(Əvvəli ötən saylarımızda)
Bu təkrarsız, əvəzolunmaz böyük düha haqqında silsilə xatirə yazmaq mənim üçün həm çox məsuliyyətli, həm də ən şərəfli, müqəddəs bir yaddaş salnaməsidir. Mən bu xatirələrimdə çalışmışam ki, heç bir artıq əlavəyə yol verməyim. Çünki mənim bu yazımda adları çəkilən insanların, demək olar ki, əksəriyyəti sağdır və onlar Ulu Öndərlə mənim görüşlərimin şahidi olublar. Hələ ölməz Prezidentimizin mənim haqqımda elə sözləri, fikirləri olubdur ki, mən təvazökarlıq edib onları bu yazıma əlavə etməmişəm.
ON BİRİNCİ GÖRÜŞ
Xalq şairi dostum Xəlil Rzanın vəfatının ildönümü bu gün Heydər Əliyevin adını daşıyan sarayda keçirilməsi ilə əlaqədar bir aydan artıq hazırlıq məşqləri gedirdi. Həmin tədbirə Prezident aparatından Fatma xanım Abdullazadə və mədəniyyət naziri Polad Bülbüloğlu rəhbərlik edirdi.
Şairlərdən Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Ramiz Duyğun, Əhməd Elburus və mən - Ramiq Muxtar Xəlil Rzaya həsr etdiyimiz şeirləri oxumalı idik. Fatma xanımla Polad müəllim belə qərara gəldilər ki, ən sonda mənim çıxışımla pərdə bağlansın. Tədbir olan günü səhər saat 11-də baxış keçirildi və iştirakçılara deyildi ki, axşamüstü saat 17.00-da təmiz, səliqəli halda hamı sarayda olsun. Ramiq Muxtar isə gəlsin zala. Mən zala endim. Fatma xanım və Polad müəllim gözəl şeir üçün məni təbrik etdilər.
Polad müəllim dedi:
- Ramiq müəllim, Fatma xanımın şeirinizə bir iradı var. Siz şeirdə Karl Marksın adını çəkib onu iblis adlandırırsız, bu axı yaxşı səslənmir, o sətirləri şeirdən çıxarsanız yaxşı olar.
- Nə üçün Polad müəllim? - deyə soruşdum.
- Karl Marks böyük nəzəriyyəçi filosof olub. Onu ələ salmaq, lağa qoymaq tamaşaçılara xoş gəlməz.
- Polad müəllim, doğrudan da Karl Marks böyük nəzəriyyəçi şəxsiyyət olubdur.
Bu vaxt Fatma xanım mənə dedi: Ramiq müəllim, Siz institutda oxumamısız, Marksın kim olduğunu bilmirsiz?
- Fatma xanım, əgər doğrudan da Karl Marks böyük şəxsiyyət idisə, niyə onun milyona başa gələn heykəlini parça-parça edib, yerə atdınız.
Fatma xanım bu işdə tələskənliyə yol verildiyini dedi.
- Fatma xanım, əgər mən şeirimi deyəcəyəmsə, olduğu kimi söyləyəcəyəm. Lakin çıxış yolu da vardı. Mən indi gedirəm Yazıçılar Birliyinin poliklinikasına bülleten çıxarıb, axşam tədbirə gəlməyəcəyəm.
- Siz nə danışırsız, Ramiq müəllim, tədbirin proqramı Prezidentin masasının üstündədir. Hələ mənə dedi ki, şair dostları Ramiq Muxtarla qısqanmayıblar ki, niyə o, ən sonda çıxış edir.
Dedim:
- Cənab Prezident, Ramiq Muxtarın şeiri o biri şeirlərdən daha yaxşı olduğuna görə, sona saxladıq. Mən onlarla sağollaşıb evə gəldim. Üstündən yarım saat keçməmiş ev telefonu səsləndi. Danışan Fatma xanımın şöbəsində işləyən (gərək ki, Həsənov adlı şəxs idi) şəxs dedi:
- Ramiq müəllim, Fatma xanım deyir ki, bizim aramızda heç bir söhbət olmayıbdı, şeiri olduğu kimi söyləsin. Bilməz gəlməz, biz pis vəziyyətdə qalarıq.
Mən hazırlaşıb, saraya gəldim. Başda Prezidentim Heydər Əliyev olmaqla bütün dövlət və hökumət adamları öz yerlərini tutmuşdular. Tədbir başlandı. Gecə o qədər gözəl təşkil olunmuşdu ki, əsl Xəlil Rzaya layiq gecə idi. Mən sonda şeirimi oxudum. Şeir Heydər Əliyevə çox xoş gəldi. O, ürəkdən əl çalırdı. Mən Prezidentə - Heydər Əliyevə yox, Fatma xanıma, Polad Bülbüloğluna baxırdım. Onlar, hər ikisi məni ürəkdən alqışlayırdı. Elə pərdə bağlanan kimi bir nəfər pərdənin arxasına gəldi, gözəl şeir üçün məni Prezidentin adından təbrik etdi və dedi ki, sabah saat 11.00-da Prezidentin yanında ol.
Bu şəxs Prezident Aparatının mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyev idi.
Səhərisi gün mən Prezident Aparatına gəldim. Səlahəddin Quliyevlə görüşdük. O, mənə dedi ki, Prezident səni Müdafiə Nazirliyinə Mətbuat Xidmətinin rəisi göndərir, get nazir müavini Mehman Səlimovun yanına. Podpolkovnik kimi işə başla. 6 aydan sonra polkovnik rütbəsin daşıyarsan. Dedim Səlahəddin müəllim, mən heç əsgərlikdə olmamışam. Dedi o posta Prezident ən çox etibar etdiyi adamı göndərir. Mən Müdafiə Nazirliyinə gəldim. Səlimovla görüşdüm. O, mənim işləyəcəyim kabineti açdı. Ən azı 20 telefon vardı və yüksək əmək haqqı alacağımı, xüsusi xidmət maşınımın olduğunu bildirdi.
- Cənab polkovnik, iş saat neçədə başlayır.
- Səhər saat 9.00-da.
- Çox yaxşı. Bəs neçədə qurtarır? Bu sözdən bir az pauza yarandı və dedi:
- Ramiq müəllim, müharibə gedən ölkədir. Nazir nə qədər kabinetdədir, gərək siz də işdə olasız.
- Polkovnik, nazirin istirahət otağı da var?
- Əlbəttə, elə günlər olur ki, evinə getmir, kabinetində qalır.
- Yəqin televizoru, soyuducusu olmamış olmaz?
- Ay şair, sən narahat olma, soyuducuda hər şey var.
- Polkovnik, nazir rusdillidir. Yəqin ki, o, Rusiya kanallarına baxır. Hardan mən yadına düşəcəyəm ki, desin yan otaqda qara bir kişi ac-susuz oturub, ona deyin, durub getsin evinə. Bura teatr, filarmoniya olsaydı, yenə qadınların pudra, ətir iyinə məcbur olub oturmaq olardı. Partyanka iyindən burada dayanmaq olmur, həm də gəl gecənin yarısına qədər otur burada. Məni bağışlayın, mən getdim. Bu iş mənlik deyil! Polkovnik çox təkid etdi ki, siz Prezidentə yaxın adamsız, sizin üçün pis olmayacaq. Konkret fikrimi bildirdim. Gəldim Prezident Aparatına. Prezidentin köməkçisi mənə bildirdi ki, otur gözlə. Bir azdan Prezident məni qəbul etdi. İlk sözü bu oldu:
- Xəlilə yazdığın şeir çox xoşuma gəldi. Elə Fatma xanım haqlı olaraq səni sona saxlayıbmış. Mən Əli Nağıyevlə sənə cifariş göndərmişdim ki, Ramiqin övladlarından Prezident Aparatına işə götürək. O, mənə dedi ki, qızı müəllimə olmaq istəyir, oğlu da hərbçidir.
- Elədir dedim. Sizə çox minnətdaram.
- Səni göndərirəm Müdafiə Nazirliyinə Mətbuat Xidmətinə rəhbər, çox məsuliyyətli işdi. Orada mənim inandığım adam işləməlidir.
- Cənab Prezident, mən elə Müdafiə Nazirliyindən gəlirəm. Orada iş qrafiki çox mürəkkəbdir. Mən yaradıcı adamam, bir az sərbəst olmaq istəyirəm.
ON İKİNCİ GÖRÜŞ
1995-ci il idi. Mən istəyirdim ki, böyük xalq şairimiz Rəsul Rzanın anadan olmasının 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirəm. Bunu Anara görə etmirdim, dünya şöhrətli şairimizin mənim az-çox şair-dramaturq olmağımda böyük rolu olmuşdu. Həm də "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Gənc yazarlara məsləhətim" yazısında Ramiq Naxçıvanlının da ümidverici olduğunu göstərmişdi. Həm də Yazıçılar İttifaqına üzv qəbul olunanda, xəstə vəziyyətdə gəlib iclasda iştirak etmişdi.
Anar mənə dedi ki, Ramiq Muxtar, bu təklifinə görə sənə çox minnətdaram, lakin Fikrət Qocanın 60 yaşı tamam olur, mən onun üzünə baxa bilmərəm. Rəsul müəllimin tədbirini saxla sonraya, Fikrət Qocanın yubileyini keçirək. Mən Fikrət Qocanı lap gənclikdən tanıyırdım. Hər ikimiz Sabir kitabxanasında ləzgi şairi Kələntər Kələntərlinin ədəbiyyat dərnəyinə gəlirdik. Onda çox çirkin idi, inqilabdan qabaq neft quyularında işləyən fəhlələrə oxşayırdı. Sonralar, yubileyindən sonra həm bir az gözəlləşdi, həm də səsi bərpa olundu.
Mən dünya şöhrətli Anar müəllimə söz verib, fəaliyyətə başladım. Birinci yaxın qohumum olan nehrəmli Tağı İbrahimova fikrimi bildirdim. İkinci yaxın dostum olan Məmmədəli müəllimə müraciət etdim. O, Xətai Mədəniyyət Evinin direktoru idi. Hər ikisi can-başla razılıq verdilər. Müslüm Maqomayev adına Filarmoniyanı kirayə etdim, qiraət ustalarını və incəsənət xadimlərini dəvət etdim. Gözəl hazırlıq işləri aparırdım. Öz adımdan dəvətnamə yazıb birini də hörmətli Prezidentimiz Heydər Əliyevə göndərdim. Yubileyin başlanmasına 3 saat qalmış mənə xəbər gəldi ki, dünya şöhrətli yazıçımız Anar səni yaman axtarır. Mən Yazıçılar Birliyinə gəldim, onunla görüşdüm.
- Ramiq, Heydər Əliyev haradan bilir ki, bu gün Fikrət Qocanın tədbiri keçiriləcək?
- Anar müəllim, mən Prezidentimizə dəvətnamə göndərmişəm.
- Bilirsən, mənə zəng edib dedilər ki, Prezident iştirak edəcək, hazırlıq nə vəziyyətdədir?
- Narahat olmayın, hər şey yüksək səviyyədədir.
Beləliklə, Heydər Əliyev yubileyə gəldi və həm də Fikrət Qocanı "Şöhrət" ordeni ilə təltif edib təbrik etdi. Bu, Azərbaycan tarixində bir daha təkrarolunmaz bir hadisə kimi tarixdə qaldı. Birinci, Ramiq Muxtar kimdir ki, öz adından dəvətnamə göndərir. İkinci, Prezident kimə "Şöhrət" ordeni verirsə, ona təbrik məktubu göndərib Sərəncam imzalayır. Bu, Prezidentin şəxsən mən Ramiq Muxtara böyük hörməti və sevgisinin təzahürü idi. Fasilədə rəyasət kürsüsündə oturanlar, o cümlədən Prezident Heydər Əliyev Filarmoniyanın direktorunun kabinetinə daxil oldular. Mən isə kabinetə girmədim. Səbəb o idi ki, mənim tələbə dostum, hal-hazırda general atası, millət vəkili Elxan Süleymanovun qayınatası Sosialist Əməyi Qəhrəmanı Yusif İsmayılovla Prezidenti görüşdürmək istəyirdim. Ona görə general Vaqif Axundovdan Prezidentlə görüşməsi üçün kabinetin yanında dayanmağı xahiş etdim. Kabinetdə söhbət zamanı yazıçı Anar söylədi ki, Cənab Prezident, bütün bu yubileyin təşkilatçısı Ramiq Muxtardı. O dəqiqə Prezident dedi ki, bəs özü niyə yoxdur. Kabinetdəkilər bir-birinin üzünə baxdılar. Bilmədilər ki, Yusif İsmayılovun xatirinə mən kabinetə girmədim. Mən ordakı söhbətləri axşam xəbərlərə baxanda eşitdim. Heydər Əliyev kabinetdən çıxan kimi Yusif İsmayılovu görüb gəlib onu qucaqladı. Mənə:
- Niyə içəridə yox idin? - dedi.
- Dostumuzu sizinlə görüşdürmək istəyirdim, Cənab Prezident.
- Sabah Yusif, Prezident Aparatına yanıma gələrsən.
General Vaqif Axundov bu mənzərəni görəndən sonra mənə başı ilə fikrini bildirdi.
Prezident üzünü Anar müəllimə tutub dedi:
- Anar, bu Məhəmməd Hadi niyə yadımıza düşmür?
Bu sözdən mən çox təəccübləndim. Çünki o vaxtkı rejim Məhəmməd Hadini bir millətçi və türkçü kimi əsərlərinin çapına belə icazə vermirdi. Birdən-birə uzun müddət "KQB" orqanında işləmiş bir dövlət xadiminin dilindən eşitmək mənə çox gözəl təsir bağışladı. Demək, peşəkar "KQB" işçisi Heydər Əliyevin də qəlbində Məhəmməd Hadi ulduzu yanırmış. Mən bu sözü eşidəndən sonra təcili evdə Məhəmməd Hadinin xatirə gecəsi üçün ssenari hazırladım və bir aydan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində izdihamlı bir gecə oldu. Düzdür, o gecədə Heydər Əliyev iştirak edə bilmədi. Ancaq Fatma xanım Abdullazadə mənə dedi ki, Prezident göstəriş verib çəkiliş aparılsın, sonra özü baxacaq. Həmin dəvətnamədə ustad şair Məhəmməd Hadinin məşhur şeiri olan "Yox, millətimin xətti bu imzalar içində" şeirinə də bir nəzirə yazıb dəvətnamədə çap elədim. O nəzirədə yazılmışdı:
"Aç gözlərini, ey ustad
Var millətinin xətti bu imzalar içində.
Bayrağımız dalğalanır nur tək, bayraqlar içində,
Tanrı bizə bir xilaskar yetirib Heydər Ata.
O da seçilir cəmi prezidentlər içində".
Mən bir neçə dəvətnamə götürüb Yazıçılar Birliyinə gəldim. Dəvətnamədən birini də şair dostum Qabilə verdim. O şüşəbəndin qabağına gəlib, gözünü qıyıb dəvətnaməni oxudu və məni yanına çağırdı.
- Ramiq, bu Yazıçılar Birliyində səni hamıdan çox kim istəyir?
- Əlbəttə, siz, Qabil müəllim.
- Onda get bu dəvətnaməni təzədən çap elətdir.
- Nə üçün Qabil müəllim?
- Bu nəzirəndən hiss olunur ki, sən Prezidentə yaltaqlanırsan?
- Düz deyirsiz, elə o məqsəd üçün yazmışam, Qabil müəllim, bu peşəkar yaltaqlar nə vaxtadək imkan verməyəcəklər ki, biz həvəskar yaltaqların da yolu açılsın.
Bu sözdən Qabil müəllim güldü və "yaxşı, qoy qalsın" dedi.
Xatirə gecəsi üçün bəstəkar dostlarım Nəriman Məmmədov, Ramiz Mustafayev Məhəmməd Hadinin sözlərinə iki gözəl mahnı da yazdılar.
Qiraət ustaları Əminə Yusifqızı, Ağalar Bayramov, Məleykə Əsədova, Səidə Quliyeva şairin ölməz şeirlərini söylədilər. Sonra Fatma xanım mənə dedi ki, gecənin videosuna Heydər Əliyev şəxsən özü baxıb.
ON ÜÇÜNCÜ GÖRÜŞ
1996-cı il idi. Xalq şairi Qabilin 70 yaşı tamam olurdu. Lakin Anarın xəstəsi olduğundan, o, Moskvada idi. Buna görə Qabil müəllim çox təlaş keçirirdi. Dedim Qabil müəllim, narahat olmayın, mən sizə elə yubiley keçirəcəyəm ki, lap tarixə düşəcək. Oturub ssenari hazırladım. Qabil müəllimin dörd şeirinə bəstəkarlar Nəriman Məmmədovla Emin Sabitoğlu mahnılar bəstələdilər. Gözəl ifaçılar Mələkxanım Əyyubova ilə Gülyanaq Məmmədova ifa etdilər. Yubiley gecəsi Opera və Balet Teatrında keçirildi. Mən Qabil müəllimə yazdığım şeiri oxudum. Həmin şeirdə "Nə yaxşı ki, siyasətdən uzaqsan" misram Prezidentimizin xoşuna gəlməmişdi.
Çünki mənə irad tutub dedi: "şairlər siyasət aləmində həmişə öndə getməlidirlər".
ON DÖRDÜNCÜ GÖRÜŞ
1997-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçılarının növbəti qurultayı keçirilirdi. Prezidentimiz Heydər Əliyev də birinci sırada oturmuşdu. Qurultayın sonunda Yazıçılar Birliyinin sədri Anar dedi ki, son sözü Ramiq Muxtara verirəm, bununla da çıxışlar bağlanır. Mən səhnəyə qalxdım və bu sözlərlə çıxışıma başladım.
- Cənab Prezident, adətən belə gözəl ali məclislərdə hər şair və yazıçı istər ki, öz kitabını Prezidentə bağışlasın. Lakin mən bu gün həyatda olmayan, lakin öz şeir və qoşmalarında sizi vəsf edən ölməz sənətkarımız Aşıq Şəmşirin "Zərli tac kamallı başa yaraşır" kitabını gətirmişəm. İcazə verin, kitabı sizə təqdim edim.
- Heydər Əliyev ayağa qalxdı, mənimlə görüşdü və birlikdə şəkil çəkdirdi. "Zərli tac kamallı başa yaraşır" şeiri Cənab Prezidentimizə ikinci qızıl ulduz, Sosialist Əməyi Qəhrəmanı mükafatı veriləndə 87 yaşlı ustad sənətkarımız Dədə Şəmşir yazmışdı.
Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Sonra mən "Zərli tac kamallı başa yaraşır" kitabının içindəki şeirlərə bəstəkarlar tərəfindən 10-dan artıq mahnı yazdırdım və mahnılar radionun Qızıl Fondundadı. Bu gün də tez-tez səslənir. Bu tədbirdə maraqlı bir hadisə oldu. Tədbirin keçiriləcəyi gün Fatma xanım Abdullazadə ilə görüşdük. Soruşdu ki, gecəyə baxış saat neçədə olacaq? Dedim nə baxış?
- Prezidentə həsr olunmuş mahnıların baxışını deyirəm.
- Fatma xanım, heç bir baxışa ehtiyac yoxdur. Mən səhnədə oturub məclisi aparacağam. Zalda gözümə dəyən və xüsusilə, Cənab Prezidentlə ünsiyyəti olan adamlara söz verəcəyəm. Ara-sıra yeni yazılmış mahnılar səslənəcək.
Elə də oldu. Tədbir o qədər bədii, maraqlı, axarınca keçdi ki, Fatma xanımda şübhə yarandı, tədbirə mütləq baxış, "prosmotr" olub. Lakin mən bu günədək çox saysız-hesabsız tədbirlər, gecələr, yubileylər keçirmişəm. Heç birində "prosmotr" söhbəti olmayıb. Bunu bütün sənət dostlarım bilir.
2001-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində mənim yaradıcılıq gecəm keçirilirdi. Gecədə ancaq ziyalı təbəqənin nümayəndələri iştirak edirdilər. Tamaşaçı axını o qədər idi ki, mərkəzin lojalarında camaat ayaq üstə dayanmışdı. Mən Ulu Öndərimiz Cənab Heydər Əliyevə də dəvətnamə göndərmişdim.
Tədbir başlayana yaxın Fatma xanım Abdullazadə şöbəsinin işçisi ilə direktorun kabinetinə daxil oldu. Böyük bir gül çələngi gətirmişdilər. Fatma xanım Abdullazadənin dedikləri:
- Ramiq müəllim, Prezidentimiz sizi niyə belə çox istəyir?
- Fatma xanım, bunun dərin kökləri var.
- Prezident dünən məni yanına çağırıb dedi:
- Fatma xanım, sabah saat 18.00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Ramiq Muxtarın yaradıcılıq gecəsi keçiriləcəkdir. Xarici güllərdən gözəl bir çələng hazırlayın, mənim adımdan da çıxış et, təqdim elə.
- Oldu Cənab Prezident.
Bu gün səhər-səhər bir də mənə zəng edib dedi:
- Fatma xanım, bu gün hara gedəsisiniz?
- Düzü, mən gecəni nəzərdə tutmadım. Dedim Cənab Prezident, necə bəyəm?
- Bu gün saat 18.00-da harda olmalısınız?
- Ramiq Muxtarın yaradıcılıq gecəsində, Cənab Prezident.
- Gül çələngi hazırlatmaq yadınızdan çıxmayıb ki?
- Xeyr, Cənab Prezident, artıq güllərimiz hazırdı.
Mən də tədbir başlayan kimi Prezidentimizə minnətdarlığımı bildirdim və ilk sözü Fatma xanım Abdullazadəyə verdim.
- Ramiq müəllim, mən hələ bu gecədə hansı maraqlı hadisələrin olacağını bilmirəm. Ancaq bu qədər insan axınının buraya toplaşması sizin yaradıcılığınıza verilən böyük qiymətdir. Mən indiyədək çox tədbirlərdə, böyük sənətkarların yubileylərində olmuşam. Ancaq 12-13 sıradan sonra həmişə seyrəklik görmüşəm. Siz tədbir başlamamış qalibsiniz.
Fatma xanımın getməsi çox uzandı, çünki bir-birindən maraqlı çıxışlar, ifalar onun gedişinə mane oldu.
ON BEŞİNCİ GÖRÜŞ
1999-cu ilin payız fəsli idi. Mən şair dostum Qabilgildən evə gəldim. Axşam saat 23.00-da ev telefonu səsləndi. Danışan Prezidentin köməkçisi idi.
- Ramiq müəllim, Prezident sizi təcili gözləyir.
- Mən ad günündən gəlmişəm, bəlkə sabah gəlim. - dedim.
- Yox, eyb etməz, mütləq gəlin. Mən ağzımı limonlu su ilə yuyub, gəldim Prezident Aparatına. Kabinetə daxil oldum, Prezidentlə görüşüb, ondan 5 metr aralıda oturdum. Prezident gülümsədi:
- Yaxın otur, gecdir, olar.
- Cənab Prezident, nəvəmin ad günündən gəlirəm. Halbuki mən, şair dostum Qabil müəllimgildə yaxşıca yeyib-içmişdik. Yalan danışdığıma görə mən Ulu Öndərin ruhundan üzr istəyirəm.
- Ramiq Muxtar, mən səni həm ciddi, həm də ən şərəfli bir iş üçün çağırmışam. Bir həftədən sonra Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçiriləcək. Əlbəttə, mənim təşəbbüsümlə. Həmin qurultaya birlik mahnısı yazılmalıdır. Sənin mahnı mətnlərindən çox xoşum gəlir. O, Yalçın oxuyur e... "Qara bulud çəkil get, yanar günəş mənimdir" çox gözəldir.
- Cənab Prezident, həmin mahnını bəstəkar Nəriman Məmmədov bəstələyib.
Mahnı Prezidentə nə qədər xoş gəlmişdisə, Lənkərana, Qəbələyə gedəndə xalq artisti Yalçın Rzazadə də onunla gedib həmin mahnını oxuyurdu. Mahnının adı "Müstəqildir Vətənim"dir.
Qoymaram Vətənimi
Bölünməyə bir daha.
Bu yolda şəhid ollam,
Yalvararam Allaha.
Haqq yoludur yolumuz,
Qoy bilsin yaxın-uzaq,
Bizimkidir əzəldən
Ana yurdum Qarabağ.
Elinə, obasına
Heydər Ata dayaqdır.
Açılan sabahlara
O bir nurdur, mayakdır.
Qara bulud, çəkil get,
Yanar günəş mənimdir.
Azərbaycan ürəyim
Müstəqil Vətənimdir.
- Cənab Prezident, mənə qarşı bu etimada görə sizə minnətdarlığımı bildirirəm. Lakin Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri yazsa, daha samballı olar.
- Yox, sənə həvalə edirəm.
- Nə vaxt hazır olar?
- Sabah, Cənab Prezident.
Onda sabah bu vaxtlarda gələrsən.
Mən evə qayıtdım. Həm sevincdən, həm də qorxu xofundan səhərə qədər yatmadım. Şeiri iki variantda yazıb səhərisi gün gecə saat 11-də Prezident Aparatına gəldim.
Əvvəlcə birinci variantı verdim, gördüm oxuduqca razılığını bildirir. Sonra qələmi götürüb nəyinsə üstünə xətt çəkdi və mənə qaytardı.
- Yaxşıdı, xoşum gəldi.
Daha mən ikinci variantı vermədim.
- Nərimana deyin, Prezident deyir çox əzəmətli, gurultulu olsun. "Respublika" qəzetinin redaktoru Teymur müəllimə göstəriş veriləcək, qurultaya bir gün qalmış mahnı notu ilə bərabər qəzetdə çap olunub, gələn qonaqlara paylanacaq.
Mən kabinetdən çıxan kimi tez mətnə baxdım, gördüm Prezident öz adının üstündən xətt çəkib.
Şeirin həmin sətri belədir.
"Dağ oynadan güc varmış
Heydər Ata qollarında".
Mahnı hazır oldu. Mən şeirlə notu hörmətli akademik Teymur Əhmədova təqdim etdim. Teymur müəllim soruşdu ki, niyə "Heydər Ata" sözünün üstündən xətt çəkib. Dedim, Cənab Prezident təvazökarlıq etdi, ancaq mən müəllif kimi xahiş edirəm, olduğu kimi çap olunsun.
Teymur müəllimin mənə xüsusi hörməti var. Dedi:
- Ramiq Muxtar, sonra başımız ağrımaz ki?
- Teymur müəllim, mən həqiqəti yazmışam. Cənab Prezidentin gəlişi bir az da yubansaydı, indi nə müstəqilliyimiz, nə də Azərbaycanımız vardı.
- Əgər söz-söhbət qalxsa, deyəcəyəm şair özü gəlib mətbəədə düzəliş edib.
Qurultay günü qəzet oturacaqlara qoyulmuşdu və gələn qonaqlar özləri ilə qəzetləri yaşadığı ölkələrə apardılar.
Bu əhvalatdan bir az müddət keçirdi. Xatırlaya bilmirəm hansı tədbir idi. Cənab Prezident Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri ilə söhbət edirdilər. Mən kənarda şair dostum Məmməd Aslanla söhbət edirdim. Birdən Prezident məni görcək səsləndi.
- Ramiq Muxtar, yaxın gəl.
Mən gəlib salam verdim.
- Ramiq Muxtar, sən bilmirsən ki, Prezidentin düzəlişinə düzəliş etməzlər.
Mən sakit dayandım. Prezident bir də səsləndi.
Bu vaxt rəhmətlik Qabil işin nə yerdə olmasından xəbəri olmadan Prezidentin qolundan yapışdı:
- Heydər müəllim, Ramiq Muxtar mənim dostumdu, o, gözəl insandır.
- Ay Qabil, mən Ramiq Muxtarın kökünü tanıyıram - dedi.
Qabil müəllim üzünü mənə tutdu:
- Ə, neynəmisən, cavab ver də.
Mən gülüş doğursun deyə dedim:
- Cənab Prezident, bir qələtdir eləmişəm. Bir də belə səhvlərə yol vermərəm.
Hamı mənim bu sözümə gülüşdü.
2002-ci il idi. Mən Meşə İşçiləri Həmkarlar Komitəsinin sədri kimi üç ildir ki, fəaliyyət göstərirdim. Bu vaxt xəbər yayıldı ki, Meşə, Geologiya, Hidrologiya və Ekologiya Həmkarları ləğv edilir. Vahid bir həmkarlar komitəsi yaradılır. Bu həmkarlar komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarını özündə birləşdirir. Bu üç komitə sədrləri belə güman edirdik ki, yəqin üçümüzdən birimiz sədr seçiləcəyik. Lakin biz düşündüyümüz kimi olmadı. Bu həmkarlara rəhbərlik edən Səttar Möhbalıyev həmkarlara dəxlisi olmayan keçmiş Fioletov Klubunun müdirini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmkarlar komitəsinə sədr seçdirdi. Bu göydəndüşmə qonaq hamını təəccübləndirdi.
Geologiya və hidrologiya komitə sədrlərinin ərizəsi alındı. Lakin heç kim mənə ərizəni yaz demədi. Mən də 8 ay öz vəzifəmdə işlədim və rayonların əksər həmkarlar təşkilatı Meşə İşçiləri Həmkarları Komitəsinə üzvlük haqqı göndərirdi. Mən və işçilərim hər ay əmək haqqımızı alırdıq. Heç kim də mənə demirdi ki, Ramiq müəllim, artıq sən yoxsan, bu nazirliyin həmkarlar komitəsinin sədri başqa adam seçilib. Ona görə deyə bilmirdilər ki, məni azad etmək üçün plenum çağırmalı və təşkilati məsələyə baxılmalı idi. Xülasə, bu narahatçılıq düz 2002-ci ilin dekabr ayının 27-dək davam etdi. Nəhayət, özüm dekabr ayının 25-də Yazıçılar Birliyinin üç nömrəli hökumət telefonundan mərhum Prezidentim Heydər Əliyevin köməkçisi Tariyel Ağayevə zəng vurdum və başıma gələn hadisəni danışdım. "Səttar müəllim bəs bilmir ki, sən kimsən?" Dedim Taryel müəllim bu hadisə 8 ay bundan qabaq olub, mənim də səhvim o olub ki, vaxtında Prezidentə müraciət etməmişəm.
Taryel müəllim dedi ki, mən bu gün axşam Prezidentə məlumat verəcəyəm. Sən sabah günorta vaxtı mənə zəng edərsən.
Mən səhərisi günü Tariyel müəllimə zəng vurdum. O dedi ki, Prezident çox əsəbləşdi və bizə niyə vaxtında xəbərdarlıq etməyib dedi. Bu gün saat 18.00-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov səni qəbul edəcək, hər şey yaxşı olacaq.
Mən saat 18.00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gəldim. Nazirliyin bütün işıqları sönmüşdü. Lakin qapıda iki nəfər dayanmışdı. Mən taksidən düşəndə, o iki nəfər mənə yaxınlaşıb dedi:
- Ramiq müəllim, sizsiniz? Dedim:
- Bəli.
- Sizi nazir cənab Bağırov kabinetində gözləyir.
Dedim:
- Bəs işıqlarınız yanmır axı.
- Siz narahat olmayın, kabinetdə şamlardan işıqlıq yarada bilmişik.
Mən ilk dəfə idi ki, cənab nazirlə görüşürdüm. Kabinetə daxil olanda, o məni gülərüzlə qarşıladı və dedi:
- Ramiq müəllim, baxmayaraq ki, şəhərin mərkəzində nazirliyimiz yerləşir, tez-tez işıqlarımız sönür.
Dedim cənab nazir, o sizin nazirliyin şəhərin mərkəzində olmasından asılı deyil. O, mənim yatmış taleyimdi, hara gedirəmsə, işıqlarım bir saat əvvəlcədən sönür. Nazir bu sözümdən gülümsədi.
- Ramiq müəllim, həmkarlar komitələri birləşən vaxt siz gəlib mənimlə görüşsəydiz, çox güman ki, sizi sədr seçərdik. Səttar Mehbalıyevin kadrını mən tanımırdım. O, bu işdə fəallıq göstərdi.
Mən də öz səhvimi cənab nazirə bildirdim. Nazir hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iki şöbə müdiri və bir İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktor yeri boş olduğunu bildirdi.
Mən fikirləşdim ki, bu sahə mənə uyğun olmayan sahədir. Ona görə həyat təcrübəmdən və müxtəlif idarə müdiri komitə sədri işləməyimi nəzərə alıb, institut direktoru təklifini qəbul etdim. Bu institut cəmi bir neçə aydı yaranmışdı. Hələlik, direktor əvəzi müavin gözəl insan, böyük həyat təcrübəsi olan Ramiz Bağırlı idarə edirdi. Beləliklə, 2002-ci ilin dekabr ayının 27-də nazir əmrimi imzaladı. Sonra mən nazirə dedim. Cənab nazir, bura sizin yanınıza gələndə, fikirləşdim ki, nazirlərə elə bir hədiyyə aparım ki, həmişə masasının üstündə olsun. Ona görə də Ulu Öndər Heydər Əliyevin 1937-ci ildə məktəblilərdən ibarət qız və oğlan voleybol komandasının fotosunu nazirə bağışladım. O, bu gözlənilməz hədiyyədən çox məmnun qaldı.
Səhərisi günü Prezidentin köməkçisi Tariyel Ağayevə zəng vurub Prezidentə öz minnətdarlığımı bildirməyi xahiş etdim. Bu institutda mənim işləməyimin ən böyük xoşbəxtliyi o oldu ki, institutun direktor müavini rəhmətlik Ramiz Bağırlıdan böyük həyat dərsi aldım. Onun, Ulu Öndərimizin ən sevimli kadrı kimi idarəetməni, işçilərlə gözəl ünsiyyət yaratmağı, iş prosesində davamiyyətə, maliyyə nöqsanlarına yol verməməyi öyrəndim.
2003-cü ilin dekabr ayında Heydər Əliyevin dəfn olmamışdan bir gün qabaq Səbail rayon milis idarəsinin rəisi Nazim Nağıyev mənə zəng vurdu ki, xalaoğlu gəl Prezident Aparatına, müxtəlif idarə və təşkilatlardan gətirilən gül çələngləri ilə ətrafı bəzəməliyik, rəhbərlik et. Mən bir rejissor kimi seçim etdim və özünəlayiq bəzədik. Sabahısı Heydər Əliyevin dəfn günü o axına qoşulub bəstəkar dostlarım Nəriman Məmmədov və Tofiq Bakıxanovla birlikdə Fəxri Xiyabana yollandıq. Xiyabanın girəcəyində polis rəisi Nazim Nağıyev ayaq üstə qapının girəcəyində dayanmışdı. Nazim Nağıyev məni görcək işarə etdi ki, gəl yanıma. Mən gəldim, dedi tənha darıxıram, sən də burada dayan, arabir söhbətləşək. Mən düz gecə saat 1-dək Nazimin yanında ayaqüstə dayandım. Sonra gördüm səhhətimdə problemlər yaşandı, dedim mən dayana bilmirəm, sürücünə de, məni tez evə aparsın. Sürcü məni evə çatdırdı. Çay belə içmədən məni şirin yuxu apardı. Yatan kimi Ulu Öndər Heydər Əliyev gəldi yuxuma, dedi:
- Mən səndən heç gözləməzdim. Niyə məzarımın üstünə gəlmədin. Mən yuxudan ayılan kimi həyat yoldaşıma dedim: Sən bir fikir ver, Heydər Əliyev mənim 7 saat ayaq üstə dayanmağımı hesaba almayıb, ruhu məni tənbehlədi. Lap tezdən bu yuxunu zəng edib şair dostum Qabil müəllimə dedim. Dedi, gəl bizə birlikdə gedək.
Mən, Qabil müəllim və oğlu Mahir gül dəstəsi alıb xiyabana gəldik və gülləri gətirib məzarın üstünə qoyub ucadan dedim:
- Mənim Prezidentim, Ramiq Muxtar məzarının üstünə gəldi. Bu söhbəti Qabil müəllimin yanında Nazim Nağıyevə dedim. O da təsdiqlədi ki, Ramiq Muxtar yeddi saat ayaq üstə mənim yanımda dayanıb, mən onu gecəyarısı evə göndərmişəm. İndi də Qabil müəllimin oğlu Mahir və qaynı Fikrət bilirlər ki, mən nə vaxt Fəxri Xiyabanın yanından keçəndə, maşından düşüb Ulu Öndərin məzarının yanında dayanıb, ona həsr etdiyim bu şeiri oxuyuram.
Nurlu bir aləmsən günəşə bənzər,
Şöhrətin ağızda, dillərdə gəzər.
Qoşa addımlayır səninlə zəfər
Hünərin yerlərə, göylərə sığmaz,
Övladı sən olan Vətən basılmaz.
Təzədən gül açdı Vətən torpağı,
Yandı ürəklərdə ümid çırağı.
Müqəddəs bir andır dövlət bayrağı,
Bu bayraq altında olağın bir can,
Ucalsın səninlə qoy Azərbaycan.
Çıxdın hər sınaqdan mətin, üzüağ,
Həyat amalındır qurub yaratmaq.
Tarixdə əbədi izin qalacaq,
Güləcək səninlə ilk baharımız,
Sənsən Heydər Ata xilaskarımız.
Bu şeirə bəstəkar dostum Nəriman Məmmədov gözəl musiqi bəstələmiş, xalq artisti Eldar Axundovun ifasında simfonik orkestrin müşayətilə lentə alınmışdı və mahnı Radio və Televiziya Verilişləri Komitəsinin keçirdiyi müsabiqədə mükafata layiq görülmüşdü.
Bu gün də mən Ulu Öndərimizi hər gün xatırlayıram və onunla üzbəüz danışıram.
Vaxtında gəldin dünyaya, lakin vaxtsız getdin bu dünyadan, ölməz xilaskarımız Heydər Ata.
Ramiq MUXTAR,
şair-dramaturq,
Prezident təqaüdçüsü