PDF Oxu

Siyasət

  • 26

İsa Qəmbərdən qalan Müsavat Arif Hacılıya lazım deyil...

İsa Qəmbərdən qalan Müsavat Arif Hacılıya lazım deyil...

Müsavat partiyasında gərginliyin davam etdiyi ərəfədə partiyanın rəhbərliyi baş verənlərə, sadəcə etinasız nəzərlərlə baxır. Hətta belə bir halda A.Hacılının bu məsələdə səssiz qalması özü-özlüyündə suallar doğurur ki, bəlkə bu adama elə bu cür sərf edir? Qurultaydakı saxta seçkilərdən tutmuş cərəyan edən istefalar isə təşkilatın iç üzünü çılpaqlığı ilə ölkə ictimaiyyətinə göstərdi. Bu baxımdan, istər Arif Hacılının, istərsə də onun saxta yollarla özünə seçdirdiyi müavinlərinin, məclis üzvlərinin Müsavatı "güclü partiya" kimi təqdim etmələri gülünc təsir bağışlayır. Fakt budur ki, baş verən hadisələr partiyanın parçalanmaq ərəfəsində olmasından xəbər verir.

Yeri gəlmişkən, partiyanın sabiq başqanlığa namizədi Tural Abbaslı da o zamanlar demişdi ki, istefalar emosional addımdır. Yəni bunun qarşısı alınmalıdır və əks halda, sunami dalğası kimi gələ bilər. Çünki istefa verən şəxsi nümunə yaradır və bu da təhlükəli tendensiyaya çevrilir. Partiyadan narazı olan üzvlər də ondan nümunə götürüb, oxşar addımı atırlar. Əslində, belə də oldu. Hətta istefa tərəfdarı olmayan narazı Tural Abbaslı da bu addıma getdi və hazırda özünə yeni müxalifət partiyası yaratmaqla məşğuldur. Müsavatda elə bir sunami baş verib ki, gələn növbəti dalğa oranı yerlə-yeksan edəcək. Sadəcə, prosesləri izləmək və bunun şahidi olmağa yetər.

Bax, bu yerdə sabiq müsavatçı - partiyasının Nəsimi rayon təşkilatının keçmiş sədr müavini Rauf Məmmədli də A.Hacılının sözügedən məsələdə dirijorluq etdiyini danmayıb. Onun sözlərinə görə, həmin qrup A.Hacılının əmrlərini yerinə yetirmək üçün yaradılıb. Hətta bir müddət öncə o da demişdi ki, Hacılının təşəbbüsü ilə yaradılan Müsavat üzvlərindən ibarət bir qrup var və bu qrupun üç idarəçisi var. Bu idarəçilərdən biri başqanın əmrlərini icra edən və onun təşəbbüsü əsasında eyniadlı qrupa idarəçi kimi təyin olunmuş bir şəxsdir - Gülağa Aslanlı. Xatırlatmaq olar ki, Aslanlı, məhz Hacılının Müsavatdakı köhnə yerini tutur...

Digər sabiq müsavatçılar da, əslində partiyanın uzağı bir neçə aya qədər siyasi arenadan silinəcəyini, bütün günahların, məsuliyyətin isə A.Hacılıda, onun qruplaşmasında olduğunu iddia edirlər. Qubad İbadoğlu və tərəfdarı Adil Qeybulla da deyir ki, ciddi addımlar atılmasa, partiyadan xeyli qopmalar gözlənilir və bu prosesdə iştirak etmək istəməyənlər partiyada fəallığın sıfıra enməsinə səbəb olacaq.

Sözün qısası, özünü Müsavatın başqanı kimi sırıyan A.Hacılının rəhbərlik etdiyi təşkilatı parçaladığını görürük. Qarşı tərəflər isə onu partiyanın maraqlarına xəyanət etdiyini deyirlər. Hər halda, bütün bunlar sübut edir ki, Müsavatı hakimiyyət deyil, məhz onun rəhbərliyi, ələlxüsus da, A.Hacılı parçalayır. Yəqin, özünə təzə müsavatvari partiya yaratmaq keçir könlündən. Çünki İ.Qəmbərdən qalan Müsavat artıq ona lazım deyil...

RƏFİQƏ

Digər xəbərlər