Dünən yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon icra hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində növbəti ənənəvi layihə həyata keçirilib. "Sahil bağı"nda yola salınması ilə bağlı keçirilən tədbirdə Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yolasalma mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkə Prezidenti İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb və bildirib ki, bu layihə artıq ənənəvi xarakter daşıyır: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu uğurlu iş ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir".
Tədbirdə çıxış edən Müdafiə Nazirlyinin idarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, tədbirin əsas məqsədlərindən biri gələcək əsgərlərimizin hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə, ordumuzun silah və texnikası ilə yaxından tanışlıq və məktəblilərin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbçi peşəsinə olan marağın artırılmasına şərait yaratmiqdan ibarətdir.
Sonda Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək, Qusar rayonuna yola düşüblər.
Yola düşməzdən əvvəl "Gənc Heydərçilər" Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Ü.ƏSGƏROV