İlham Əliyev: "Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər"
Azərbaycanın zorən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dünyanın mövqeyi ermənilərin xeyrinə olmayan istiqamətdə dəyişir. Xüsusilə, münaqişənin həlli istiqamətindəki yanaşmalar bu problemin Azərbaycanın xeyrinə dəyişəcəyinə köklənir desək, yanılmarıq. Regionda sülhün bərqərar edilməsi, böyük enerji layihələrinin tempinin sürətlə inkişaf etdirilməsi, iqtisadi əməkdaşlıqların daha dinamik hala gətirilməsi ilə bağlı böyük dövlətlərin rəsmilərinin bir-birinin ardınca verdikləri açıqlamalar və bəyanatlar bunu deməyə əsas verir.
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı Qarabağ münaqişəsinin həlli yolunu açıqlayıb: "Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır".
"Apreldə 2 min hektar ərazi işğaldan azad edilib"
Dövlət başçısı, həmçinin çıxışı zamanı bildirib ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidi".
"Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər"
Bu gün Azərbaycan çox yüksək dinamika ilə bir-birinin ardınca çox ciddi, böyük layihələrə imza atır. Regionda enerji layihələrində lider rolunu oynayan ölkə artıq enerji təhlükəsizliyinin mərkəzində də əsas fiqurlardan birinə çevrilir. Bu prosesdə belə bir mövqe, sözsüz ki, sözügedən layihələrdə marağı olan böyük ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu vacib səbəblərdəndir ki, Azərbaycan həmin layihələrin mərkəz təmsilçisi olaraq, bu məsələlərlə əlaqədar aparılan danışıqlar proseslərində masa arxasında daima öz xüsusi rolunu qoruyub-saxlayır. Artıq həm Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan vasitəçi dövlətlərin rəsmiləri, həm də digər böyük dövlətlərin başçıları Qafqazda sülhə nail olunmasında, böyük iqtisadi enerji layihələrinin təhlükəsiz reallaşmasında maraqlarını gizlətmirlər. Deyilənlərin reallaşması üçünsə Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunmalıdır. Təbii ki, münaqişənin sülh yolu ilə həlli məsələsinin gündəmə gəlməsi Azərbaycanın haqlı, ədalətli mövqeyini qabardır və önə çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqların azad edilməsi ilə öz həllini tapa bilər. Çünki bu gün Azərbaycan əsgəri işğal altındakı torpaqlardan düşməni çıxarmağa hazırdır. Çünki müasir silah-sursat, maddi-texniki təminata malik Azərbaycan Ordusu bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətindədir. Çünki hər gün inkişaf edən Milli Ordumuz düşməndən hər cəhətdən üstündür. Xalqı aclıq, səfalət içərisində yaşayan və iqtisadiyyatı çökmüş Ermənistan iqtisadi baxımdan güclü Azərbaycanla müqayisədə çox zəifdir.
Bunu artıq Ermənistanda da anlayır və başa düşürlər. Həm də hər kəsin bu məkanda mövcud olduğu yer bəlli. Ermənistan cani-dildən nə qədər çox istəsə də belə, yerlərin dəyişdirilməsi "sevgisi" reallaşmayacaq...
RƏFİQƏ HÜSEYNOVA