"Varşavada keçirilən NATO sammiti çərçivəsində Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Lakin bu fakt nə Azərbaycan, nə də Ermənistan tərəfindən təsdiqlənməyib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.NATO sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə ediləcəyini deyən politoloq söyləyib ki, görüşlə bağlı rəsmi açıqlama verilmədiyindən orada baş verənlərlə əlaqədar konkret fikirlər söyləmək çətindir: "Deyilənlərə görə, bu görüş detallı sülh yaratmaq deyil, sadəcə tərəflər arasında etimad yaratmaq xarakteri daşıyacaq. Belə olan halda, bu görüşun Parisdə nəzərdə tutulan görüş kimi sülhyaratmaq prosesinə əhəmiyyətli töhfə verəcəyini söyləmək mümkün deyil. Amma ümumilikdə NATO sammiti Dağlıq Qarabağ münaqişəsinin həllinin tələsdirilməsi üçün bir fürsətdir. Çünki orada bu məsələnin həll edə biləcək super dövlətlər iştirak edir. NATO münaqişənin həllinə qarışmasa da sammit çərçivəsində münaqişənin həllinin, bölgədə sülh probleminin yaradılması ilə bağlı məsələlərin müzakirəsi olduqca vacibdir. Bundan başqa, sammitdə Minsk qrupunun həmsədrləri orada iştirak edir ki, onlar toplantı çərçivəsində yaranan şəraitdən istifadə edəcəklər".Qeyd edək ki, bu gün Varşavada NATO-nun sammiti başlayır. NATO-ya üzv ölkələrin liderlərinin iştirak edəcəyi iki günlük sammitdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, terrorizmə qarşı mübarizə və digər məsələlər müzakirə ediləcək.ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirakı nəzərdə tutulub.Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib.
sia.az