Səxavət Əlisoy: "Patronunuzun - sədrinizin kimliyi barədə düşünün..."
Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin sabiq müşaviri, hazırda Qubad İbadoğlunun rəhbərlik etdiyi "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın funksioneri Səxavət Əlisoy keçmiş siyasi əqidədaşlarını ən sərt şəkildə ittiham edib. S.Əlisoy burada başda A.Hacılı olmaqla, rəhbər strukturlarında olan hər bir müsavatçını, necə deyərlər, ağ yuyub, qara sərib. Daha dəqiq desək, "ADR" funksioneri, əslində, daşı kimlərin bostanına atdığını gizlətməyib.
Hər halda susmağın da razılıq əlaməti olduğunu da müsavatçılar yaxşı bilirlər...
İttihamlarını beş hissəyə bölərək, konsepsiya halına salan S.Əlisoy sosial şəbəkə vasitəsilə irəli sürdüyü fikirlərini tövsiyə xarakterli olduğunu da qeyd edib. Lakin açıq şəkildə ələ salmaq və istehza şəklində. Əlisoy müxalifətdə "vicdan məhbusu" statusuna kimlər tərəfindənsə layiq görülənlərə bir neçə xatırlatması olduğunu bildirib: "Birincisi, özünüzü "Sovet İttifaqı Qəhrəmanı" kimi aparmayın. İkincisi, bu xalq üçün əxlaqın prioritet olduğunu nəzərə alın. Üçüncüsü, mənsub olduğunuz partiyada patronunuzun - sədrinizin kimliyi barədə düşünün. Dördüncüsü, intiqam hissindən öncə dövlətçiliyi düşünməyi bacarın. Beşincisi, elə bilməyin ki, mənəviyyatdan uzaq olmaqla və qərəzçi etnikliçiliklə ikinci dəfə "Sovet İttifaqı Qəhrəmanı" tituluna layiq görülmək olar. Əslində, olar, bir şərtlə ki, Bakı ikinci dəfə rəsmən işğal olunsun. Əminliklə yazıram, arzunuz gözünüzdə qalacaq".
Göründüyü kimi, "ADR" rəsmisi başda A.Hacılı olmaqla, onun ətrafında cəmləşən və partiyanı saxta yollarla mənimsəyən tərəfləri dövlətçiliyə xəyanət etməkdə, əxlaqsızlıqda eləcə də saxtakar qəhrəmanlıqda suçlayıb. Maraqlısı isə budur ki, Müsavat rəsmiləri keçmiş əqidədaşlarına cavab vermək istəmirlər və bu da onun göstəricisidir ki, S.Əlisoy öz ittihamlarında haqlıdır. Hər halda, susmağın razılıq əlaməti olduğunu müsavatçılar yaxşı bilirlər...
Rövşən RƏSULOV