Bu təkrarsız, əvəzolunmaz böyük düha haqqında silsilə xatirə yazmaq mənim üçün həm çox məsuliyyətli, həm də ən şərəfli, müqəddəs bir yaddaş salnaməsidir. Mən bu xatirələrimdə çalışmışam ki, heç bir artıq əlavəyə yol verməyim. Çünki mənim bu yazımda adları çəkilən insanların, demək olar ki, əksəriyyəti sağdır və onlar Ulu Öndərlə mənim görüşlərimin şahidi olublar. Hələ ölməz Prezidentimizin mənim haqqımda elə sözləri, fikirləri olubdur ki, mən təvazökarlıq edib onları bu yazıma əlavə etməmişəm.
İLK GÖRÜŞ
1961-ci il idi. Mən Teatr İnstitutunda oxuyurdum. Atam Muxtar Nağıyev Bakıya ezamiyyətə gəlmişdi. O vaxt atam Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi idi. Mənə dedi ki, axşam səni qohumumuz Leyla xanımgilə aparacağam. Mən ondan soruşdum ki, Leyla xanım kimdir? Dedi ki, əsli-kökü irəvanlıdır. Onun atası mənim atamın həm dostu idi, həm də kirvə qohumluğumuz var idi. Axşamüstü atam Leyla xanım üçün Naxçıvandan gətirdiyi kişmişi üzümü götürüb köhnə "İnturist"dən birbaşa Zevin küçəsi- 4 ünvanında yaşayan Leyla xanımgilə gəldik. Bu ünvan mənə tanış idi. Çünki o vaxt "Ədəbiyyat və İncəsənət" qəzeti bu ünvanda yerləşirdi. Leyla xanım qapını açıb atamı görcək çox sevindi. "Ay mənim Əfşan xalamın yadigarı" deyib atamı qucaqlayıb öpdü. Biz otağa girəndə, yan otaqdan Gülarə xanım Əliyeva çıxdı və atamla mehribancasına görüşdü.
- İndi Heydər də gələcək, biz irəvanlıların paxlalı plovunu çox xoşlayır.
Az sonra Heydər Əliyev gəldi. Atamla çox mehriban görüşdülər. Biz süfrə arxasında Leyla xanımın Naxçıvan qovurması ilə paxlalı plovunu yedik. Leyla xanım atamın qardaş-bacılarının necə mehriban olduqlarından ürəkdolusu danışır, uşaqlıq və gənclik illərini vərəqləyirdi.
O vaxt Heydər Əliyevin rütbəsi polkovnik idi. Atam mənim Teatr İnstitutunda oxumağımdan, rejissor olmaq həvəsimdən söz açdı. Görkəmli rejissor Tofiq Kazımovun təşəbbüsü ilə Akademik Dram Teatrında səhnə fəhləsi kimi işə düzəlməyimdən danışdı. Mənim bu addımımı Heydər Əliyev razılıqla qarşıladı. Çünki o özü də hələ uşaq yaşlarından Naxçıvan şəhər Pioner və Məktəblilər Evində görkəmli rejissor və aktyor Miribrahim Həmzəyevin rəhbərlik etdiyi dram dərnəyində baş rollarda çıxış etmişdi. Xüsusilə, "Ağlar və qaralar" tamaşasına görə xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.
Leyla xanım atamın gəlişinə o qədər sevinirdi ki, tez-tez "Ay mənim Əfşan xalamın yadigarı" deyirdi. Sonra çay süfrəsində Heydər Əliyev anamla orta məktəbdə birgə oxumaqlarından, Pedaqoji Texnikumu əla qiymətlərlə bitirmələrindən, voleybol komandasının üzvləri kimi məşqçi İbrahimxəlil Axundovun rəhbərliyi ilə 1937-ci ildə birgə Spartakiadaya getmələrindən söhbət açdı. Heydər Əliyev atama və mənə məlum olmayan bir əhvalatı danışdı. Dedi ki, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunun buraxılış məzunlarının venetkası hazırlanan vaxt texnikumun direktoru Kazım Talıbova töhmət verilmişdi. Ona görə ki, venetkada Pakizə Abbasovanın şəkli ən yuxarıda vurulmuşdu. Pakizə xanım isə mülkədarın qızı olduğu üçün Kazım Talıbovu siyasi sayıqlığını itirməkdə günahlandırmışdılar. O isə demişdi ki, "Pakizə Abbasova həm dərs əlaçısıdır, həm də qızların içində ən gözəlidir". Bu sözdən sonra atam dönüb mənə baxdı və dedi: evimizdə olan venetkada Heydər Əliyevin şəklini sənə göstərərəm".
İndi o venetka Heydər Əliyev Fondunda nümayiş etdirilir.
İKİNCİ GÖRÜŞ
1940-1950-ci illərdə Heydər Əliyev Naxçıvanda "KQB"-də işləyən zaman onun ən yaxın dostlarından biri də İsa Məmmədov idi. O, Naxçıvan şəhər İnternat Məktəbinin direktoru, sonralar isə Naxçıvan MSSR-in mədəniyyət naziri olmuşdur.
Mən həmişə Bakıya gələndə İsa müəllim mütləq Heydər Əliyevə Naxçıvanın matahları sayılan Şahtaxtı qovunu, Nehrəm pendiri, Ordubadın gül və qoz mürəbbələrini və kişmişi üzüm göndərərdi. Mən dəfələrlə Heydər Əliyevin yaşadığı "Cənub" mehmanxanasının yanındakı evə bu pay-puşu gətirərdim. 1964-cü ilin fevral ayında mən qatardan düşüb Heydər Əliyevgilə gəldim. İstirahəi günü idi. Zəngi çaldım. Özü qapını açdı və diqqətlə mənə baxdı. "Mənə tanış gəlirsən, sən kimsən?" - dedi. Dedim Heydər müəllim, mən Muxtar Nağıyevin oğluyam, siz məni Leyla xanımgildə görmüsüz. Mən Muxtar Nağıyevin oğlu olduğumu deyəndə - "Hə, hə yadıma düşdün. Keç içəri," - dedi.
- Ay Zərifə, mən sənə bir hadisə danışmışdım ha, o xanımın oğludu - dedi.
Səhər süfrəsinə oturduq. Heydər Əliyev 1947-ci ildə anamın doğuş vaxtı vəfat etdiyini və atamın dəfn mərasimində "Pakizə, sən mənim birinci və sonuncu məhəbbətim oldun" deməyini xatırlatdı. Sonra o, İrəvanda Leyla xanımla atamgilin yaxın ailə olmaqlarından danışdı.
ÜÇÜNCÜ GÖRÜŞ
1964-cü ildə Naxçıvan MSSR-in yaranmasının 40 illiyi münasibətilə böyük hazırlıq işləri gedirdi. Çünki yubiley tədbirinə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov başda olmaqla bütün büro üzvləri və dəvət olunmuş qonaqlar Naxçıvana gələcəkdi. O vaxt Naxçıvan şəhəri ilə dəmiryol vağzalı arasındakı magistral çox bərbad vəziyyətdə idi. Ona görə də təcili olaraq yeni yol salınmalı idi. Bu yolun salınmasını Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimov atama həvalə etmişdi. O vaxt atam Muxtar Nağıyev Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar İdarəsinin rəisi idi. Yaxşı yadımdadı. Bu işi yubiley tədbirlərinə qədər çatdırmaq üçün Ordubad rayonunun çaylarından maşınlar gecə-gündüz çınqıl daşıyırdı. Gecə projektorlar altında dayanmadan iş gedirdi. Nəhayət, yubileyə qədər yeni yol inşa olundu. Bu gün də həmin yol öz gözəlliyini və abadlığını saxlayıb. Gələn qonaqlar dəmiryol vağzalında orkestr və gül-çiçəklə qarşılandı və təzə yolla şəhərə gəldilər. Yubiley tədbiri N.Nərimanov adına şəhər stadionunda keçirildi. Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimov öz çıxışında atamın az müddət ərzində ərsəyə gələn bu yolun inşaasında çəkdiyi zəhməti yüksək qiymətləndirdi və ona Naxçıvan MSSR-in Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanının verilməsi münasibətilə təbrik etdi. Mən həmin tədbirdə atamın yanında oturmuşdum. Əslində, mənim oturduğum yer atamın baş mühəndisi Həsən Salahovun yeri idi. Onu anası ağır xəstə olduğundan, mən əvəz etdim. Sonra Naxçıvan şəhər İnternat Məktəbində böyük qonaqlıq oldu. Həmin qonaqlıqda Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Hacıbaba Əfəndiyev gəlib atamla görüşdü və atamı Vəli Axundova təqdim etdi.
- Vəli Yusifoviç, bu Muxtar Nağıyevlə mən Nəriman Nərimanov adına Tikinti Texnikumunu birgə oxumuşuq. Mənim həyatda ən əziz və vəfalı dostumdur.
Vəli Axundov atamla görüşdü və yeni yolun çəkilişi münasibətilə atama təşəkkür etdi. Atam Vəli Axundovdan bacanağı Ələkbər İsmayılovu və onun həyat yoldaşı Sürəyya xanımı soruşdu. Onlara öz salamını yetirməyi xahiş etdi. Ələkbər İsmayılov vaxtilə Naxçıvanda səhiyyə naziri işləmişdi və xanımı da gözəl həkim idi. Bizim ailə ilə çox mehriban dostluq əlaqələri var idi. Oğlu Nazimlə tez-tez Bakıda görüşüb, evlərinə qonaq gedərdim.
Həmin banketdə Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov muxtar respublikamızın yetirməsi, o vaxt Azərbaycan "KQB"-nin sədr müavini işləyən Heydər Əliyevə general-mayor rütbəsi verilməsini elan etdi. Hamı bu xoş xəbəri gurultulu alqışlarla qarşıladı. Atam Muxtar Nağıyev o vaxtın ziyalıları Kazım Kazımov, Qasım Rəcəbli, Təvəkkül Heydərov, Ənvər Vəzirov və başqaları gəlib Heydər Əliyevi təbrik edib onunla xatirə şəkli çəkdirdilər. Həmin gecəni Azərbaycan KP MK-nın katibi Hacıbaba Əfəndiyev axşam qonaq evində yox, bizdə qaldı və atamla səhərə qədər söhbət etdilər.
DÖRDÜNCÜ GÖRÜŞ
1971-ci ildə mən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyirdim. İlk işim Xanımana Əlibəylinin "Dovşanın ad günü" pyesi oldu. Həmin tamaşa çox uğurlu alındı və Bakıdan gələn Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi tərəfindən bəyənildi. Bu yaxşı quruluşa görə məni Soçiyə "İzvestiya" Sanatoriyasına istirahətə göndərdilər. Sanatoriyadan qayıdıb Bakıya gələndə atamla bibim qızıgildə görüşdüm. Atam mənə dedi ki, mən bu gün Naxçıvana qayıtmalı idim, lakin Leyla xanım qoymadı. Dedi ki, bu gün nəvəmin ad günüdür, səni də özümlə aparacağam. Axşamüstü atam hədiyyə aldı və mənimlə birlikdə Leyla xanımgilə gəldik. Leyla xanım çoxlu şirniyyat bişirmişdi. Biz hər üçümüz birlikdə maşına əyləşib Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunun yanında yerləşən Heydər Əliyevin bacanağı Fərrux əminin yaşadığı evə gəldik. Biz evə yaxınlaşanda, bu vaxt Zərifə xanım və övladları maşından düşdülər. Gözlənilmədən maşının arxa qapısından Heydər Əliyev düşüb atamla qucaqlaşıb görüşdü və dedi: "Bu şair-rejissor oğlundur da?" Atam dedi bəli, teatrda işləyir.
- Mənim tədbirim olduğu üçün ad günündə iştirak edə bilməyəcəyəm. Sabah axşam tərəfi Mərkəzi Komitəyə gəl, səninlə söhbətim var.
Ad günü çox maraqlı keçdi. Belə ki, Heydər Əliyevin bacanaqları Fərrux Məmmədov, həkim Ağalı Babayev, qaynı həkim Tamerlan Əliyev atamla köhnə dostlar kimi görüşdülər. O vaxt Heydər Əliyevin kiçik qaynı Cəmil Əliyev xəstəxanada müalicə olunurdu. O, hazırda Respublika Ankoloji Xəstəxanasının baş həkimidir. Məclisin şirin yerində Amerika Birləşmiş Ştatlarından zəng gəldi. Danışan Heydər Əliyevin bacanağı böyük kimyaçı-alim Edison idi. O, ilk növbədə, Cəmilin səhhətini soruşdu. Leyla xanım isə Zərifə xanımın, Tamerlan həkimin bu gün yanında olduqlarından və Cəmilin səhhətinin çox yaxşı olmasını bildirdilər. Məclis qurtaranda mən atamdan Amerikadan zəng edən Edisonun kim olduğunu soruşdum. Atam dedi ki, o, əslən ordubadlıdır və mənim mühasibim Əlimərdanovun qardaşı oğludur. Amerikada elmi təcrübədədir.
Sabahısı gün atam Mərkəzi Komitəyə Heydər Əliyevin görüşünə getdi və istirahət günü Zuğulbada qaldılar.
BEŞİNCİ GÖRÜŞ
1971-ci ilin sentyabr ayı idi. Teatr mövsümü təzə başlamışdı. Mən Bəxtiyar Vahabzadənin "İkinci səs" pyesini tamaşaya hazırlamalıydım. Bu vaxt teatrın baş rejissoru Nəsir Sadıqzadə məni kabinetinə çağırıb dedi:
- Ramiq, tamaşanı hazırlamaqdan imtina et.
Dedim:
- Nəsir müəllim, nə üçün?
Dedi teatrın direktoru Adil Salmanov ixtisasca kitabxanaçıdır. Onu işdən çıxartdırıb xalq artisti Miribrahim Həmzəyevi yenidən teatra direktor gətirməliyik. Mən də tamaşa hazırlamayacağam. Sabahsı gün teatrın direktoru məni çağırdı və əmr etdi ki, sabahdan məşqə başla. Beləliklə, mən ortada qaldım. Vəziyyət çox gərginləşdi. Mən məcburiyyət qarşısında qalıb Naxçıvan MSSR mədəniyyət naziri, xalq yazıçısı Hüseyn İbrahimovun yanına gəldim. Ona vəziyyəti olduğu kimi danışdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsin. O, əvvəl narazılığını bildirdi. Lakin mənim qəti inadımı görüb dedi:
- Şahbuz rayon musiqi məktəbinin direktoru yeri boşdu, bəlkə ora gedəsən.
Mən dərhal razı oldum və sabahısı gün əmrimi aldım. Cəmi 10 gün idi ki, Şahbuzda işləyirdim. Bu vaxt orta yaşlı bir nəfər musiqi məktəbinə gəldi və özünü təqdim etdi: mən kənd məktəbində işləyirəm, adım da Valeh müəllimdir. Tanış olduq və gəlişinin məqsədini soruşdum. O, bacısı oğlu Şamilin şərlənib 8 il iş aldığını və dəfələrlə Heydər Əliyevə məktub yazıb, heç bir cavab ala bilmədiyini söylədi. Dedim Valeh müəllim, məktubu haradan göndərmisiz? Dedi Şahbuz rayon poçt şöbəsindən. Mən güldüm və dedim ki, o məktublar Şahbuzdan o yana çıxmayıb. Sən hadisəni olduğu kimi Heydər Əliyevin adına yaz, mən göndərərəm. O, sabahısı gün Heydər Əliyevə ünvanladığı məktubu gətirib mənə verdi. Mən məktubu oxudum və Valeh müəllimə dedim ki, narahat olmayın, mən Naxçıvandan yola salacağam. Lakin mən məktubu yola salmamış Şahbuzun ziyalıları ilə Şamil Qəhrəmanov haqqında söhbət etdim və bu hadisədə onun cinayəti olub-olmadığını soruşdum. Şahbuzun sabiq birinci katibi Mənaf Xudiyev, keçmiş rayon İcraiyyə Komitəsinin sədri Əsəd Quliyev, ziyalılardan Bayram Qurbanov, Bahadur İbrahimov mənə dedilər ki, o, cinayəti törədən rəhbər vəzifədə işləyən bir şəxsin yaxın qohumudur.
Hadisə belə olub. Dağ kəndindən "Q" adlı qız (ad şərtidir) Şahbuz rayonuna 3 aylıq satıcılıq kursuna gəlib. Həmin qız Şahbuzda qohumu olan Məhəmməd kişinin evində qalırmış. Qıza dərs keçən "D" (ad şərtidir) bu qızı yoldan çıxarır və qız hamilə olur. Rayon camaatı bilməsin deyə qızı Naxçıvan doğum evinə gətirir və təcili 20 yaşlı Şamili həbs etdirir. Hakim Şamilə şərt qoyur, ya qızla evlən ya da 8 il iş alırsan. Şamil isə bu cinayətdən xəbərsiz olduğunu söyləyir və 8 il iş almağa etiraz etmir.
Beləliklə, hakim Şamilə iş kəsib Bakı həbsxanasına göndərir. Qızı doğduğu uşaqla xəstəxanadan çıxaran həmin cinayətkar yolda uşağı çayın qırağına atıb rayona qayıdır. Bir gündən sonra çobanlar uşağı ölmüş vəziyyətdə görüb milisə xəbər verirlər.
Mən Valeh müəllimin Ulu Öndərə ünvanladığı məktubu götürüb Naxçıvana gəldim və Leyla xanıma kiçik bir məktub yazdım:
"Çox hörmətli Leyla xanım!
Salamlar. Sizə bu məktubu yazan qohumun irəvanlı Muxtar kişinin oğludur. Sizdən xahiş edirəm, siz Cəmilin canı, bu məktubu Heydər Əliyevə çatdırın. Bu kasıb oğlan günahsız həbs olunubdur".
Bu məktubdan 20 gün keçmişdi, bir də xəbər yayıldı ki, Şamili İliç rayonuna gətiriblər. Zəng ediblər ki, gəlin oğlunuzu aparın. Şamil Şahbuza qayıtdı və dedi:
- Məni Bakı həbsxanasından çıxarıb Bakı-İrəvan qatarına mindirdilər. Araz boyu yola baxırdım. Fikirləşdim ki, yəqin məni Naxçıvan həbsxanasına aparırlar. Lakin qatar tərpənəndə ürəyimə elə gəldi ki, məni İrəvan həbsxanasına aparırlar. Düzü yaman qorxdum. Sonra İliç (Şərur) rayonunda vağzalda məni düşürüb, milis idarəsinə gətirdilər və dedilər ki, evinizin telefon nömrəsini de, gəlib səni aparsınlar. Həyəcandan evimizin telefon nömrəsini yadıma sala bilmədim. Onlar Şahbuz milis idarəsinə zəng vurdular ki, qardaşlarım gəlib məni aparsınlar.
Şamilin atası Məhəmməd kişi hərbi komissarlıqda gözətçi işləyirdi. Üzündən nur tökülürdü. Çoxlu uşaqları vardı. Bütün rayon camaatının bu kişiyə böyük rəğbəti vardı. Demək olar ki, bir ay onların həyətində qonaqlıq oldu. Hər kəs öz quzusunu, çəpişini, hinduşkasını gətirib gözaydınlığı verirdi. Bir gün Naxçıvan MSSR "KQB"-nin əməkdaşı Nadir Əfəndiyev Şahbuza gəldi. O, "KQB"-nin Şahbuz rayonu üzrə kuratoru idi. Həm də bizim Naxçıvanda Sarvanlar məhəlləsində gözəl ailə başçısı olan Cəfər Həsənəliyevin qızı Lətifə ilə evlənmişdi. O, bic-bic mənə baxıb güldü:
- Deyirsən bəs elə məktub yazmağınla Şamili həbsdən azad etdilər? Heydər Əliyevin göstərişi ilə Bakıdan Şahbuza gələn "KQB" işçisi üç gün Şahbuzda mehmanxanada qalıb, camaatla söhbət edib. Həmin "KQB" işçisi guya işlə əlaqədar Şahbuz avto-təmir zavoduna ezam olunmuşdu. Mən heyrətlə Nadir Əfəndiyevə baxdım. O dedi:
- Mənimlə olan bu söhbəti yadından çıxart. Hazırlaş, sabah səninlə Bakıya gedəcəyik. Mən gəlib mədəniyət naziri Hüseyn İbrahimova əhvalatı danışdım, o, mənə ezamiyyət vərəqəsi yazdı. Mən Nadir Əfəndiyevlə Bakıya yola düşdüm.
Mən səhərisi gün onunla düz köhnə "İnturist"ə gəldik. Yer alıb səhər yeməyini yeyəndən sonra düz "KQB"-yə gəldik. "KQB"-də məni və Nadir Əfəndiyevi sədrin müavini yaşlı bir kişi qəbul etdi. Çox söhbətdən sonra hiss etdim ki, həmin cinayəti törədən adamın kim olduğunu dəqiqləşdirmək istəyir. Çünki Şahbuza ezam olunan "KQB" əməkdaşı heç bir kimsənin dilindən həmin adamın adını öyrənə bilməmişdi. Elə Şamilə şər atılıb demişdilər. Çünki hamının güman etdiyi adam vəzifəli şəxsin yaxın qohumu idi.
Mən səhərisi günü bəstəkar dostum Nəriman Məmmədovla Leyla xanımgilə getdim. Leyla xanımgildə Heydər Əliyevin İncəsənət İnstitutunda prorektor işləyən bacanağı Adil Adilovu gördüm. O, həmin Adil müəllim idi ki, pianoçu-bəstəkar Gülarə xanımın həyat yoldaşı idi. O, mənimlə çox soyuq görüşdü. Çünki sabiq rektorumuz Rahib Hüseynova mənim haqqımda xoşagəlməz sözlər demişdi.
Bu vaxt telefon zəng çaldı. Leyla xanım yan otağa keçdi. Danışığından hiss etdim ki, Heydər Əliyev nahara bura gəlir. Adil müəllim tez ayağa qalxıb, getmək istədiyini bildirdi. Adil müəllim gedən kimi mən də, Nəriman müəllim də ayağa qalxıb getmək istədik. Leyla xanım qoymadı, Heydərə demişəm ki, Muxtar kişinin oğlu Nəriman Məmmədovla bizdədir. Dedi, onlara de getməsinlər, mənim söhbətim olacaq. Mən Heydər Əliyev gələnə qədər gənc oğlan Şamilin həbsdən azad olunmasında böyük rolu olan Leyla xanıma onların ailəsi adından və öz adımdan minnətdarlığımı bildirdim.
Heydər Əliyev nahara gəldi. Nərimanı görcək mehribanlıqla görüşdü. Mənimlə görüşəndə "böyük qəhrəmanlıq eləmisən" dedi və Nərimandan o vaxt gənclikdə dostluq etdikləri Şulan Ələkbərovu, "Poka Mamed"i, Mirzə Tapdığı soruşdu. Nəriman müəllim Şulanın Gəncə Musiqi Texnikumunda işlədiyini söylədi. "Poka Memed"lə Mirzə Tapdığın Naxçıvanda sağ-salamat olduqlarını dedi.
- Muxtar Abbasoviç necədir? Yenə yol işinə baxır? Çox gözəl insan, gözəl mütəxəssisdir. Heyif Pakizədən, onun həyatını məhv elədi. Sənin anan nümunəvi xanım idi.
Sonra Heydər Əliyev mənim KQB-yə çağırılmağımdan xəbərdar olduğunu bildirdi və dedi:
- Baxmayaraq ki, heç kim o naqis adamın adını çəkmir, ancaq mənə onun kim olduğunu deyiblər. Kürəkəni vəzifə sahibidir, həm də böyük ümidverici, perspektivli ziyalıdır, getsin qurban olsun ona. Bir də ki, bu, xoşagəlməz hadisədir, respublikamızın adına ləkə gətirə bilər. Ona görə də göstəriş vermişəm, onu işdən qovub cəzalandırsınlar.
Mən Qəhrəmanov ailəsini sevindirən Heydər Əliyevə bütün Şahbuz camaatı adından minnətdarlığımı bildirdim.
VI GÖRÜŞ
1976-cı ilin iyul ayı idi. Mən dama üzrə xatirə turnirində Bakıda yarışa qatılmışdım. Məqsədim SSRİ idman ustası normasını ödəmək idi. Yarışın qurtarmasına bir gün qalmış "Bakı" mehmanxanasında atamla rastlaşdım.
- Xeyir ola, Bakıya gəlməyin - deyə soruşdum.
- Heydər Əliyev çağırıb, bilmirəm nə məsələdi? Sabah səni də aparacağam Leyla xanımgilə, orada görüşcəyik.
Axşam atam Səhiyyə işçilərinin mədəniyyət evinə gəldi. Mən son oyunumu Panamarovla keçirib, qalib gəldim və SSRİ idman ustası normasını ödədim. Köhnə "İnturist"də atam dostları Lütvəli Abdullayev, Fərrux Məmmədov, Ağaəli həkim və Novruz Kazımova gözəl qonaqlıq verdi.
Sabahısı gün günortaya yaxın biz Heydər Əliyevin qaynanası Leyla xanımgilə (o, böyük ictimai xadim Əziz Əliyevin həyat yoldaşıydı) gəldik. Leyla xanım sanki itmiş qardaşını gördü.
- Ay Muxtar, nə yaxşı ki, gəldin, görüşdük. Bir də gələndə, artıq mən olmayacağam.
Atam ona ürək-dirək verdi. Leyla xanımın evində iki qadın qonağı vardı. Onların biri Kövsər xanım Tarverdiyeva idi. Pedaqoji İnstitutda ədəbiyyat üzrə alim idi. Atamla görüşüb öpüşdü. İkinci xanım yazıçı-dramaturq Sabit Rəhmanın həyat yoldaşı İsmət xanım idi. Əslən irəvanlı idi, həm də atamgilə qohum idi. Rəhmətlik Emin Sabitoğlunun anasıydı.
Söhbət saat 6-ya qədər uzandı. Zəng oldu ki, Heydər Əliyev saat 7-də gələcək. Leyla xanımın qonaqları getdilər. Az sonra Heydər Əliyev gəldi. Atamla mehribanlıqla görüşdü. Məni görcək üzünü atama tutub dedi:
- Bildin ki, oğlun Şahbuz aşıqlarını yuxarı kürsüyə qaldırmaqla böyük qalmaqal yaradıb. Yaxşı ki, Mədəniyyət Nazirliyi bu işə qarışdı, sakitləşdilər. Bu vaxt oğlun Bakıda nə edir?
Atam dedi:
- Heydər Əliyeviç, oğlum Ramiqi təbrik elə, dünən rus daması üzrə SSRİ idman ustası normasını ödəyib.
Heydər Əliyev təəccüblə soruşdu:
- Naxçıvan hara, rus daması hara? Adətən, bu oyuna başqa millətlərin nümayəndələri maraq göstərir. Naxçıvanda məşqçin kim olub?
Dedim:
- Heydər Əliyeviç, mənim məşqçim Kuperman və Kaplanın dama üzrə nəzəriyyə kitabı olub.
Heydər Əliyev məni təbrik etdi və dedi:
- Oktyabr ayında mən SSRİ nümayəndə heyətinin rəhbəri kimi Yuqosloviyaya rəsmi görüşə gedəcəyəm. İosip Broz Tito ilə görüşüm olmalıdır. Azərbaycanın fəal gənclərindən bir qrup da o vaxt orada olmalıdır. Sabah get komsomolun Mərkəzi Komitəsinə, sənədlərin hazırlansın. Bu da idman ustası adı almağına mənim hədiyyəm olsun. Orda səni gözləyəcəklər.
Sonra atama dedi ki, Muxtar Abasoviç, artıq təqaüdə çıxmısan. Bizim istirahət mərkəzimiz var. Həm ora rəhbərlik edərsən, həm də dincələrsən. Atam minnətdarlığını bildirdi və dedi:
- Heydər Əliyeviç, siz 1969-cu ildə birinci katib seçiləndə də, məni Bakıya işləməyə dəvət etdiniz. Mən hər cümə axşamı qəbir üstünə çıxıram. Mən Naxçıvansız bir gün də qala bilmərəm. Çox sağ ol.
Sonra Heydər Əliyev xalam Mənsurə müəlliməni soruşdu və ondan incik olduğunu duydum. Qızına elçiliyə gedib. Zərifə xanım, Şəfiqə bacım yaş fərqini ortaya atıb, razılıq verməyib. Hiss etdim ki, atam bu işdən xəbərsizdir. Amma mən bilirdim ki, xalam qızı 6-cı mikrorayonda yaşayan vaxtı Zərifə xanım, Şəfiqə xanım və bu gün xalqımıza rəhbərlik edən Prezidentimiz uşaq olsa da, anası və bibisi ilə birlikdə elçiliyə gəlmişdilər.
Nə isə mən səhərisi gün komsomolun Mərkəzi Komitəsinə getdim. Məni çox hörmətlə qarşıladılar və bəzi sənədləri Naxçıvandan göndərməyi xahiş etdilər.
Oktyabr ayında biz Azərbaycanın fəal gəncləri qatarla Moskvaya yola düşdük. Qrupun rəhbəri Mərkəzi Komitənin əməkdaşı, həm də gözəl şairimiz Ramiz Məmmədzadə idi. O, həm də gözəl şairdi.
Mən o vaxt Şahbuz rayon musiqi məktəbinin direktoru idim. Bütün bakılı gənclər məni "KQB"-nin əməkdaşı olduğumu düşünürdülər. Hətta siyasi rəhbər kimi gedən polis kapitanı Alik Ramazanov da məndən əsas rəhbər kimi çəkinirdi. Biz on beş gün Yuqoslaviyada qaldıq. Heydər Əliyevin adaya gedib İosip Broz Tito ilə görüşməyini televizorda seyr edirdik.
Səhəri gün mən Naxçıvana evə zəng vurdum. Yoldaşım dedi ki, atan Bakıdadır. Leyla xanım rəhmətə gedib. Mən Bakıya gələndə, bəstəkar Nəriman Məmmədov mənə dedi ki, yasın ağsaqqalı Muxtar əmi idi. Atan məclisdə Leyla xanımın oğlu Tamerlan və Cəmillə birgə oturmuşdular. Gələnləri qarşılayıb yola salırdılar.
YEDDİNCİ GÖRÜŞ
1978-ci ildə mən artıq Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı Evinin direktoru vəzifəsində çalışırdım. Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Vahid Bağırov mənə zəng vurdu ki, saat 6-da yanımda ol. Mən saat 6-da Vahid Bağırovun yanında oldum. Heç bir söz demədən məni Vilayət Partiya Komitəsinin birinci katibi Kamran Rəhimovun yanına apardı. Mən kabinetə girəndə gördüm ki, Fikrət Əhmədov da buradadı. Mənimlə görüşdü və aşıqların qalmaqalını Kamran müəllimə danışdı. Kamran müəllim üzünü mənə tutub dedi:
- Nağıyev, səni istəyirik Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri təyin edək. Bunu katib Vahid Bağırov təklif edir. Həm də deyir sən SSRİ idman ustasısan. Bu işin öhdəsindən gələ bilərsənmi?
Mən bir az fikrə getdim. Bu vaxt Fikrət Əhmədov dilləndi. Ramiq, bizi narahat edən "Araz" futbol komandasıdır. Heydər Əliyev yoldaş deyir ki, elə bir adam tapıb qoyun ki, "Araz" komandasını bir-iki pillə yuxarı qaldırsın, lap aşağıda olmasın. Doğrudan da 21 komanda içərisində "Araz" komandası həmişə sonuncu yerdə olurdu və hər mövsüm 15-ə qədər top vurub, 100-dən artıq qol buraxırdı. Mən bir az fikrə getdim. Fikrət Əhmədov məni bir az da həvəsləndirdi.
- Aşıqları birinci yerə çıxaran adam bunun da öhdəsindən gələr, razılıq ver. 1976-cı ilin yazında Bakıda özfəaliyyəi kollektivlərinin müsabiqəsində Şahbuz rayon aşıqları Tovuz, Salyan və Qazax aşıqlarını geridə qoyub, birinci yeri tutmuşdular. Bu işdə bəstəkar dostlarım mənə üzgörənlik etmişdilər.
- Kamram müəllim, əgər mənim iki təklifimlə razılaşsanız, mən söz verirəm ki, "Araz" futbol komandasını üzümüzə gələn mövsümdə orta sıralara qaldıra bilərəm.
- Nədir iki təklifin? - deyə Kamran Rəhimov soruşdu:
- Birinci, muxtar respublikada Futbol Federasiyası yaradılsın, sədr isə ya respublikanın baş prokuroru general Həbib Rzayev olsun, ya da ki, daxili işlər naziri Sadıq Sadıqov.
Elə bu söz ağzımdan çıxan kimi Kamran müəllim telefon dəstəyini götürüb baş prokurora zəng çaldı.
- Yoldaş general, sizi təbrik edirəm, bu gündən oldun muxtar respublikanın Futbol Federasiyasının sədri. Ramiq Nağıyev adlı bir yoldaşı Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinə sədr təyin edirik. Sabah gəlib sizinlə söhbət edər.
- İkinci təklifin nədir?
- İkinci təklifim, mənim yaxın dostum Əhməd Ələsgərovu Odessadan Naxçıvana gətirməkdir. Bu təklifə Fikrət Əhmədov tez müdaxilə etdi.
- Bilirsən Nağıyev, Əhməd Ələsgərovu Heydər Əliyev yoldaş Azərbaycandan qovub, bu təklifi mən onunla razılaşmalıyam. Sabah mən Bakıdan zəng edib yoldaş Kamran Rəhimova bu təklifin nəticəsini bildirərəm. Sabahısı gün ideoloji katib Vahid Bağırov mənə zəng vurub Heydər Əliyev yoldaşın razılıq verdiyini söylədi. Bir neçə gündən sonra məni təsdiq üçün Bakıya çağırdılar. Mən Mərkəzi Komitədə Fikrət Əhmədovun müavininin (adı xatırımda deyil, ancaq onu bilirəm ki, həmin yoldaş sonralar səhiyyə naziri oldu), kabinetində oturdum. Fikrət Əhmədov bir neçə dəqiqədən sonra məni Heydər Əliyevin yanına apardı. Kabinetində büro üzvləri əyləşmişdi. Əlavə o vaxt Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləyən Gennadi Rzayev də iştirak edirdi. Heydər Əliyev üzünü büro üzvlərinə tutaraq, rus dilində dedi:
- Yoldaşlar, bu gün Naxçıvan Muxtar Respublikamızın Bədən Tərbiyəsi və İdman Komitəsinə təsdiq edəcəyimiz Ramiq Muxtar oğlu Nağıyevi mən çox yaxşı tanıyıram. Onun atası tikinti mütəxəssisi kimi həmişə rəhbər vəzifələrdə işləyib, anası ilə mən həm orta məktəbdə, həm də Pedaqoji Texnikumda birgə oxumuşuq. Ramiq Nağıyev İncəsənət İnstitutunu bitirsə də, həm də dama üzrə SSRİ İdman ustasıdır. İki il bundan qabaq o idman ustası normasını ödədiyinə görə, Azərbaycanın Yuqoslaviyaya gedən fəal gənclərdən ibarət qrupunun tərkibinə onun adını da saldırmışdım.
Mən inanıram ki, o, bu işin öhdəsindən gələcək.
Büro üzvləri razılıqlarını bildirib kabineti tərk etdilər. Məni, Gennadi Rzayevi, Fikrət Əhmədovu Heydər Əliyev kabinetində saxladı və onlara mənə yaxından kömək etməyi, idman avadanlıqları ilə müntəzəm təchiz etməyi, özünün hər kvartal Naxçıvana getməyini tapşırdı. Mən həmin görüşdə hiss etdim ki, Heydər Əliyev yoldaşın Gennadi Rzayevə xüsusi hörməti var. Çünki üzünü Fikrət Əhmədova tutub dedi:
- Siz də Fikrət Həmidoviç, təklif edirəm, Gennadi Rzayevə münasibətlərinizdə mehribançılıq yaradın.
Həmin günün axşamı Gennadi Rzayev məni və müavini Həsən Ələkbərovu şam yeməyinə apardı. İlk badəni mənim sağlığıma içdi və işdə mənə uğurlar dilədi. Sonra Rzayev mənə dedi ki, yoldaş Heydər Əliyev sonda Fikrət Əhmədova nə dedisə onu söylə, qoy Həsən Ələkbərov da eşitsin. Mən dedim yoldaş Rzayev mənim ixtiyarım yoxdur kabinetdə olan söhbəti danışam. Bu söz Rzayevə çox xoş gəldi və özü dedi: Yoldaş Heydər Əliyeviç Fikrət Əhmədov yoldaşa dedi ki, Gennadi Rzayevlə münasibətinizi bərpa edin.
Sonralar Gennadi Rzayev mənə dedi ki, Fikrət Əhmədovun ona qarşı soyuq münasibəti vardı. Mən onları Moskvada Mərkəzi Komitədə bədən tərbiyəsi və idmanın inkişafına həsr olunmuş plenumda daha da mehribanlaşdırdım. Həmin plenuma Mərkəzi Komitənin katibi Kolitonov yoldaş sədrlik edirdi.
(Ardı var)
Ramiq MUXTAR,
şair-dramaturq,
prezident təqaüdçüsü