ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə AXCP-nin qeyri-rəsmi şöbəsini hədəfə alıb
Yay mövsümü olmasına baxmayaraq, bəzi ənənəvi müxalifət partiyaları fəaliyyətsizliklərini gizlətməkdən ötrü qarşılıqlı ittihamlar və ziddiyyətli məqamları ilə gündəmdə qalmaqda davam edirlər. Belə partiyalardan olan AXCP və Müsavat öncüllük təşkil etsə də, digər müxalif siyasi qurumlar da ara-sıra sosial şəbəkələrdə, mediada görünməklə, müəyyən mövzular ətrafında görüntü yaratmaqla məşğuldurlar.
Digər müxalifətçi qurumlar Əli Kərimli-Cəmil Həsənli cütlüyünün düşərgənin aparıcı qüvvəsi olmadıqları qənaətindədirlər
Xüsusilə, AXCP-nin qeyri-rəsmi şöbəsi kimi tanınan, əslində, Ə.Kərimlinin ehtiyat qurum kimi istifadə etdiyi "Milli Şura" ətrafında söz-söhbətlər səngimir. Məsələ ondadır ki, bir neçə ay öncə Cəmil Həsənlinin "Milli Şura"ya yenidən sədr seçilməsinin ardınca, orada təmsil olunmayan müxalifət partiyaları açıq şəkildə adıçəkilən qurumun bu günə qədər qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilmədiyini, C.Həsənlinin isə yenidən sədr seçilməsini anlamadıqlarını hazırkı məqamda da dilə gətirirlər. Daha dəqiq desək, əsas məqsəd budur ki, "Milli Şura"nı və AXCP-ni, o cümlədən, Ə.Kərimli-C.Həsənli cütlüyünü hədəfə alan digər müxalifətçilər onların heç də müxalifətin aparıcı qüvvəsi olmadıqlarını sübuta yetirmələridir.
ADP sədri: "Cəmil Həsənli aktuallığını itirib, keyfiyyətsiz siyasətçidir və siyasiləşmiş ziyalının siyasətdə rolu təlxəklikdən ibarətdir"
Bu arada Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlu bildirib ki, əslində, hələ 2013-cü il prezident seçkiləri ərəfəsində C.Həsənlinin "Milli Şura"nın rəhbərliyinə gətirilməsi, siyasətdə önə çəkilməsi bəzi siyasi güclərin avantürası idi. Partiya sədrinin sözlərinə görə C.Həsənli, ümumiyyətlə, uğursuz siyasətçi kimi tarixə düşüb. Bu baxımdan, o, "Milli Şura"dan və siyasətdən getməlidir. Partiya sədri qeyd edib ki, C.Həsənli normal alim olsa da, pis siyasətçidir. SİTAT: "O, siyasi cəhətdən çox naşı bir adamdır. Bu baxımdan, C.Həsənli keyfiyyətsiz siyasətçidir. Hesab edirəm ki, o, "Milli Şura"dan getməlidir. Çünki C.Həsənli artıq öz aktuallığını itirib. O, seçkilərdən dərhal sonra istefa verməli idi. Cəmil bəy bilməlidir ki, siyasət onluq iş deyil".
ADP sədrinin fikrincə, C.Həsənli özünü "ziyalı" kimi təqdim edir, amma kənardan onun bu hərəkətləri təlxəklik təsiri bağışlayır: "Siyasiləşməmiş ziyalının siyasətdə rolu təlxəklikdən ibarətidr. Yəni bu gün C.Həsənli təlxəkliklə məşğuldur. Çünki o, nə dediyini, nə etdiyini bilmir. Ona görə də atdığı addımlar bir çox hallarda siyasi maraqlara tamamilə zidd olur. Ona görə də gülünc vəziyyətindədir. Yaxşı olar ki, o, siyasətdən çəkilsin və öz işi ilə məşğul olsun".
O, həm də Əli Kərimlinin nökəridir...
Yeri gəlmişkən, əslində, ADP sədrinin fikirlərində həqiqət kifayət qədərdir. İstər 2013-cü ilin seçkiləri ərəfəsində, istərsə də hazırkı dövrdə, məhz AXCP sədri Ə.Kərimlinin nəzarət etdiyi "Azadlıq" qəzetində, o cümlədən, ayrı-ayrı imzalarla işlətdiyi sosial şəbəkədəki saxta profillərdə C.Həsənlinin guya hakimiyyət tərəfindən "təxribata" uğradığını, hətta həyatının belə,"təhlükədə" olmasını, "sui-qəsd" hazırlandığını özünəməxsus şəkildə ictimailəşdirir. Amma bu cür addımlar, əslində, normal düşüncəli ictimai rəydə onlara qarşı istehzalı vəziyyət yaradır. Məhz S.Cəlaloğlu da bu kimi amilləri önə çəkərək, əslində, doğru nəticəyə gəldiyini sübuta yetirmiş olur. Yəni C.Həsənli "Milli Şura"nın sədri adı altında Ə.Kərimlinin siyasi ambisiyalarının reallaşdırılması istiqamətində ona nökərçilik və üstəlik, təlxəklik edir. Hər halda, faktlar göz qabağındadır.
Rövşən RƏSULOV