PDF Oxu

Siyasət

  • 19

İlham Əliyev: “Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq”

İlham Əliyev: “Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq”

"2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür"

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı. "Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir", - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı:

"Bu münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır.

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.

Beləliklə, may ayında keçirilmiş görüşə Azərbaycan heç bir şərt qəbul etmədən qatılıb və öz mövqeyini ifadə edib. May görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki, bəyanat nə imzalanıb, nə də qəbul edilib. Həmsədr ölkələr bəyanat qəbul ediblər, amma o bəyanat onların daxili işidir. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilmişdir. O görüş də çox müsbət keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz buna görə görüşün nəticəsində birgə bəyanat qəbul edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. Hesab edirəm ki, Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır.

Dünən Fransa Prezidenti cənab Ollandla görüşüm olubdur. Fransa da həmsədr ölkə kimi münaqişənin həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı. Məsələnin mərhələli yollarla həlli yeganə mümkün variantdır. Əgər bu variant reallaşarsa, onda həm torpaqlarımız işğalçılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qarabağın erməni əhalisi və mütləq oraya qayıdacaq azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşayacaqlar. Bunun başqa həlli yolu yoxdur.

Qeyd etməliyəm ki, son 3-4 ay ərzində danışıqlarda çox böyük fəallıq müşahidə edilir. Təbiidir, Ermənistan indi hər vəchlə çalışacaq ki, danışıqlar prosesinə yenə də zərbə vursun. Yenə də çalışacaq ki, vaxtı uzatsın. İstisna edilmir ki, təmas xəttində növbəti təxribata əl atmaqla danışıqları pozsun. Necə ki, 2014-cü ildə Parisdə Prezident Ollandın təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Bu, sırf təxribat idi və bunu indi hamı bilir, beynəlxalq ictimaiyyət də bilir. Bunu bəyan etməsələr də bilirlər. Həmin təxribat zamanı mövqelərimizə qəsdən hücum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıqlar pozulsun və pozuldu da. 2015-ci il danışıqlar prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, Minsk qrupu dekabr ayında görüntü naminə İsveçrədə formal görüş keçirmişdir. O görüşdən sonra görünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa bilər və aprel ayında növbəti təxribat törətmişdir. Ona görə məsələ ilə məşğul olan böyük dövlətlər bütün bu reallıqları bilməlidirlər. Əslində, bilirlər. Mən ikitərəfli formatda Azərbaycanın mövqeyini, real məsələnin bu tarixini və münaqişənin səbəblərini açıqlamışam. Ona görə hesab edirəm ki, indiki dövrdə yaxşı imkanlar yaranıb. Ümid edirəm ki, bu proses müsbət nəticələrə gətirib çıxaracaq.

Bununla bərabər, təbii ki, biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər. Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq."

"Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır", - deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırdı.

Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu dedi. Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq", - deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi:

"Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni, real sektor artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq. Çünki bir qədər sonra mən gələcək planlar, o cümlədən sənaye potensialının inkişafı haqqında danışacağam. Əlbəttə ki, Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır.

Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır. Bu barədə indi burada məlumat veriləcəkdir.

Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir.

İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır.

Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür.

Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır."

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.

Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev dedi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi. Bundan əlavə, Prezident İlham Əliyev "ASAN xidmət"in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi.

Digər xəbərlər