Mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə Naxçıvan bu şərəfli missiyanı daşıyacaqdır. Azərbaycan islam dəyərlərini dünyada, xüsusilə Avropada təbliğ etmək üçün çox böyük işlər görür, sərgilər, təqdimatlar keçirir, bədii-musiqi proqramları təşkil edir. Azərbaycan birinci müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini nümayiş etdirib. Əlbəttə ki, bu, bizim siyasətimizin təzahürüdür, eyni zamanda, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz istəyirik ki, islam aləmində birlik olsun, bütün dünyada anlaşma və qarşılıqlı hörmət daha da artsın".

Sirr deyil ki, bu gün Azərbaycan bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanan ölkələrdəndir. Xüsusilə də, dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqlarının yaradıldığı, Yaxın Şərqdə ölkələrin idarəedilməz vəziyyətə düşdüyü, müharibələr alovlandığı, Avropada miqrantlarla bağlı dərin böhranın yaşandığı bir zamanda Azərbaycan tərəqqi edir, öz yolu ilə gedir. Məhz Azərbaycanın istəyi də odur ki, müsəlman dünyasında birlik və sülh bərqərar olsun. Çünki inkişaf və tərəqqi sülh və birlik şəraitində baş tutur. Bu səbəbdən də, Azərbaycan islam dünyasında sülhün təmin olunması üçün bütün səylərini davam etdirəcək.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər