Dünən ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə "Sağlamlıq zonası" sağalma və reabilitasiya poliklinikasının baş həkimi Məsməxanım Məcidova mətbuat nümayəndələrinə tibbi-demoqrafik vəziyyət və əhalinin qocalma problemi haqqında məlumat verib. O bildirib ki, demoqrafların müşahidələrinə görə sivilizasiya artdıqca, əhalinin qocalma prosesi sürətlənir. Bunun bir çox səbəbləri olduğunu bildirərək, sivil ölkələrdə doğum səviyyəsinin aşağı düşdüyünü, ümumi əhali içərisində ahılların nisbi payinın artdığını diqqətə çatdırıb. O bildirib ki, dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər respublikamızdan da yan keçməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi son üç ilin göstəricilərinə əsasən, son illərdə respublika üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayı artan dinamika ilə gedir. Bu, xüsusən, 60-74,75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74,2 olmuşsa, 2015-ci ildə bu göstərici 75,2-dir. Bu baxımdan, əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi-sanitar yardımın göstərilməsi aktuallaşmışdır".
Tədbir iştirakçılarına ölkədə fəaliyyət göstərən Müharibə Veteranları Respublika Xəstəxanası haqda da geniş məlumat verilib. Müharibə Veteranları Respublika Xəstəxanası Xəzər rayonunda yerləşir və xəstəxananın əsas kontingentini müharibə və əmək veteranları, Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxslər təşkil edir. Qeyd olunub ki, 2016-cı ilin 6 ayı ərzində qəbul edilən xəstələrin sayı 1799 nəfərdir ki, onların da orta yaş həddi 77-dir.
NƏZAKƏT