Ulu Öndər Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi diqqətdə saxlayırdı
Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ümummilli Lider Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına diqqət göstərmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti əhəmiyyəti və miqyası etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutur.
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan gerilikdən, tənəzzüldən xilas oldu. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq, Azərbaycanda böyük canlanma müşahidə olunmağa başladı. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən sosial sahələrin, o cümlədən, səhiyyənin də inkişaf dövrü başladı. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyirdi: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi Onun Azərbaycan səhiyyəsinə olan nəzarətini daha da artırdı. Həmin dövrlə bağlı Heydər Əliyev belə deyirdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".
Xalqımızın müstəqillik illərində insan amalına diqqət, xüsusilə artmağa başladı. İnsanların sağlamlığına, rifahının yüksəlməsinə diqqət artdı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra Onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.
1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar ("Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdi xəstəliyin (AİDS) qarşısının alınması haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" və s.) qəbul edildi. Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı.
Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. Bu cür əlaqələr inkişaf etmiş ölkələrlə inteqrasiyaya imkan yaratdı. Elə buna görə də ayrı-ayrı qurum və təşkilatlarla beynəlxalq əlaqələrə diqqət verilir. 1994-cü ildən başlayaraq Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradıldı. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurdu. Xarici əlaqələr şöbəsinin qarşısında, yuxarıda adları çəkilən təşkilatlarla, ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin başlıca iqtisadi- sosial və digər xarakterli problemləri sırasında milli səhiyyənin də öncül məsələlərini həll etməli idi. Bu məsələlər Azərbaycan Respublikası hökuməti və ÜST Avropa Bürosu kooperasiyasının fəaliyyətini qaydaya salan sənədlərdə əksini tapdı.
Müasir dövrümüzdə Heydər Əliyev ənənələri yaşayır və səhiyyədə görülən işlər, əldə olunan uğurlar Ümummilli Liderin məqsədyönlü siyasətinin nəticəsidir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Prezident Cənab İlham Əliyevin diqqət mərkəzindədir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalini sağlamlığını təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, son illərdə ölkə büdcəsindən səhiyyə ayrılan xərclər 11 dəfədən çox artıb. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik" - deyən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir.
Son illər səhiyyənin ən zəruri sahələri ilə bağlı qəbul olunmuş və icra edilən dövlət proqramları vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətcə yaxşılaşdırılmasına imkan vermişdir. Qeyd edək ki, müasir dövrümüzdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin böyük bir qismi dövlət proqramlarının icrasına yönəldilir ki, bundan da həyatları dərmandan və tibbi yardımdan asılı olanlar daha çox istifadə edir. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Müasir dövrümüzdə həmin proqramların icrası nəticəsində, ölkədə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan "Talassemiya" mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən və təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Biz artıq Azərbaycan standartlarından da danışa bilərik" - deyəndə Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."
Mövcud inkişaf və tərəqqi nəticəsində bu gün ölkəmizdə ən ağır orqan transplantasiya əməliyyatları uğurla icra olunur ki, bu da xaricə üz tutmaq istəyən vətəndaşlarımıza böyük köməkdir. Hazırda xroniki böyrək çatışmamazlığından əziyyət çəkən insanların 95 faizinin hemodializlə bağlı bütün xərcləri dövlət tərəfindən ödənilir. "Xroniki böyrək çatışmazlığı üzrə Dövlət Proqramı" çərçivəsində ölkəmizdə yaradılmış 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə davamlı müalicə alır. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır, məhz buna görə xəstələrin sayı artır. Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda ölkədə qaraciyər, sümük iliyi və s. orqan transplantasiyası əməliyyatları da aparılır. Məlumdur ki, 2015-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə dərmanların əsassız qiymət artımının qarşısının alınması üçün mühüm tədbirlər görüldü. Dərmanların satış qiymətlərinin aşağı salınması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərdəndir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə dərman preparatlarının istehsalı üçün də hazırda ciddi proqram hazırlandığını bildirib: "İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik". Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Dövlət başçısının sözlərinə görə, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il isə dərman fabriklərinin tikintisinə başlanılması nəzərdə tutulub.
Əhalinin sağlamlığına artan diqqətin bir nümunəsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hər bir Azərbaycan vətəndaşının ildə bir dəfə müayinədən keçirməsidir. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir. Bu, onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar.
Bu baxımdan reallıqlara söykənib, qətiyyətlə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin inkişafı bu gün ən yüksək səviyyədədir və ölkəmizdə keyfiyyətli və səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur.
Nəzakət ƏLƏDDİNQIZI