Dünən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47-ci ildönümü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir Yeni Suraxanı qəsəbəsində "14 İyul" küçəsində Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü təcəssüm etdirən Xatirə Kompleksinə baxış keçirməklə başlayıb. Sonra tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Tədbir Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Dövlət Himninin səsləndirilməsi ilə davam edib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır.
O, qeyd edib ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyərək, vədini real işlərlə bütün dünyaya göstərdi.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında qeyd edib ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev belə Şəxsiyyət olduğundan, xalqımız üçün bənzərsiz və unudulmazdır: "Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib".
Suraxanı rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, YAP Suraxanı rayon gənclər birliyinin üzvləri Arzu Həsənzadə, Arzu Məmmədli və başqaları çıxış edərək, 14 iyul 1969-cu il tarixdə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdığını qeyd ediblər. Bildirilib ki, bu siyasət bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və çox düşünülmüş, məqsədyönlü gənclər siyasəti uğurla aparılır.
Sonda Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmi nümayiş etdirilib.
Zümrüd BAYRAMOVA