Serj Sarkisyan "siyasəti" xalqı ölkə hüdudlarından köçməyə məcbur edir
Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi işğalçı ölkə daxilində mövcud olan böhranın son vaxtlar daha da dərinləşməsinə gətirib çıxarıb. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla üz-üzə qalıb. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac verib. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır.
Politoloqların fikrinə görə, yaranmış vəziyyət prezident Serj Sarkisyanın ikinci dəfə oturduğu prezident kürsüsünə əlvida deməklə, ölkənin növbədənkənar prezident seçkilərinə getməsini şərtləşdirə bilər. Qarşıdakı dövr ərzində Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması qaçılmaz sayıldığından, müxalifət bu amildən mümkün qədər öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Mövcud böhranlı vəziyyət Serj Sarkisyanla yanaşı, hakimiyyətdə yer alan oliqarxları da narahat edir və onlar iqtidarın dəyişəcəyi təqdirdə, topladıqları böyük varidatın əllərindən çıxacağından əndişələnirlər. Elə bu səbəbdən də, növbədənkənar seçkilərin keçiriləcəyi halda bəzi oliqarxlar sabiq prezident Robert Koçaryanın yenidən dövlət başçısı postuna qayıtmasında maraqlıdırlar. Maraqlıdır ki, belə bir vaxtda Koçaryan özü də böyük siyasətə qayıda biləcəyini açıqlayıb: "Mən böyük siyasətə qayıtmağımı istisna etmirəm. Mənim qayıtmağımın mümkünlüyü barədə müzakirələrin Rusiyadakı siyasi proseslərlə birbaşa əlaqədə aparılmasını təəccüblə qarşılayıram. Əminəm ki, siyasi proseslər burada, Ermənistanda "yetişməlidir", xaricdən qəti şəkildə layihələşdirilməməlidir".
Lakin elə oliqarx məmurların mövqeyi belədir ki, bundan sonra hakimiyyəti nə Sarkisyana, nə də Koçaryana vermək olmaz.
Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan hakimiyyətdaxili problemləri diqqətdən yayındırmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Ekspertlərin əksəriyyəti belə düşünürlər ki, Sarksiyan "Azərbaycan müharibəyə hazırlaşır" fikrini daxili auditoriyaya istiqamətləndirərək, "biz də gücümüzü bu müharibədə qələbəyə cəmləşdirməliyik" deməklə əsas hədəfdən yayınmağa çalışır.
Ancaq belə bir fakt da var ki, Ermənistan ordusunda qeyri-müharibə şəraitində övladlarını itirmiş "qara geymiş" qadınlar hər cümə axşamı Ermənistan hökumət kabinetinin iclası günü etiraz aksiyası keçirirlər.
Ötən il ölkəni 12 min nəfər tərk edib
Yaranmış dözülməz vəziyyət nəticəsində, işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Belə ki, Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min nəfər tərk edib. Amma qeyri-rəsmi rəqəmlərə görə, bu, deyildiyindən dəfələrlə çoxdur. BMT-nin əhali fondunun (UNFPA) Ermənistan ofisinin rəhbəri Qarik Hayrapetyan açıqlamasında bildirib ki, 1 yanvar 2016-cı il tarixdə Ermənistanda rəsmi qeydiyyatda 2 milyon 988,6 min adam olub ki, bu, 2015-ci ilin 1 yanvar tarixinə olan göstəricidən 12 min nəfər azdır. Amma Ermənistanın müstəqilliyini elan etdiyi 1991-ci ilin göstəricisi ilə qeydiyyatda olan əhalinin sayı 634,7 min nəfər azalıb: "1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb".
Qarik Hayrapetyanın sözlərinə görə, sovet dövrü ilə müqayisədə Ermənistanda doğum göstəricisi də iki dəfə azalıb: "1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb. Doğum əmsalı da həyəcan doğurur - 1,6-ya bərabərdir, yəni cütlük, hətta özünə varis qoya bilmir".
Qarik Hayrapetyan həm də bildirib ki, müstəqillik illəri ilə müqayisədə Ermənistan qocalan millətə çevrilib: "Yaşı 63-dən yüksək olan sakinlərin sayı Ermənistan əhalisinin 12,6%-ni təşkil edir. "Qocalmış millət" anlayışını təyin edən yuxarı hədd 13%-dir".
Onun sözlərinə görə, 2050-ci ildə Ermənistanda yaşı 65-dən yüksək olanlar əhalinin 25-27%-ni təşkil edəcək. Bu isə bu ölkə üçün sosial təminat sahəsində ciddi problemlər yaradacaq.
"Armenia today" yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilməkdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirib. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi və iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradıb.
Ruben Yeqanyan: "Nə qədər ki, ölkəyə savadsızlar rəhbərlik edir, demoqrafik vəziyyətin yaxşılaşması uzunmüddətli olacaq"
Ermənistanlı demoqraf Ruben Yeqanyan bu vəziyyətin uzun çəkəcəyini bildirib: "Problem tək sosial vəziyyətlə bağlı deyil. Ağır 90-cı illərdə Ermənistanda doğulmuş az sayda insan hazırda reproduktiv yaşdadır. Daha yuxarı yaşda olan insanların da nikaha girməsinə baxmayaraq, onların reproduktiv mərhələsi keçdiyindən valideyn ola bilmirlər, nəticədə, əhali artımı baş vermir. Ən böyük problem isə miqrasiya məsələsidir. Hələ ki, miqrasiya sahəsində müsbət irəliləyiş yoxdur. Ölkədən çıxan və gələn şəxslərin illik mənfi saldosu 40 min nəfər təşkil edir ki, bu da Ermənistan əhalisinin 1-1,5 faizi qədərdir".
Ekspert bildirib ki, nə qədər ki, ölkəyə savadsızlar rəhbərlik edir demoqrafik vəziyyətin yaxşılaşması uzunmüddətli olacaq.
Göründüyü kimi, bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi artıq S.Sarkisyan iqtidarına əlvida deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüquqlarını, nəyin bahasına olursa-olsun, bərpa edəcəklərinə ümid edir.
A.SƏMƏDOVA