PDF Oxu

Siyasət

  • 33

Peyğəmbər süfrəsində yerin mübarək, ŞƏHİDİM!

Peyğəmbər süfrəsində yerin mübarək, ŞƏHİDİM!

Kefini açmaq üçün xırda bir əhvalatla başlayım. Sonra istəməyərəkdən qanınız qarala da bilər. Bir gün 12 yaşlı məktəbli Şaxta babaya məktub yazır: "Əziz Şaxta baba! Bu qış günündə mənə yun corab, papaq, qalın palto, dəri ayaqqabı, isti əlcək göndər. Gözləyirəm...". Məktəbli dərhal poçta gedib, məktubu qutuya atır. Poçt işçiləri məktubu açıb oxuyurlar və kövrəlirlər. Qərara alırlar ki, məktəbliyə istədiklərinin hamısını alıb Şaxta babanın adından göndərsinlər. Belə də edirlər. Ancaq əlcək almağa pulları çatmır. Beləliklə, "pasılka" hazırlandıqdan sonra uşağa göndərirlər. Uşaq Şaxta babanın hədiyyələrindən xeyli sevinir və dərhal ona yeni bir məktub yazır: "Ay Şaxta baba! Hədiyyələrini aldım, çox sağ ol. Amma xahiş edirəm, bir də poçtla mənə hədiyyə göndərmə! İfritə poçt işçiləri əlçəklərimi oğurlayıblar...". İnsanda ağıldan da, elmdən də üstün gərək bəxt ola. Adam var ki, salam verəndən sonra barmaqlarını saymalı olursan. Bəlkə də birini qoparıb. Adam var ki, onun üçün ilan kimi qabıq verirsən, amma sonda sənin əyninə kəfən biçir. Hünərin varsa, evə şokoladsız, kukuruz almamış get. Nə isə, bütün bunları bir təhər anlamaq olar. Amma Türkiyədə evlilik proqramına qatılan 65 yaşlı azərbaycanlı qadının nə istədiyini heç cür anlaya bilmirəm. Anasının hərəkətinə bəraət verən qızı deyir: "Anam evlilik verilişinə atamı qısqandırmaq üçün çıxmışdı...". Allah bilir bu arvad 65 yaşına kimi ərini qısqandırmaq üçün hansı oyunlardan çıxıb. Kəsəsi, bir tərəfimiz günahla, xəcalətlə, arsızlıqla, oğurluqla doludur. Bu bizim olduğumuz tərəfdir!

Amma sən bizim olduğumuz tərəfdə deyilsən, Raquf Orucov! Doğum günün mübarək! Sən səngərdə yatarkən, yuxusuz gecələr keçirərkən, biz efirlərdə soyunduq. Sən erməni gülləsinin qarşısını aldın, bəziləri erməni stilistlərinə pul yedirtdi. Stilist "xanımı" deyir ki, son nəfəsimə qədər erməniylə olacam... Şəhidim, bağışla bizi! Sən səngərdə quru çörək yedin, biz mərtəbəli tortlar kəsdik. Bir nəfər düşünürmü ki, mən burda kef edirəm, amma səngərdə sanki mismar üstündə dayanan oğullarımız var!? Və nəhəyət, Rauf Orucov, sən ŞƏHİD oldun. Peyğəmbər süfrəsində yerin mübarək! Amma bəziləri yenə də soyunur, tort kəsir, kəfən biçir. Yeri gəlsə, bank aylıq 120 manat borcu olan şəhid qadınına zəng vurub, təhdid də edir. Şəhid qadının göz yaşlarına əl də çalırıq. Bağışla bizi!

Samir

P.S. Şirkətlərdən biri iş elanı verib. Elanda yazılır: "İngilis, rus dillərini mükəmməl bilən, minimum 10 illik beynəlxalq iş təcrübəsi olan, 20-25 yaşlı şəxslər işə dəvət olunur. Əmək haqqı 1000 manat...". Əhsən sizə! Bir adam çıxıb demir ki, 20-25 yaşlı adamın 10 illik beynəlxalq təcrübəsi necə ola bilər? Ya bunların başına at təpib, ya da camaatı lağa qoyurlar. İngilis, fransız variantlarına keçmişik. Deyirəm də, biz ingilis dilini yaxşı bilməsək də, İNGİLİSİN DİLİni yaxşı bilirik.

Digər xəbərlər