PDF Oxu

Siyasət

  • 30

Ölkəmiz yaxın gələcəkdə keçiriləcək beynəlxalq yarışlara tam hazırdır

Ölkəmiz yaxın gələcəkdə keçiriləcək beynəlxalq yarışlara tam hazırdır

İlham Əliyev: "Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin"

Müasir dövrümüzün artan iqtisadiyyatı, siyasi sabitlik, dövlət proqramlarının, irimiqyaslı layihələrin həyata keçirilməsi müxtəlif sahələrdə nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqayasında imicini də yüksəldib.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, əmək tutumlu və rəqabət qabiliyyətli yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir.

Ötən il iyunun 12-dən 28-dək dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi, böyük etimad Azərbaycana olan inamın nəticəsi idi. Azərbaycan oyunların standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.

Bu yaxınlarda isə paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifə oldu. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılmışdı. Dünyanın elit yarışmalarından olan "Formula-1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. Ölkəmizə gələn "Forumla-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli- dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi oldular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış ola bildilər.

İSLAM ALƏMİNİN AZƏRBAYCANA, ONUN İNKİŞAFINA VERDİYİ DƏYƏR

Ölkəmiz yaxın gələcəkdə də keçiriləcək beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyasında səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqda qərar qəbul etməsi Azərbaycana daha bir inamın ifadəsidir. Dünya, islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bunu islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirir. 57 ölkəni təmsil edən idmançıların qatılacağı Bakı-2017 IV İslam Həmrəylik Oyunlarının əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib.

Artıq ölkəmizdə oyunlara hazırlıq işlərinə başlanılıb. Belə ki, Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə Oyunların Təşkilat Komitəsi və sədri Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təyin edilməsi oyunların yüksək səviyədə keçiriləyindən xəbər verir. Belə ki, "Eurovision" Mahnı Müsabiqəsinin, eyni zamanda, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olan Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirildi. Həm "Eurovision" müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapdı və bu yarışmalarda iştirak edən bütün idmançılar və Azərbaycana gələn qonaqlar bunu yüksək qiymətləndirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında ölkə başçısı bu oyunların yüksək səviyyədə təşkili ilə bağlı bəzi məsələlərə nəzər salarkən vurğulamışdı ki, İslam Həmrəylik Oyunları çox önəmli beynəlxalq yarışma olacaqdır: "Azərbaycan islam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər".

...BİZ XOŞ NİYYƏTLƏ ÖLKƏMİZƏ GƏLƏN BÜTÜN XARİCİ QONAQLARA QUCAQ AÇIRIQ

Azərbaycana gələcək hər kəs ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi bir daha görəcəkdir. "Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır", - deyən İlham Əliyev Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyətinin ölkəmizdən ən xoş arzularla ayrıldıqlarını bildirib:"Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini-milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulub. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq.

Oyunlar bir daha Azərbaycanın dünyada təbliği baxımından əhəmiyyətli rol oynayacaq. Oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaq və dünya mediasında İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə informasiya yayılacaqdır. Oyunların başlamasına bir ildən az vaxt qalır və Azərbaycan Avropa Oyunlarında qazandığı uğurları bu oyunlarda da qazanmaq iqtidarındadır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, bu oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir: "Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər