Ölkəmizdə milli adət-ənənələrin təbliği və folklor turizminin inkişaf etdirilməsi məqsədilə 7 ölkənin nümayəndələrindən ibarət Ağsu rayonunun Gəgəli kəndində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı təşkil edilib. Üç gün davam edən tədbirdə milli folklor qruplarının, kənd mətbəxi və müxtəlif ölkələrin adət-ənənələri çıxışları nümayiş etdirilib.
Bununla yanaşı, ölkəmizdə yeni turizm marşrutlarının yaradılması və qeyri-ənənəvi turizm növlərinin dəstəklənməsi məqsədilə daxili və gəlmə turizm üzrə ixtisaslaşmış turizm şirkətlərin nümayəndələri üçün Şamaxı rayonuna və Şamaxı Astrofizika Rəsədxanasına infotur keçirilib. İnfotur çərçivəsində iştirakçılar rəsədxanada astro-turizmin təşkili ilə bağlı açıq kosmos gecələrinin nümayişi, astronomiya muzeyi, teleskoplarda kosmik obyektlərə müşahidələrin aparılması, həmçinin rəsədxananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanış olublar.
2016-cı ilin mart ayından başlayaraq, turistlərə əlavə mədəni xidmətlərin göstərilməsi məqsədilə qoruq ərazisində yeni ekskursiya və interaktiv turların təşkilinə start verilib. Bu yeniliklərin yerli turizm şirkətlərinə, bələdçilərə və KİV nümayəndələrinə təqdim edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə infotur keçirilib.
Dövlətin daxili siyasətinin əsas istiqamətlərindən biri olan sosial siyasətin dəstəklənməsi, aztəminatlı və əlillərin asudə vaxtlarının səmərəli keçirilməsi, sosial turizmin inkişaf etdirilməsi məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri üçün "Şahdağ" Turizm Mərkəzinə infotur təşkil edilib.
Bu cür tədbirlərin il ərzində davam etdirilməsi və daxili turizmin dəstəklənməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
ZÜMRÜD