(Əvvəli ötən sayımızda)
Bu təkrarsız, əvəzolunmaz böyük düha haqqında silsilə xatirə yazmaq mənim üçün həm çox məsuliyyətli, həm də ən şərəfli, müqəddəs bir yaddaş salnaməsidir. Mən bu xatirələrimdə çalışmışam ki, heç bir artıq əlavəyə yol verməyim. Çünki mənim bu yazımda adları çəkilən insanların, demək olar ki, əksəriyyəti sağdır və onlar Ulu Öndərlə mənim görüşlərimin şahidi olublar. Hələ ölməz Prezidentimizin mənim haqqımda elə sözləri, fikirləri olubdur ki, mən təvazökarlıq edib onları bu yazıma əlavə etməmişəm.
SƏKKİZİNCİ GÖRÜŞ
1979-cu ilin iyul ayı idi. Bu vaxt Azərbaycan KP Mərkəzi Komitəsindən hökumət teleqramı aldım. Teleqramda yazılmışdı ki, Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri kimi mən və "Araz" futbol komandasının baş məşqçisi Əhməd Ələsgərov 3 gündən sonra Mərkəzi Komitənin bürosunda olun. Həmin vaxt Əhməd Ələsgərov komanda ilə Orenburq şəhərində səfərdə idi. Çox çətinliklə onunla əlaqə saxladım və dedim təcili uç Bakıya, Mərkəzi Komitədə olmalıyıq. Mən Əhməd Ələsgərovdan 1 saat qabaq Mərkzi Komitəyə gəldim və Fikrət Əhmədov yoldaşla görüşdüm. O, mənə dəvət olunmağımın məqsədini açıqladı: "Neftçi" komandasının baş məşqçisi İqor Netto komandanı tərk eləyib, çıxıb gedib Moskvaya. İndi komanda pis vəziyyətdə qalıbdır. "A" qrupundan çıxmaq qorxusu yaranıbdır. Ona görə belə qərara gəldik ki, Əhməd Ələsgərovu "Neftçi"yə gətirək, bu təhlükə sovuşsun.
- Fikrət Həmidoviç, birinci dövrəni birinci yerdə başa vurmuşuq. İkinci yerdə gedən Lançxutinin "Quriya" komandasından 7 xal artıq toplamışıq, ikinci dövrədə ilk oyununda Lənkəranın "Xəzər" komandası ilə keçirib, 9 xal toplaya bilərik.
- Niyə mənim zəhmətimi yerə vurursuz?
Dedim başqa çıxış yolu yoxdur. Əhməd Ələsgərov gəldi, mən vəziyyəti ona danışdım. O, çox pərt halda Fikrət Əhmədova dedi ki, qoyun bu mövsümü bitirək, gələn ildən mən "Neftçi"yə rəhbərlik edərəm. Fikrət Əhmədov dedi ki, "Neftçi" qrupdan çıxır, bilməzsən Heydər Əliyevin yanında belə sözlər danışarsan.
Fikrət Əhmədov mənim pis vəziyyətə düşdüyümü görüb, məsləhət gördü ki, mən büroya qatılmayım. Büroda Heydər Əliyev yoldaş Fikrət Əhmədovdan məni soruşub ki, bəs komitənin sədri Nağıyev niyə gəlməyib? O isə mənim pis vəziyyətə düşdüyümü və kabinetdə oturduğumu söyləyib. Heydər Əliyev Fikrət Əhmədova deyib ki, Nağıyevə deyin ağlamasın, respublikamıza "Araz"dan qabaq "Neftçi" lazımdır.
Mən kor-peşman durub getmək istəyən vaxt Fikrət Əhmədovun telefonu səsləndi. Danışan Heydər Əliyev idi. O, kabinetdə olduğumu biləndə Fikrət Əhmədova məni yanına gətirməyi tapşırdı. Əhməd Ələsgərov artıq qardaşı Tofiqgilə çıxıb getmişdi.
Mən Fikrət Əhmədovla kabinetə gedərkən, bu sözləri deməyi mənə məsləhət gördü. "Əlbəttə, yoldaş Əliyev, siz düzgün çıxış yolu tapmısız. "Araz" komandasından öncə bizə "Neftçi" komandası lazımdır. Axı "Neftçi" komandası Ümumittifaq Birinciliyində Azərbaycanı təmsil edir". Düzü, Heydər Əliyevin kabinetinə daxil olanda, həmin sözləri sanki unutdum. Sakitcə oturub Heydər Əliyevi dinlədim.
- Sənin birillik faəaliyyətindən çox razıyıq. Hiss olundu ki, səndə gözəl təşkilatçılıq qabiliyyəti var. Kamran Rəhimov da sənin işindən çox razıdı. Mənə dedi ki, Culfa şəhərindən onu deputatlığa namizəd irəli sürmüşük. Ancaq vəziyyət elə gətirdi ki, "Neftçi"nin məşqçisi İqor Netto qaçıb getməklə komandanı pis vəziyyətə saldı. Ağlamağa dəyməz, elə etməliyik "Neftçi" komandası yüksək liqadan çıxmasın.
Mən sakitcə, lal-dinməz oturmuşdum. Fikrət Əhmədov məni danışdırmaq məqsədilə Heydər Əliyev yoldaşa müraciət etdi:
- Nağıyevin də ürək sözlərini eşitsək, pis olmaz.
Fikrət Əhmədov istəyirdi ki, bir az əvvəl mənə öyrətdiyi sözləri mənim dilimdən Heydər Əliyev eşitsin.
- Fikrət müəllim, mən deyəcəyim sözləri yoldaş Əliyev çox qısa, məzmunlu dedi. Sizin mənə öyrətdiyiniz sözləri kabinetə daxil olanda unutdum.
Bu sözdən Heydər Əliyev güldü və atam Muxtar Abbasoviçin səhhətini soruşub, ona salam çatdırmağımı bildirdi.
Beləliklə, Əhməd Ələsgərov ikinci dövrə başlayan vaxt "Neftçi" komandasına gəldi və "Araz" komandasının əsas oyunçuları olan Sapojnikov, Pavlenko, Maşallah Əhmədov, Vaqif Sadıqov, Oleq Axanov, Oqtay Abdullayev və bir neçə xatirimdən çıxmış oyunçularımı apardı. Beləliklə, onu Ruslan Abdullayev əvəz etdi. "Neftçi"dən bir neçə yaşlı oyunçuları "Araz" komandasına göndərdilər. Öz gözəl oyunu ilə tamaşaçıları heyran qoyan "Araz" komandası uduza-uduza mövsümü 6-cı yerdə başa vurdu. Xoşbəxtlikdən isə Əhməd Ələsgərov "Neftçi"ni yüksək liqada saxlaya bildi.
DOQQUZUNCU GÖRÜŞ
1991-ci ilin mart ayında M.Maqomayev adına Filarmoniyada Azərbaycan Yazıçılar İttifaqının növbəti qurultayı keçirilirdi. Bu vaxt Heydər Əliyev, Xəlil Rza və Rəfiq Zəka Xəndan salona daxil oldular. Xəlil Rza məni görcək gəlib qabağımda boş olan yerlərdə oturdular. Qurultay başlanan kimi şair Məmməd Aslan ayağa qalxıb Anar müəllimə müraciət etdi:
- Anar müəllim, bu gün bizim qurultayda ədəbiyyatımızın və incəsənətimizin ən yaxın dostu, hörmətli Heydər Əliyev iştirak edir. Xahiş edirəm o da Rəyasət Heyətində otursun. Salonda 300-ə yaxın adam vardı. Əksəriyyət bu təklifi alqışladı. Lakin Heydər Əliyev ayağa qalxdı, alqışlara görə öz minnətdarlığını bildirdi və dedi: "Mən Rəyasət Heyətində çox oturmuşam, indi icazə verin görüm o rəyasət kürsüsü salondan necə görünür. Camaat gülüşdü və alqışladı. Düzü, Heydər Əliyev ayağa qalxanda, mənə elə gəldi ki, o, rəyasət kürsüsünə gedə bilər. Ona görə arxadan qulağına pıçıldadım ki, Heydər Əliyeviç, getməyin. Əlbəttə, bu mənim cavan düşüncəm idi. O, bu təklifi, o qədər obrazlı qiymətləndirdi ki, mənim qulaq pıçıltım öz dəyərini itirdi. Heydər Əliyev arxaya dönüb, "siz kimsiz, tanıya bilmədim" deyə soruşdu. Dedim Muxtar Abasoviçin oğluyam, Ramiq Muxtaram. Məmnun qaldı və dedi ki, fasilədə səninlə çoxlu söhbətim olacaq.
Qurultayın fasiləsində onun əhatəsinə Mirzə İbrahimov, Balaş Azəroğlu, Cavad Heyət, İlyas Tapdıq, Xəlil Rza, Rəfiq Zəka, Zeynal Vəfa, Nəriman Həsənzadə, Vilayət Rüstəmzadə və mən var idim. Heydər Əliyev bizim ailə haqqında çox gözəl sözlər dedi. Atam Muxtar Nağıyevin respublikadakı böyük xidmətlərdən, anamla orta məktəbdə, Pedaqoji Texnikumda oxumaqlarından və hər ikisinin əlaçı olmaqlarından söz açdı və yumurtanın sarısı, lilə və sair qarışıq rənglərlə anamın şəklini çəkməyi tapşırdı. Bu sözdən zarafatından qalmayan Rəfiq Zəka qaş-gözünü oynatdı ki, yəni o söz... Mən tərəddüd keçirmədən tez soruşdum:
- Heydər Əliyeviç, anamla aranızda sevgi macərası olmayıb ki?
- Yox, sənin anan 1922-ci ildən idi. Əxlaqlı qızıydı. Həm də mülkədar qızıydı, dərs əlaçısıydı. Məndən bir yaş da böyük idi.
Dedim Heydər Əliyeviç, bu sözü siz elə adamların yanında dediniz ki, sabah onlar şaiyə yayacaqlar ki, mən də sizin oğlunuzam. O, qəh-qəhə çəkib güldü və dedi:
- Ə, sən nə şurbaz oğlansan.
Sonra şair dostum İlyas Tapdıq Heydər Əliyevə müraciət etdi ki, Heydər Əliyeviç, siz 1987-ci ildə Kreml xəstəxanasında xəstə yatan vaxtı Ramiq Muxtar sizin səhhətinizdən çox narahat idi və o vaxtkı SSR Ali Soveti Rəyasət Heyətinin katibi Mentalaşviliyə üç dəfə teleqram vurmuşdu. Mentalaşvili isə teleqramı aldığını və sizin Kreml xəstəxanasında müalicə olunduğunuzu yazmışdı. Ramiq bilmək istəyir ki, o teleqramları sizə çatdırmışdılar, ya yox?
- Birincisi, mən Ramiq Muxtara öz minnətdarlığımı bildirirəm ki, o, bir azərbaycanlı kimi mənim qayğıma qalıb. İkincisi, o vaxt mən nəzarətdə idim. Mentalaşvili mənə teleqramı çatdıra bilməzdi.
Sonra Heydər Əliyevlə söhbətimiz çox uzandı. Bizim bu söhbətimizi şair İlyas Tapdıq "Azərbaycan" qəzetinin 1 və 2-ci səhifəsində "Olduğu kimi görünən insan" adlı geniş məqaləsində dərc etdirdi.
ONUNCU GÖRÜŞ
1992-ci ilin dekabr ayının 30-da Gənc Tamaşaçılar Teatrı mənim 50 illik yubileyimi keçirirdi. Həmin gecəni rəhmətlik şair dostum Xəlil Rza aparmalı idi. Artıq afişalarda kimlərin iştirak eməyi göstərilirdi. Qəflətən Xəlil Rza xəstələndi və onu Türkiyəyə apardılar. Məclisi respublikanın xalq artisti Taryel Qasımov aparmalı oldu. Səhnədə mənim yanımda xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli, bəstəkar dostlarım Nəriman Məmmədov və Ramiz Mustafayev oturmuşdu. Zalda Azərbaycanın böyük sənət adamları əyləşmişdilər. Gecədə, həmçinin, Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva, "Lalə" qızlar ansamblı, Rəhilə Bəndəliyeva, Əliabbas Qədirov, Nazir Əliyev, Yasin Qarayev, Naibə Allahverdiyeva və başqaları çıxış etdilər. Bu vaxt Türkiyədən Xəlil Rzanın təbrik teleqramı gəldi. Məclisin ortasında mənə tamaşaçı Məmmədhüseyn Mahmudov adlı bir yolaşdan kiçik məktub gəldi. O, məktubda deyilirdi ki, hörmətli yubilyar, xahiş edirəm Heydər Əliyev yoldaşa öz münasibətinizi bildirəsiniz. Düzü, xalq cəbhəsinin vaxtı olduğundan və zalda onların nümayəndələrinin əyləşməsini nəzərə alıb reaksiya vermədim.
Bir az sonra ikinci dəfə mənə yenidən müraciət olundu ki, Heydər Əliyev yoldaşa öz münasibətimi bildirim. Mən həmin kiçik məktubu götürüb mikrofona yaxınlaşdım və dedim:
- Bu yoldaş Mahmudov mənə ikinci dəfə müraciət edir ki, Heydər Əliyev yoldaşa öz münasibətimi bildirim. Birincisi, kiçik balıqların nəhənglər haqqında söz, fikir söyləməyinin əleyhinəyəm. Heydər Əliyev böyük şəxsiyyətdir. Onun yüksək savadı, həyat təcrübəsi, beynəlxalq aləmdə görkəmli bir siyasətçi kimi tanınması bir daha Onun böyük şəxsiyyət olmasını təsdiqləyir. Allah mənim ömrümdən kəsib Ona versin ki, bəlkə gəlib Azərbaycanı bu bəladan qurtara.
Mənim bu sözümdən əsəbləşən bir neçə cəbhəçi nümayişkaranə salonu tərk etdilər. Sonra mən 1993-cü ilin may ayının 10-da Naxçıvana Heydər Əliyevin yubileyinə getməli oldum. Təyyarə saat 18.00-da uçmalı idi. Biz sərnişinləri təyyarəyə mindirməyib, 3 saat uçuşumuzu ləngitdilər. Beləliklə də, gecə saat 10-nun yarısında Naxçıvana çatdım. Düşündüm ki, artıq gecdir, sabah gedib təbrik edərəm. Səhərisi gün Milli Məclisə gələndə, gördüm o qədər qonaq var ki, Heydər Əliyevlə görüşə bilməyəcəyəm. Mən də qonaqlara qoşulub, Türkiyəyə getdim.
Bir həftədən sonra Türkiyədən qayıdıb Heydər Əliyevin köməkçisi Ramiz müəllimə zəng vurdum və xahiş etdim ki, Onunla görüşmək istəyirəm. Ramiz müəllim gedib Heydər Əliyevə mənim məqsədimi çatdırandan sonra mənə dedi ki, Heydər Əliyev deyir axşam saat 23.00-da gəlsin görüşək. Mən axşam saat 23-də Milli Məclisə gəldim. Qəbulda o vaxtın maliyyə naziri işləyən Əlövsət Baxşıyev və şəhər milis şöbəsinin rəisi Sahib Mirzəyev oturmuşdular. Ramiz müəllim Heydər Əliyevin kabinetindən çıxıb dedi: "Əlövsət müəllim, Sahib müəllim, Heydər Əliyev dedi ki, onlara deyin gedib sabah gəlsinlər. Mənim Ramiq Muxtarla söhbətim uzun çəkəcək. Mən Heydər Əliyevin kabinetinə girəndə, məni mehribanlıqla qarşıladı və ilk sözü bu oldu.
- Sən bəs mənim yubileyimə niyə gəlmədin?
Dedim Heydər Əliyeviç mən mayın 10-da gəlmişdim. Ancaq təxribat ucbatından qəsdən təyyarənin uçuşunu yubatdılar ki, gələn qonaqlar tədbirdə iştirak etməsinlər. Mən çıxarıb təyyarə biletimi ona göstərdim. O, eynəyi qoyub biletə baxdı və dedi:
- Görürsən də, necə naqis insanlar var. Mən sənin 10 mayda gəlişini alqışlayıram. Mən 30 dekabr 1992-ci ildə 50 illik yubileyimin kasetini Ona verdim və haqqında dediyim sözləri dinləməsini xahiş etdim. Bizim söhbətimiz uzun çəkdi. Mən Heydər Əliyevə dedim ki, Həmid Cəfərovla mən yaxın dostam. Hər görüşəndə sizin sağlığınıza badə qaldırırıq.
Düzü mənim bu söhbətim Ona inandırıcı gəlmədi.
- O İsgəndər Həmidovun qoltuğuna sığınan Həmid Cəfərovu deyirsən. Mənim haqqım çoxlarını tutacaq.
Lakin mən düz demişdim. Həmid Cəfərov Daxili İşlər Nazirliyində idarə rəisi işləyəndə, cəbhənin dövründə Heydər Əliyevin şəkli onun kabinetinin masasının üstündə idi. Bir dəfə mən dedim ki, İsgəndər Həmidov qoşun göndərir Naxçıvana Heydər Əliyevin üstünə. Sən isə şəklini qoymusan gözünün qabağına.
Birdən nazir kabinetə gələr, şəkili görüb, səni işdən çıxarar. Həmid müəllim isə mənə dedi:
- Çıxarar çıxartsın, Heydər Əliyev həmişə mənim qəlbimdədir.
Üstəlik, o, pencəyinin kiçik cibindəki Heydər Əliyevin şəklini göstərdi. Bu gün də o şəkil Həmid Cəfərovun cibindədir.
Mən kabinetdən çıxanda, gördüm ki, Əlövsət müəllimlə Sahib Mirzəyev qəbul otağında oturublar. Dedim, axı Heydər Əliyev dedi ki, gedib sabah gəlsinlər. Niyə getmədiniz. Əlövsət Baxşıyev dedi ki, elə vacib məsələdir ki, bu gün Əliyev bilməlidir.
Mən onlarla xudahafizləşib ayrıldım.
(Ardı var)
RAMİQ MUXTAR,
şair-dramaturq,
Prezident təqaüdçüsü