PDF Oxu

Siyasət

  • 19

Xalqa və vətənə xidmət yolu

Xalqa və vətənə xidmət yolu

"Regional İnkişaf" İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyətə başlasa da, qurumun artıq 5 regional mərkəzi yaradılıb

Heydər Əliyev Fondu yarandığı zamandan müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırıb, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, Bakıda bir sıra dövlətlərin iştirakı ilə yüksək səviyyəli konfrans və festivallar keçirməyə müvəffəq olub. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən fond təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa zaman məsafəsində böyük uğurlara səbəb olub. Hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək Heydər Əliyev Fondunun dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub. "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Fondun vasitəsi ilə indiyədək 50 mindən artıq insan həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə olunub. Təkcə ötən il 152 uşaq üzərində ürək əməliyyatı aparılıb.

Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə "Talassemiyasız həyat naminə" layihəsini həyata keçirməyə başlayan Heydər Əliyev Fondunun bu layihəsi çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün ilk dəfə olaraq Bakıda Talassemiya Mərkəzi inşa edildi. Belə bir mərkəzin inşası bu xəstəlikdən əziyyət çəkən uşaqların bir ümid yerinə çevrildi.

Azərbaycanın Birinci Xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliyyətində özünü göstərir. Belə ki, Mehriban Əliyeva fiziki cəhətdən qüsurlu olan insanların cəmiyyətə inteqrasiyasına, onların istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, əməklərinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binası tikilib istifadəyə verilib.

Heydər Əliyev Fondunun çox şaxəli fəaliyyəti, bir daha onu deməyə əsas verir ki, öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas seçən fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və layihələr, o cümlədən "Xocalıya ədalət" beynəlxalq kampaniyasını reallaşdırır.

Bütün bu görülən işlərin davamı olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirərək, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək olur. "Regional İnkişaf" İctimai Birliyi 2016-cı ilin mart ayından fəaliyyətə başlasa da, qurumun artıq 5 regional mərkəzi yaradılıb. Təşkilat ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görərək, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştiraka dəvət edir.

İctimai Birlik regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə şəraitin yaradılmasına, təhsil almaq imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə layihələr həyata keçirir.

Artıq mütəmadi olaraq, regionlarda görüşlər təşkil olunur. Bu görüşlərin davamı olaraq, bu günlərdə Şəkidə olub. Görüş çərçivəsində burada təmirə ehtiyacı olan məktəbə baxış olub. Eyni zamanda, birliyinin nümayəndələri, Şəki şəhərində qarışıq tipli uşaq evində olublar. 1930-cu ildən fəaliyyət göstərən bu uşaq evində Heydər Əliyev Fondunun sosial sahə və təhsil üzrə layihələri çərçivəsində əsaslı təmir işlərinə başlanacağı bildirilib.

İctimai Birlik tərəfindən görülən işlər qurumun tez zamanda genişmiqyaslı layihə və məqsədinin gerçəkləşdirilməsinə əsas verir. Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi və xalqa xidmət dayandığından "Regional İnkişaf" İctimai Birliyinin də reallaşdıracağı layihələr tez bir zamanda öz əks-sədasını doğuracaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər